Məhkəmə qərarları › İş №e-2(056)-321/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-321/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-321/2025 10.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2450 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 22:05 radələrində Sabirabad rayonu ərazisində Cavabdeh tərəfindən PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “QAZ 3110” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş, X4 az ağır dəcərəli xəsarət almışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. “Auto Box” tərəfindən tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1900 manat təşkil edir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üzrə PXA 128758 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1900 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən iş üzrə PXA 128762 saylı sığorta aktı tərtib edilməklə X1 az ağır dərəcəli xəsarət alması ilə əlaqədar 1500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Bununla da, "xxxx" ASC tərəfindən 2450 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq iddialarını müafiə etdiklərini, iş üzrə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun iddianın təmin edilməsinə etirazı yoxdur. Sadəcə olaraq iddiaçının xeyrinə ödəniş etmək imkanı yoxdur. Belə ki, özü heç yerdə işləmir və himayəsində iki uşağı vardır. Ailəsinin tələbatlarını qarşılamaqda çətinlik çəkir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2022-ci il tarixli cinayəti işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 22:05 radələrində Sabirabad rayonu ərazisində Cavabdeh tərəfindən idarə edilən “QAZ 3110” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə X4 az ağır dəcərəli xəsarət almışdır. Buna görə də Sabirabad RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Nurlan Mirzəyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Auto Box” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər cəmi 1900 manat təşkil edir. PXA 128758 saylı sığorta aktından görünür ki, “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə X3 ödəniləcək sığorta ödənişi 950 manat müəyyən edilmişdir. PXA 128762 saylı sığorta aktından görünür ki, X1 az ağır dərəcəli xəsarət alması ilə əlaqədar ödəniləcək sığorta ödənişi 1500 manat müəyyən edilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixində Cavabdeh sürücülük hüququ olmadan “QAZ 3110-121” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən avtomobili qarşı əks hərəkət zolağına çıxararaq sola dönmə əməliyyatı aparmış, bu vaxt onunla eyni istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ 21214” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər, X2 isə az ağır dərəcəli xəsarət yetirmişdir. Maddi zərərə görə X3 950 manat, X1 az ağır dərəcəli xəsarət almasına görə Kərimşah Maniyevə 1500 manat sığorta ödənişi edilmişdir. Beləliklə, vurulmuş ziyanların həcmi və həmin ziyanların hazırki iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə müəyyən edilmiş həmin hallara aşağıdakı hüquq normalarını tətbiq edib iddianı hadisəni törətməkdə təqsirli bilinmiş Cavabdeh münasibətdə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar Haqqında" Qanunun 25-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, mülki qanunvericilik zərər vuran şəxsə qarşı törədilmiş mülki hüquq pozuntusu ilə əlaqədar subroqasiya qaydasında tələb irəli sürülməsi hüququnu tanımış, iddiaçı da bu hüququndan istifadə edərək hazırki cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə tələb edilən zərərin miqdarı barədə qeyd edir ki, zərərin miqdarı sığorta aktı ilə öz təsdiqini tapmışdır. Odur ki, cavabdehdən tələb edilən həddə vurulmuş ziyan məbləğinin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan tam təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi də tam şəkildə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh 2450 manat sığorta ödənişi məbləği və 45 manat dövlət rüsumu olmaqla, cəmi 2495 (iki min dörd yüz doxsan beş) manat məbləğində vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar