Məhkəmə qərarları › İş №e-2(055)-1955/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1955/2025

17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1955/2025 17.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 tərəfindən ona vurulmuş maddi zərərə görə 700 manat və Cavabdeh1 tərəfindən ona vurulmuş maddi zərərə görə 20.000 manat olmaqla, ümumillikdə 20.700 manat, mənəvi zərərə görə isə Cavabdeh1 tərəfindən 2.000 manat və Cavabdeh2 tərəfindən 8.000 manat olmaqla, ümumillikdə 10.000 manat məbləğində pul vəsaitinin onlardan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 1(011)-97/2025 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Cavabdeh2, Cavabdeh1 təqsirli hərəkətləri ilə ona xeylimiqdarda maddi və mənəvi zərər vurmuşlar. Belə ki, 2024-cü ilin mart ayında sosial şəbəkənin “TikTok” proqramından ev axtararkən özünü Elnur kimi təqdim edən şəxs ev fotoşəkillərini paylaşmışdır. O, həmin səhifədəki nömrəyə zəng vuraraq Cavabdeh2 (***-***-**-**) ilə danışaraq Sabunçu rayonu, Zabrat qəsəbəsində 1 və ya 1.5 sot torpaq sahəsində 3 otaqlı evlə maraqlanmış, Elnur isə Zabrat 1 qəsəbəsində avtobusların sonuncu dayanacağında, Badamlıq deyilən ərazidə 1.5 sot torpaq içərisində 3 otaqlı 90 kvadratlıq ev tikməklə ona 50.000 manata sata biləcəklərini bildirmişdir. Cavabdeh2 telefon danışığı zamanı hazırda həmin ərazidəki torpağın Elçin adlı şəxsə məxsus olduğunu bildirmiş, o, bu məsələ ilə maraqlandıqda həqiqətən də qeyd olunan ərazidəki torpaq sahələrinin Elçin adlı şəxsə məxsus olmasını öyrənmişdir. Bu məlumatın həqiqətə uyğun olması və həmin şəxslərin özlərini etibarlı təqdim etmələri onda inam yaratdığı üçün evi onların təklif etdiyi ofis vasitəsilə almağa qərar vermişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Elnurun dediyi yerdə, yəni ünvan 1 ünvanda, metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Mado” kafesinin qarşısında görüşmüşlər. Görüşə atası X1 ilə birgə getmişdir. Görüşə Elnur deyil, X8 təkcə gəlmişdir. Ceyhun ev barəsində onlarla heç bir söhbət aparmadan birbaşa olaraq onları ünvan 3 ünvanda yerləşən yeni tikili binanın 2-cimərtəbəsindəki ofisə gətirmişlər. Ofisdə Cavabdeh1 və X3 onları qarşılamışlar. Ofisdə söhbət zamanı Cavabdeh1 Sabunçu rayonu, Zabrat 1 qəsəbəsindən, avtobusların son dayanacağındakı ərazidən, Badamlıq deyilən yerdən ona 1.5 sotun içərisində 3 otaqlı, kürsülü, 90 kvadratlıq ev tikib 50.000 manata verə biləcəyini bildirmişdir. Raufun dediklərini isə ofisdə olan Fətahov Ceyhun və Quliyev Atabəy təsdiqləmişlər. Daha sonra söhbət zamanı Cavabdeh1 1.5 sot torpaq sahəsində 3 otaqlı evin tikintisinə 2024-cü ilin may ayında başlayacaqlarını, maksimum 2024-cü ilin avqust ayının sonunda evi ona təhvil verəcəklərini vəd etmişdir. Daha sonra o, Cavabdeh1 hazırda cəmi 20.000 manat pulu olduğunu bildirnişdir. Cavabdeh1 isə 20.000 manat məbləğində ilkin ödəniş etməli olduğunu, qalan 30.000 manatı isə evi hazır vəziyyətdə təhvil aldıqdan sonra 60 ay arzində hər ay 500 manat olmaqla onun “Accessbank”dakı hesabına ödəməli olduğunu bildirmişdir. Eləcə də, ofisdə söhbət zamanı Cavabdeh1 özünün “Füzuli” futbol klubunun prezidenti olduğunu, zəngin və tanınmış şəxs olduğunu, hətta Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini də verdiyini, televizorda daima çıxış edən şəxs olduğunu bildirmişdir. O, Cavabdeh1 bütün bu vədlərinə aldanıb, onların onu heç vaxt aldatmayacağını düşünərək, ona təqdim ediləcək torpaq sahəsinə baxmadan və sxemini görmədən Cavabdeh1la xx.xx.2024-cü il tarixli müqavilə bağlamışdır. X12, Quliyev Atabəy və atasının iştirakı ilə Cavabdeh1 üzərində olan 17.500 manat pulu təqdim etmiş və 2500 manatı da gün ərzində ödəyəcəyini bildirmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixində Cavabdeh1 zəng vuraraq 2500 manatı ödəmək istədiyini bildirmiş, o isə ona Fəttahov Ceyhunun mobil nömrəsini verərək Ceyhunla əlaqə saxlayıb, pulu Ceyhunun kart hesabına köçürməyini bildirmişdir. Həmin gün o, Fəttahov Ceyhunla əlaqə saxlayıb, ünvan 4 ünvanda “Məhəllə Market” mağazasının içərisində yerləşən “Mpay” ödəmə terminalı vasitəsi ilə Fəttahov Ceyhunun “Leo bank”a aid **** **** 6830 9909 nömrəli kart hesabına 2500 manat köçürmüşdür. Bununla da evə görə Raufa və Ceyhuna ümumilikdə 20.000 manat pul vermişdir. Həmçinin, 2024-cü il sentyabr ayında Cavabdeh2 Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən yarımtikilinin ona veriləcəyini, bunun üçün müəyyən sənədlərin hazırlanmalı olduğunu və 700 manat pulun lazım olduğunu bildirmişdir. O, isə Zabrat 1 qəsəbəsi, Kərpic Zavod küçəsi 26 ünvanda “Məhəllə Market” mağazasının içərisində yerləşən “Mpay” ödəmə terminalı vasitəsi ilə Cavabdeh2 kart hesabına 08 sentyabr 2024cü il tarixində 500 manat, 09 sentyabr 2024-cü il tarixində isə 200 manat, ümumilikdə 700 manat pul köçürmüşdür. Həmin tarixdən etibarən mütəmadi olaraq Cavabdeh1, Fəttahov Ceyhun və Cavabdeh2 zəng vursa da, onlar hər dəfəsində evin tikintisinə başlanılacağı barədə müxtəlif bəhanələr gətirmişlər. Daha sonra Fəttahov Ceyhun və Cavabdeh2 işi görənin Cavabdeh1 olduğunu, pulu Raufun götürdüyünü, Raufla əlaqə saxlamalı olduğunu bildirmişlər. Bundan sonra Cavabdeh1la əlaqə saxlasa da, o, başının xəstə olan anasına qarışdığını, bu səbəbdən tikintiyə başlamadığını bildirmişdir. Sonradan isə Cavabdeh1 ümumiyyətlə zənglərinə cavab verməmişdir. Bakı şəhəri, Yasamal rayonundan yerləşən müvafiq ofisə gedərkən ofisin bağlandığını gördükdən sonra yuxarıda qeyd olunan şəxslərin onu aldatdığına əmin olmuşdur. Onun tərəfindən təqsirləndirilən şəxslərə ödənilmiş və mənimsənilmiş vəsait: · xx.xx.2024-cü il tarixində - 17.500 (on yeddimin beş yüz) manat Cavabdeh1 (nağd); · xx.xx.2024-cü il tarixində - 2.500 (ikimin beş yüz) manat Cavabdeh1 (Fəttahov Ceyhun vasitəsilə); · xx.xx.2024-cü il tarixində - 500 (beş yüz) manat Elnur Əzimova (kart hesabına); · xx.xx.2024-cü il tarixində - 200 (iki yüz) manat Elnur Əzimova (kart hesabına). Beləliklə, ona vurulmuş maddi zərərin məbləği 20.700 (iyirmi min yeddi yüz) manat təşkil edir. xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim etdiyim ərizəyə əsasən bildirir ki, X8 tərəfindən ona dəymiş zərər tam həcmdə ödənildiyindən X4 münasibətdə hər hansı şikayəti və ya mülki iddia tələbləri yoxdur. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-1597/2025 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə İddiaçı etibarından suiistifadə edərək "xxxx" MMC-nin iş icraçısı olmaqla öz qulluq mövqeyindən istifadə edib işlədiyicəmiyyətin direktoru Cavabdeh1 ilə X2 İddiaçı aldadaraq güya Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində Badamlıq adlanan ərazidə X9 məxsus satmış olduqları torpaq sahəsinin əvəzində Cavabdeh1 və Ceyhun Fəttahova bildirmədən öz təşəbbüsü ilə Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi Ruslan Göyüşov küçəsində X10 məxsus yarım tikilini güya İddiaçı verilməsi üçün sənədlərin hazırlanmasına görə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə sonuncu tərəfindən 08 sentyabr 2024-cü il tarixdə saat 14:07-də ünvan 4 ünvanda “Məhəllə Market”-də “Mpay” ödəmə terminalı vasitəsi ilə onun təqdim etdiyi 523915------0709 nömrəli “Albalı” kart hesabına 500 manat, 09 sentyabr 2024-cü il tarixdə saat 15:44-də həmin ünvanda həmin kart hesabına köçürülmüş 200 manat, cəmi 700 manat pul vəsaitini vahid qəsdlə alıb ələ keçirməklə zərərçəmiş şəxs İddiaçı Heydər qulu qızına ümumilikdə 700 (yeddiyüz) manat miqdarda maddiziyan vuraraq dələduzluq etmişdir. Həmçinin, Cavabdeh1 özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə İddiaçı etibarından sui-istifadə edərək 50.000 manat müqabilində Bakışəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində Badamlıq adlanan ərazidə 27 fevral 2023 cü il tarixli Zabrat Bələdiyyəsində 5275 nömrə ilə X7 adına qeydə alınmış 1.5 sot torpaq sahəsində 3 otaqlı ev tikdirəcəyi və 3 ay müddətində təmir etdirib təhvil verəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə onunla İddiaçı arasında 17 mart 2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin ofisdə təmir tikinti xidmətlərinin göstərilməsi haqqında həmin tarixli müqaviləyə əsasən 17.500 manat, həmin gün sonuncu tərəfindən ünvan 6 ünvandakı mağazada quraşdılmış “M-pay” ödəmə terminalı vasitəsi ilə Ceyhun Fəttahovun “AccessBank” kart hesabına köçürülmüş 2.500 manat, cəmi 20.000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb aralarındakı razılaşmaya əsasən 2.500 manat sonuncuya qalmaqla 17.500 manat onun tərəfindən götürülərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 20.000 (iyirmi min) manat xeyli miqdarda maddiziyan vuraraq dələduzluq etmişdir. Nəticə olaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-1597/2025 nömrəli hökmü ilə müəyyən edilmiş təqsirləndirilən şəxslər - Cavabdeh2 tərəfindən ona vurulmuş maddi zərərin məbləği 700 (yeddi yüz) manat və Cavabdeh1 tərəfindən mənə vurulmuş maddi zərərin məbləği 20.000 (iyirmi min) manat təşkil edir. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən vurulmuş maddi zərərə görə ümumillikdə 20.700 (iyirmi min yeddi yüz) manat pul vəsaiti onlardan tutularaq ona hesabıma ödənilməlidir. Eləcə də bildirir ki, təqsirləndirilən şəxslərin qanunsuz hərəkətləri ona yalnız maddi zərər vurmamış, onun həm də uzun müddət davam edən mənəvi sarsıntılar keçirməyinə səbəb olmuşdur. Bu hal onun ümumi həyat fəaliyyətinə, gündəlik psixoloji rahatlığına və ailə münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərmişdir. Bu müddət ərzində bir ana və qadın olaraq çıxılmaz vəziyyətə qalmışdır. Hazırkı vəziyyətdə nə ödədiyi 20.700 (iyirmi min yeddi yüz) manat pul vəsaitini, nə də ona vəd edilən evi əldə edə bilir. Təqsirləndirilən şəxslərin vədlərini yerinə yetirməmələri və onu aldatmaları onun mənəvi sarsıntılar keçirməyimə səbəb olmuşdur. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilib, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh2 məhkəmə bildirişi göndərilsə də, məhkəmədə iştirak etmələri ilə bağlı hər hansı ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 1(011)- 97/2025 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il, doqquz ay, iyirmi altı gün müddətə azadlıqdan məhrumetmə cəzasına, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il, səkkiz ay, iyirmi iki gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Məhkəmə, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddia tələbinin əsaslılığına gəlincə isə məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İşin araşdırılan halları ilə müəyyən olundu ki, Cavabdeh1, X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 mart 2024-cü il tarixdə İddiaçı 2000 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etdiklərindən, eyni zamanda, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 200 manat olmala İddiaçı 700 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etdiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 1(011)- 97/2025 saylı hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il, doqquz ay, iyirmi altı gün müddətə azadlıqdan məhrumetmə cəzasına, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il, səkkiz ay, iyirmi iki gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Lakin məhkəmə, iddiaçının cavabdehdən tələb etdiyi 20000 manat maddiz ziyana münasibətdə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 1(011)-97/2025 saylı hökmündən göründüyü kimi Cavabdeh1, X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında iddiaçının 20000 manat pulunu ələ keçirmişlər və həmin pulun 17500 manat hissəsi Cavabdeh1, 2500 manat hissəsi isə X4 verilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı məhkəməyə ərizə təqdim edərək X2 2500 manat pulu ödədiyini bildirib, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Göründüyü kimi, İddiaçı dəymiş ziyandan 2500 manat ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət nəticəsində Cavabdeh1 əldə etdiyi 17500 mnat pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Cavabdeh2 700 manat məbləğində dəymiş zərəri tələb etməkdə haqlıdır. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Şəxsiyyət hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və (və ya) iztirabların nədə ifadə olunduğu iddia ərizəsində göstərilməli və məhkəmə bu əsaslar üzrə müəyyən etdiyi işin faktiki halları baxımından qiymətləndirmə aparmalıdır. İddiaçı iddiasının mənəvi ziyan tələbi ilə bağlı hissəsini əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehlərin törətdikləri əməl nəticəsində ona mənəvi ziyan vurulduğunu, mənəvi iztirab çəkdiyini qeyd etsə də, qeyd olunan halları sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh1 17500 manat pul, Cavabdeh2 700 manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 17500 (on yeddi min beş yüz) manat pul, Cavabdeh2 700 (yeddi yüz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar