Məhkəmə qərarları › İş №e-2(055)-407/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(055)-407/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-2(055)-407/2025 26.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı «X2» X5 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli aktivlərin natura şəklində qaytarılması tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «X2» X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanan “Özünəməşğulluğa kömək göstərilməsinə dair” 31 mart 2022-ci il tarixli 2022/ÖM/389 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə edilməməsi və dəyişdirilməsi səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təziqi: 30-200 bar, axın surəti: 1,5 Lt, motor gücü 5,5 KW/7,5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün 34-35 WD-M 220-240 VAC 50/6 HZ 1200W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A) və 1 ədəd hava kompressorunun ( 50 litr, 2,5 HP, gərginlik 220-240v 50 Hz, güc 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində Agentliyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanan “Özünəməşğulluğa kömək göstərilməsinə dair” 31 mart 2022-ci il tarixli 2022/ÖM/389 nömrəli müqaviləyə əsasən cavabdehə avadanlıqlar verilmişdir. Bu barədə həmin tarixdə təhvil-təslim aktı imzalanmışdır. Avadanlıq cavabdehə məşğulluğunu təmin etmək üçün verilmişdir. Təəssüflər olsun ki, monitorinq aparılan zaman müəyyən olunmuşdur ki, cavabdeh ona verilən avadanlıqları təyinatı üzrə istifadə etmir. Bu barədə cavabdehin imzası və iştirakı ilə akt da tərtib olunmuşdur. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, “Avtotəmizləmə xidmətləri” aparılması üçün iddiaçı «X2» X7 ilə onun arasında bağlanmış “Özünəməşğulluğa kömək göstərilməsinə dair” 31 mart 2022-ci il tarixli 2022/ÖM/389 nömrəli müqavilə əsasında ona iddia ərizəsində göstərilən 1 ədəd yuma aparatı, 1 ədəd tozsoran, 1 ədəd köpük maye püskürtmə çəni və 1 ədəd hava kompressoru təhvil verilmişdir. Lakin, avadanlıqları aldıqdan sonra o istəmişdir ki, “Avtotəmizləmə” obyektində təmir işləri apardıqdan sonra işə başlasın, amma maddi imkanı olmadığından və kredit götürə bilmədiyindən avadanlıqlardan istifadə etməmişdir. Hal-hazırda, yəni məhkəmə prosesi zamanı həmin avadanlıqlardan “Avtotəmizləmə” obyektində təyinatı üzrə istifadə etməyə başlamış və bu barədə müvafiq sənədləri və foto şəkilləri toplayıb iddiaçıya göndərmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərardadında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən bu Qərardadda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həm tərəflər arasında bağlanmış müqavilənin xarakteri, həm də mübahisənin predmeti dəqiq müəyyənləşdirilməli, mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Həmin Qərardadda həmçinin qeyd edilmişdir ki, o da göstərilməlidir ki, “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir. İşin araşdırılan halları ilə müəyyən edildi ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X6 özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 31 mart 2022-ci il tarixli 2022/ÖM/389 nömrəli müqavilə bağlamış və həmin müqaviləyə əsasən cavabdehə “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd yuma aparatı, 1 ədəd tozsoran, 1 ədəd köpük maye püskürtmə çəni və 1 ədəd hava kompressoru (xüsusiyyətləri 31 mart 2022-ci il tarixli təhvil-təslim aktında göstərilmişdir) natura şəklində verilmişdir. İddiaçı həmin aktivlərin təyinatı üzrə istifadə olunmaması səbəbindən eyni növlü və keyfiyyətli aktivlərin natura şəklində cavabdehdən alınaraq Agentliyə qaytarılması ilə bağlı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X1 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən, aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən X7dir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddialara. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. X1 Nizamnaməsinə əsasən Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən, aktiv məşğulluq tədbirlərinin təşkili, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili və digər sahələrdə fəaliyyət göstərən X7dir. Hazırki münasibətdə tərəflərdən biri, yəni iddiaçı inzibati orqandır. Tərəflər arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir. Belə ki, Agentlik qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir, hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirir. Onun cavabdehə qarşı irəli sürdüyü tələb inzibati funksiyasını yerinə yetirməsindən yaranmışdır. Eyni zamanda Agentlik ilə cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilə də tərəflərin hüquq bərabərliyinə əsaslanan mülki müqavilə deyil, iddiaçı tərəfin cavabdehdən daha üstün vəziyyətdə olduğu inzibati müqavilədir. Mülki müqavilələrdən fərqli olaraq, inzibati müqavilələr həmişə qanunla müəyyən edilmiş ictimai maraqların təmin edilməsi ilə bağlıdır və inzibati orqanların davamlı iştirakı ilə həyata keçirilir. Məhkəmə şərh olunanları nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisədir, odur ki, mülki işə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. İş üzrə Cavabdeh Saatlı rayonu Mollavaizli kəndində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Saatlı rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Odur ki, iddiaçıya izah olunmalıdır ki, hazırkı iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı “X2” X5 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli aktivlərin natura şəklində qaytarılması tələbinə dair iş üzrə icraata mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. İddiaçıya hazırkı iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar