Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1334/2025 02.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə hesabatının ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı nümayəndəsi vəkil Nümayəndə “qiymətləndirmə hesabatının ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən iddiaçıya məxsus olan mənzil və qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş qiymətləndirmə hesabatlarının və mütəxəssis rəylərinin ləğv edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 24 noyabr 2021-ci il tarixli № 02/2021 Qərardadının 31-ci bəndində qeyd olunmuşdur ki, qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Həmin Qərardadın 32-ci bəndində qeyd edilmişdir ki, bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Göründüyü kimi, hazırkı işdə hərrac hələ keçirilmədiyi üçün İddiaçı icra məmurunun hərəkətlərindən verilən şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət etməli idi. Məhkəmə, həmçinin, iddiaçıya izah edir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə (Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə) qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 153.2.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 153-ci və 308-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə hesabatının ləğvi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1334/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1334/2025
02.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver