Məhkəmə qərarları › İş №e-2(056)-974/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-974/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-974/2025 21.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subrasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ "xxxx" ASC Cavabdeh qarşı «subrasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5425,50 (beş min dörd yüz iyirmi beş manat əlli qəpik) manat məbləğində verilmiş sığorta ödənişinin və 74,25 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 5499,75 (beş min dörd yüz doxsan doqquz manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin “Atasığorta" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X2 arasında xx.xx.2023-cü il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə “VAZ 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nizami rayonu, S.Rüstəmov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində X1 ağır xəsarət yetirilmiş, “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5425,50 (beş min dörd yüz iyirmi beş manat əlli qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Şirvan Şəhər Məhkəməsinin hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan hökmdə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Cavabdehə xx.xx.2025-ci il tarixində geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi bu günə kimi Cəmiyyətə ödənilməmişdir. Ona görə də hazırki iddia ilə müraciət edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, o, həyata keçirməli olduğu sığorta ödənişi qəbul edir. Lakin tam ödəmək imkanında deyildir. O, həmin məbləği ayda 150-200 manat olmaqla ödəyə bilər. Belə ki, o, məhkum olunduğu üçün kənara çıxıb işləmək imkanında deyildir. Əvvəlki işinə qayıda bilsə idi, hər ay 1000 manat ödəyərdi. Hazırda o qədər məbləğdə ödəniş etmək imkanında deyildir. İddianın təmin edilməsinə etirazı yoxdur. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2023-cü il tarixində PAA********** saylı icbari sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC-də sığortalı Elvin Süleyman oğlu “VAZ 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü ildə xx.xx.2024-cü il tarixinədək əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərər görə 1 şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində sığorta etmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(032)-9/2025 saylı hökmünün surətindən görünür ki, Cavabdeh sürücülük hüququ olmadan xx.xx.2024-cü il tarixdə “VAZ 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şirvan şəhəri, Z.Hacıyev küçəsində M.Hüseyn küçəsi istiqamətində 50 km/saat sürətlə idarə edərkən həmin küçədə yolayırıcına daxil olduğu zaman hərəkət üçün təhlükə yaratmış və avtomobilin qabaq sağ qanadı ilə İsmayıl Novruzovun idarə etdiyi “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanad hissəsi ilə toqquşması nəticəsində sonuncunun idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş zərərçəkmiş şəxs X1 az ağır zərər vurmuşdur. İş materiallarında 24-00755/09 AA-381/24 saylı və 24-00756/09 AA-381/24 saylı sığorta aktlarından görünür ki, "xxxx" ASC tərəfindən “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3925,50 manat, X1 vurulmuş az ağır xəsarətə görə 1500 manat məbləğində sığorta ödənişi müəyyən edilmiş, video çəkilişlə həmin məbləğlərin ödənişi həyata keçirilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC-də xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış Cavabdeh idarə etdiyi “VAZ 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 12 fevral 2024-cü il tarixdə Şirvan şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan “Skoda” markalı, **- KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş, həmçinin hadisə nəticəsində X1 az ağır xəsarət yetirmişdir. Cavabdeh baş vermiş hadisədə təqsirli bilinmiş və onun avtomobili sürücülük hüququ olmadan idarə edib hadisə törətməsi müəyyən olunmuşdur. İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsinə görə avtomobilə dəymiş zərərə görə 3925,50 manat, X1 vurulmuş az ağır xəsarətə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmiş, məktubla cavabdehə müraciət edərək həyata keçirdiyi ödənişin subroqsiya qaydasında geri ödənilməsini cavabdehdən tələb etmiş, həmin vəsait iddiaçıya geri ödənilməmişdir. Məhkəmə müəyyən edilmiş həmin hallara aşağıdakı hüquq normalarını tətbiq edib iddianı hadisəni törətməkdə təqsirli bilinmiş Cavabdeh münasibətdə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, mülki qanunvericilik həm zərər vuran şəxsə, həm də yüksək təhlükə mənbəyinə digər qanuni əsasla (etibarnamə) sahiblik edən şəxsə qarşı törədilmiş mülki hüquq pozuntusu ilə əlaqədar tələb irəli sürülməsi hüququnu tanımış, iddiaçı da bu hüququndan istifadə edərək hazırki cavabdehə (avtomobili idarə etmiş şəxsə) qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə tələb edilən zərərin miqdarı barədə qeyd edir ki, zərərin miqdarı iş materiallarında olan qüsur və sığorta aktları ilə öz təsdiqini tapmış, bundan sonra həmin məbləğ zərərçəkmiş şəxslərin hesabına iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh isə tələb edilən məbləğlə bağlı məhkəmə iclasında iştirak edərkən hər hansı etirazının olmadığını bildirmişdir. Odur ki, cavabdehdən tələb edilən həddə vurulmuş ziyan məbləğinin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan tam təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi də tam şəkildə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh 5425,50 manat məbləğində ödənilmiş sığorta ödənişi və 74,25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5499,75 (beş min dörd yüz doxsan doqquz manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar