Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-948/2024 11.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc tələbi» barədə mülki işə 11 iyun 2024-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 6000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat pulun alınıb ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli e- 2(056)-948/2024 saylı əmri ilə ərizə təmin edilmişdir. İş üzrə borclu Cavabdeh etiraz ərizəsinə əsasən əmr ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh ona müraciət edərək pul lazım olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə Sabirabad regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə gedərək, cavabdehlə aralarında 2 ay müddətinə kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinə əsasən borclu Cavabdeh ondan 6000 manat borc almışdır. Kredit Müqaviləsi Sabirabad regional “Asan xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və informasiya sisteminə daxil edilərək reyestrdə 3M-151 nömrə ilə qeyd edilmişdir. Müqaviləyə əsasən cavabdeh ondan aldığı 6000 manat pulu xx.xx.2020-ci il tarixədək qaytarmalı idi. Lakin borclu bu günədək borc müqaviləsinin şərtlərinə əməl etməmiş və borcunu qaytarmamışdır. Cavabdehə borcu qaytarması ilə bağlı pretenziya göndərilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş edərək izahatında göstərmişdir ki, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklər xx.xx.2023-cü il tarixdə başa çatmışdır. İddiaçı isə müqavilədə göstərilmiş müddət başa çatdıqdan 8 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müqavilə üzrə yaranmış öhdəliklərə dair iddia müddəti 3 il olduğundan, hesab edir ki, bu müddət iddiaçı tərəfindən ötürülmüşdür. Göstərilənlərə əsaslanıb, iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən ona qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatının dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara (iddia müddəti keçdiyi üçün) görə təmin edilməməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Az. Res. Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Az. Resp. Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq ilk növbədə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququnun olub-olmamasına və cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirib-yetirməməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 2 ay müddətinə qaytarmaq şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsi bağlanılmaqla, Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmiş, aldığı borc vəsaitini vaxtında və lazımı qaydada qaytarmamışdır. Eyni zamanda məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə alaraq, hesab edir ki iddiaçı tərəfindən irəli sürülmüş tələblər üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi üzrə münasibətlər xx.xx.2020-ci il tarixdə yaranmış və kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi üçün 2 ay müddət müəyyən edilmiş, yəni müqavilə üzrə kreditin ödənilməli olduğu son tarix xx.xx.2020-ci il müəyyən edilmiş, bununla da öhdəliyin icrasının son müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Buna baxmayaraq iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar məhz 2024-cü fevral ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizəsində İddiaçı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyini qeyd edərək, iddia müddətinin tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göstərilən Məcəllənin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarın 4-cü bəndinə əsasən «Kredit Müqaviləsinin müddətli xarakter daşıdığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüququqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Resp. Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci - o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci - iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü - iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-nin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-nin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit Müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə iddiaçı tərəfindən kredit müqavilə üzrə pozulmuş hüquqların bərpası ilə 3 illik iddia müddəti bitdikdən sonra, yəni 2024-cü ilin fevral ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci madddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «kredit borcunun müqaviləsi üzrə borc tələbi» barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-948/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-948/2024
11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver