Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1191/2024 04.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 23800 manat məbləğində pulun və 167 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 ona müraciət etmiş və ona müxtəlif vaxtlarda xx.xx.2022-ci il tarixdə iş qurmaq adı ilə ilkin olaraq 5000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixə 1000 manat, xx.xx.2022-ci ildə 5000 manat, xx.xx.2022-ci ildə 1300 manat, xx.xx.2024-cü ildə 2200 manat, xx.xx.2022-ci ildə 5000 manat, yenə eyni tarixdə 4500 manat verilmişdir . Bu cəmi 26000 (iyirmi altı min) manat edir. Cavabdeh borclu olduğunu Şamaxı rayon Polis şöbəsinə şikayətdən sonra verdiyi izahatında imzası ilə təsdiq etmişdir. 1200 manat ilkin olaraq qaytarılıb, 2000 manat isə Şamaxı rayon Polis şöbəsinə şikayətdən sonra qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə tərəfindən 23800 (iyirmi üç min səkkiz yüz) manat məbləğində ona 3 gün müddətinə ödənilməsinin təklif olunması, əks halda məhkəməyə bu tələblə bağlı iddia qaldırılacağı barədə pretenziya göndərilmişdir. Amma pul qaytarılmamışdır. Odur ki, 23800 (iyirmi üç min səkkiz yüz) manat və 167 manat dövlət rüsumu cavabdeh X1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcmini azaldaraq Cavabdeh 22150 manat məbləğində pulun və mütənasib olaraq ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən etiraf edərək göstərdi ki, o, iddiaçıdan ayrı-ayrı vaxtlarda ümumilikdə 15800 manat borca pul almışdır. 10800 manatı kart vasitəsilə, qalan 5000 manatı isə əlbəəl alınmışdır. Həmin borcun üzərinə iddiaçı tərəfindən faiz hesablanmışdır. Borcundan 8500 manatını qaytarmışdır, 7000 manatın qaytarılmasına dair qəbzləri məhkəməyə təqdim etmişdir. İddiaçının tələb etdiyi məbləğ faizlə birlikdə hesablanmış borcdur. O, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddianı qismən etiraf edərək göstərdi ki, anası iddiaçıdan ayrı-ayrı vaxtlarda ümumilikdə 14800 manat borca pul almışdır. 10800 manatı kart vasitəsilə, qalan 4000 manat isə əlbəəl alınmışdır. Həmin borcun üzərinə iddiaçı tərəfindən faiz hesablanmışdır. Borcdan 8500 manat qaytarılmış, 7000 manatın qaytarılmasına dair qəbzlər məhkəməyə təqdim edilmişdir. İddiaçının tələb etdiyi məbləğ faizlə birlikdə hesablanmış borcdur. O, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 167 manat dövlət rüsümu ödənilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Abşeron rayon Mehdabad qəsəbəsində yaşayan İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh borc olaraq ödəmək şərti ilə pul vermişdir. Cavabdeh həmin borcun bir hissəsini iddiaçıya qaytarsa da, qalan hissəsini iddiaçıya qaytarmamışdır. İddiaçı cavabdehə 25500 manat borc pul verdiyini, həmin puldan 3350 manat qaytarıldığını, hazırda 22150 manat borc qaldığını, cavabdeh isə iddiaçıdan 15800 manat borc pul aldığını, həmin borcdan 8500 manatının qaytarıldığını bildirmişdir. İddiaçı tərəfindən cavabdehə 15800 manat pul verilməsi, cavabdeh tərəfindən isə ümumi borcdan 3350 manatının qaytarılması işin mübahisəsiz halıdır. Belə ki, həmin hal iddiaçı və cavabdeh tərəfindən etiraf edilmişdir. İşin mübahisəli halı isə iddiaçının cavabdehə ümumilikdə 22150 manat pul verməsi, cavabdehin isə həmin borcdan 8500 manatının qaytarılmasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2022-ci il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə, ilk növbədə, iddiaçı tərəfindən cavabdehə 15800 manat pul verilməsi və cavabdeh tərəfindən ümumi borcdan 3350 manatının qaytarılması işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının cavabdehə 15800 manat pul verməsi və cavabdeh tərəfindən 3350 manat pulun qaytarılması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, iddiaçının iddia etdiyi 22150 manat puldan cavabdeh 15800 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən (10800 manat karta + 5000 manat nağd), iddiaçı iddia tələbinin həmin hissəsində, yəni cavabdehin ona 15800 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, qalan 6350 manat pulun cavabdehə verilməsini sübuta yetirmək vəzifəsi iddiaçıya keçmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərin surətindən görünür ki, o, ayrı-ayrı vaxtlarda cavabdehin (Cavabdeh) adına olan 416973******4851 nömrəli karta ümumilikdə 13000 manat pul (4500 manat, 5000 manat, 1300 manat, 2200 manat) köçürmüşdür. Həmçinin cavabdeh əlavə olaraq 5000 manat pulun nağd şəkildə iddiaçıdan aldığını etiraf etmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 18000 manat pul vəsaiti verilməsi iddiaçı tərəfindən sübut olunmuşdur. Cavabdeh 18000 manat puldan 8500 manat qaytarıldığını bildirsə də, həmin məbləğin qaytarılması barədə məhkəməyə əsaslı və mötəbər sübut təqdim etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərin surətindən görünür ki, o, ayrı-ayrı vaxtlarda iddiaçının (İddiaçı) adına olan 416973******9683 nömrəli karta ümumilikdə 7000 manat (1350 manat, 2000 manat, 700 manat, 2950 manat) pul köçürmüşdür. Cavabdehin məhkəməyə təqdim etdiyi 400 manatın ödənilməsinə dair qəbzi isə məhkəmə mötəbər sübut kimi qəbul etmir, belə ki, həmin məbləğ başqa şəxsin adına olan karta köçürülmüş, həmin kartın iddiaçıya məxsus olması isə cavabdeh tərəfindən sübut oluna bilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 7000 manat pul vəsaitinin qaytarılması cavabdeh tərəfindən sübut olunmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə 18000 manat məbləğində pul vəsaiti borca vermiş və cavabdeh həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin pul vəsaitindən 7000 manatı cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Buna baxmayaraq, cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pul vəsaitinin 11000 manatını ona qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 52.2-ci maddəsinə əsasən, maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin iddianı qismən etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 83 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11000 (on bir min) manat məbləğində pul və 83 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat məbləğində pul və 83 (səksən üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-1191/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1191/2024
04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver