Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1546/2024 19.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyan» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyana görə 3000 manat məbləğində pulun, həmçinin ödənilmiş 51 manat dövlət rüsumunun alınıb onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xx.xx.2021-ci il tarixli Sabirabad rayon Polis şöbəsinin İstintaq bölməsi tərəfindən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qəraral o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində təqsirləndirilən şəxs Dadaşov X3 rayonu, Muradbəyli kəndində yaşadıqları evdə ona qarşı qəsdən xuliqanlıq edərək, oğlu X4 ilə bədəninin müxtəlif hissələrinə xəsarət yetirmiş, nəticədə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Eyni zamanda hadisə zamanı ona məxsus mobil telefonu ilə DİN-in 102 Xidmətinə zəng etmiş və məlumat vermişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli, 321 saylı rəydə əksini tapmış xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan, sağ gicgah alın, sol təpə nahiyyələrində hematomalar, alın nahiyyəsində ortada, sağ gözaltı nahiyyədə, boyun sağ yan səthində, sol körpücükaltı proyeksiyada qançırlar, sağ gözün tiş hissəsində səthi yara küt əşyanın təsirindən əmələ gəlmişdir. Aldığı cəsarətlərlə bağlı müalicələr almış, bununla bağlı əsəblərinin sakitləşdirilməsi, həm də bədənində ağrıların kəsiləsi ilə 3000 manatdan çox əməliyyatlara və dərmanlara xərcləmişdir. Bundan başqa, 3 il müddətinə yaxındır ki, təqsirləndirilən şəxs ona və ailə üzvlərinə iztirab çəkdirir. Kənd və rayonda nüfuzdan düşmüşdür. Hadisə zamanı təqsirləndirilən şəxs onun ünvanına nalayiq sözlər deyərək şəxsiyyətini alçaltmışdır. Hadisədən uzun müddət keçməsinə baxmayaraq təqsirləndirilən şəxsin ona qarşı etdiklərini unuda bilmir, həm mənəvi, həm də psixoloji gərginlikdə yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, göz gözünün almacıq sümüyü sınmış, bununla bağlı əməliyyat olunmuş, yol xərci, dərmanlara xərc çəkmiş, vəkilə xərc çəkmiş, maddi və mənəvi ziyana məruz qalmışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, baş vermiş hadisə ilə bağlı Polis şöbəsində araşdırma aparılarkən ekspert rəyi əldə edilmişdir. 508 nömrəli rəydə göstərilmişdir ki, iddiaçının istinad etdiyi və həmin xəsarətə görə ondan pul tələb etdiyi xəsarət, yəni sağ gözaltı hissəsi üzrə xəsarət hadisədən 1-1,5 ay əvvəl törədilmişdir. Həmin xəsarətin nə vaxt, hansı şəraitdə, kim tərəfindən törədilməsi ona məlum deyildir. Ona görə də o, başa düşə bilmir ki, həmin xəsarətə görə iddiaçı ondan necə ziyan məbləği tələb edə bilir. Ona görə də o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sabirabad RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi Mirzahid Abasov tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 13:00 radələrində oğlu Şükran Dadaşovla birlikdə Sabirabad rayonu Muradbəyli kəndində yerləşən qızı Babaşova Samirə Akif qızının yaşadığı evə gələrkən, yeznəsi İddiaçı ilə mübahisə edib hansı səbəbdən qızını döyməsini soruşmuş, İddiaçı isə yaxşı etdiyini demiş, daha sonra Şükran Dadaşovun üzərinə hücum edib əlbəyaxa olub dava edərkən, ailə daxilində aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı İddiaçı baş nahiyyəsinə yumruq ilə bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ alın-gicgah, sol təpə nahiyyəsinin hematomalar əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağalmlığına yüngül zərər vurmuş, Azərbaycan Respublikasının Milli Məclisinin “08 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən barəsində amnistiya tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Əldə edilərək öyrənilmiş 12 noyabr 2021-ci il tarixli «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» qərardan görünür ki, iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 321 saylı rəyinə əsasən İddiaçı məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan, sağ gicgah alın, sol təpə nahiyyələrində hematomalar, alın nahiyyəsində ortada, sağ gözaltı nahiyyədə. boynun sağ yan səthində, sol körpücükaltı proyeksiyada qançırlar, sağ gözün tış hissəsində səthi yara küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcisən görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş təkrar məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli T193/2021 saylı rəyinə əsasən İddiaçı qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sağ almacıq sümüyünün orbitanın alt divarı hüdudundan və qövsündən sınığı, alın-almacıq birləşməsinin aralanması, sağ gicgah-alın, sol təpə nahiyyələrində hematomalar, alın nahiyyəsində ortada, sağ gözün tış hissəsində səthi yara olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2021-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vətəndaş İddiaçı yetirilən xəsarətlərə dair verilmiş 321 saylı rəydə sağlamlığa zərərvurmanın dərəcəsi rentgenoloqun rəyinə əsasən düzgün qiymətləndirilməmişdir. İş üzrə təyin edilmiş komisyon məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 508 saylı rəyinə əsasən İddiaçı qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ almacıq sümüyünün orbitanın alt divarı hüdudundan və qövsündən sınığı, alın-almacıq birləşməsinin cüzi aralanması, sağ gicgah-alın, sol təpə nahiyyələrində hematomalar, alın nahiyyəsində ortada, sağ gözün tış hissəsində səthi yara, alın nahiyyəsinin beyin və sol körpücükaltı nahiyyədə qançırlar olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qeyd edilən xəsarətlərdən qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gicgah-alın, sol təpə nahiyyələrinin hematomaları ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aiddir, alın nahiyyəsində ortada boyun nahiyədə sağda və sol körpücükaltı nahiyyədəki qançırlar sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilmiş tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Sağ almacıq sümüyünün sınığı və alın-almacıq birləşməsinin cüzi aralanması küt yaranma mexanizminə malik olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, yetirilmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlmir. Belə ki, təqdim edilmiş tomoqrammada (xx.xx.2021-ci il) bitişmə elementlərinin zəif olmasının yaranma müddətinin 1-1.5 ay əvvələ uyğun gəlməsini göstərir. Çünki keçmiş 3 ay ərzində bu sınıq tam bitişməli idi. İş üzrə verilmiş xx.xx.2021-ci il tarixli T193/2021 saylı rəydə sağlamlığın zərərvurma dərəcəsi düzgün təyin edilsə də, yetirilmə müddəti tam əsaslandırılmamışdır. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı mülki hüquq pozuntusuna (delikt) kifayət qədər aydın və geniş şərh verilmişdir. Belə ki, həmin Qərara görə, “Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.” Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarının mövqeyinə və sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə, yəni zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlməsi halı olmalıdır. Hazırkı iş üzrə iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatından da görünür ki, cavabdehin onun sağlamlığına vurduğu ağır xəsarətlə əlaqədar maddi zərərin onun xeyrinə tutulmasını tələb etməkdədir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarda cavabdehin iddiaçıya qarşı yüngül bədən xəsarət yetirməsi öz təsdiqini tapdığı halda sağlamlığına ağır xəsarət vurulması əsası ilə cavabdehdən əməliyyat, yol, analiz, dərman xərcinin tutulmasının tələb edilməsi əsassızdır. Çünki cavabdehin iddiaçıya vurmuş olduğu xəsarətin dərəcəsi ilə iddiaçının zərər əvəzi tələb etdiyi xəsarətin dərəcəsi arasında səbəbli əlaqə mövcud deyildir. İddiaçının maddi zərər əvəzi olaraq aldığı xəsarətlə bağlı hüquqi yardıma və vəkilin iştirakına görə çəkdiyi xərcin əvəzi ilə bağlı tələbinə gəldikdə isə iddiaçı tələbinin bu hissəsinə münasibətdə hər hansı sübut məhkəməyə təqdim edə bilmədiyi üçün maddi zərərlə bağlı bu hissədə də iddia tələbi əsassız hesab edilməlidir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının hazırda tələb etdiyi mənəvi zərər məbləği də məhz onun sağlamlığına ağır zərər vurulması əsasında keçirdiyi iztirabla əsaslandırılmışdır ki, dərəcəsi təyin edilməyən halda iddiaçının istinad etdiyi xəsarət dərəcəsi səviyyəsinə uyğun mənəvi zərər məbləği tələb etməsi də hər hansı sübuta əsaslanmayan hal hesab edilməklə əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Həmçinin əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı bundan əvvəl hazırki cavabdehin oğlu X1 qarşı da eyni tələblə, eyni əsaslarla məhkəməyə müraciət etmiş Sabirabad Rayon Məhkəməsinin 1(056)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, hazırda göstərilən faktlar həmin qətnamə üzrə də müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Son olaraq, iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırda iddianın təmin olunmadığı nəzərə alınaraq iddia tələbi bu hissədə də təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nıin 119, 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1546/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1546/2024
19.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver