Məhkəmə qərarları › İş №e-2(057)-1612/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1612/2025

28.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1612/2025 28.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 7000 ( yeddi min) manat məbləğində pul, 300 (üç yüz) manat vəkilə ödənilən pul və 90 (doxsan) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ikinci qrup gözdən əlildir, özünü güclə idarə edir, əvvəllər tanışı olan Cavabdeh ona 7000 (yeddi min) manat məbləğində pul borcludur. Cavabdeh arasında 2019-cu ildən bəri müxtəlif vaxtlarda ilk dəfə evində 2500 manat, 2021-ci ildə yenədə evində 3000 manat, 2022-ci ildə 1500 manat olmaqla cəmi 7000 (yeddi min) manat borc pul almış və bu günə kimi qaytarmamışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödəməmişdir. Tərəflərindən xx.xx.2025-ci ildə bildirişi Cavabdeh göndərməklə ona ümumi olan 7000 (yeddi min) manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmişdir. Əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədiylə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmişdir. Lakin cavabdeh pretenziya məktubunu qəbul etməkdən imtina etmişdir. Salyan rayon polis şöbəsinə də müraciət etsədə pulu aldığını bildirsədə yenədə pulu ödəməmişdir. Daha sonra xəbər göndərərək pulu hissə-hissə qaytarmağa hazır olduğunu bildirsədə yenədə xeyli müddət keçməsinə baxmayaraq pulu qaytarmamışdır. Odur ki, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul, 300 (üç yüz) manat vəkilə ödənilən pul və 90 (doxsan) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 30 may 2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, polis şöbəsində verdiyi izahat düzgün olmamış, iddiaçıdan müxtəlif vaxtlarda 3 il ərzində hissə-hissə olmaqla toplam olaraq 7000 manat məbləğində faizə pul almış və artıqlaması ilə qaytarmışdır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-104/2-H-22025/11/24 saylı məktubundan görünür ki, 2019-cu il tarixində Cavabdeh 7000 manat borc pul verməsinə baxmayaraq, sonuncunun pulu geri qaytarmaması barədə xx.xx.2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə etdiyi müraciətə tərəflərindən baxılmış və araşdırma zamanı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Cavabdeh göndərilən pretenziya məktubundan görünür ki, 2019-cu il tarixində aldığı 7000 manat məbləğində puldan bu günə qədər geri qaytarmamışdır. Odur ki, pretenziyanı aldıqdan sonra ona 7000 manat borcun 3 gün müddətinə ödənilməsi təklif olunmuşdur. Əks halda, məhkəməyə bu tələblə bağlı iddia qaldıracağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli “PULPAL” məlumat portalında olan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Nümayəndə hesabına 300 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birlik tərəfindən verilmiş 16 iyul 2007ci il tarixli üzvlük vəsiqəsindən görünür ki, İddiaçı 2-ci qrup əlildir. İddiaçı Salyan RPŞ-də verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, əvvəllər tanıdığı Cavabdeh 2019-cu ildən hissə-hissə olmaq şərti ilə ilkin olaraq 2000 manat, daha sonra yenidən ondan borc pul istəmiş, o da tanıdığı üçün ona lotereyadan götürdüyü 2000 manatı da ona vermişdir. Daha sonra bir ay keçmişdir ki, Fərqanə yenidən onun yanına gələrək ovladına toy etdiyini deyib ondan yenidən 3000 manat pul istəmişdir. Toy edib qalan pulunu geri qaytararaq deyə 3000 manatda borc vermişdir. Bu halda o, Fərqanəyə ümumlikdə 7000 manat pul vermişdir. Lakin Fərqanə onun pullarını qaytarmamışdır. Dəfələrlə ondan pulunu istəsə də, Fərqanə müxtəlif bəhanələr gətirərək pulunu verməkdən imtina etmişdir. O, da bundan əsəbləşərək Salyan rayon Polis şöbəsinə müraciət etmişdir. Onun Fərqanə ilə aralarında heç bir mübahisə olmamışdır. Cavabdeh Salyan RPŞ-də verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, İddiaçı barəsində Salyan rayon Polis şöbəsinə etdiyi müraciətlə tanış olmuşdur. Bununla əlaqədar bildirmişdir ki, o, 2019-cu il tarixdə maddi sıxıntıları olduğu üçün əvvəllər tanıdığı İddiaçı borca 7000 manat pul istəmişdir. O da onunla razılaşaraq hiss-hissə olmaqla bir dəfəyə 2000 manat, sonra yenidən 2000 manat, daha sonra isə 3000 manat pul vermişdir. Lakin sonradan işdən çıxdığına görə maddi vəziyyəti daha da pisləşmişdir. Bu səbəbdən də İddiaçı borcunu qaytara bilməmişdir. Lakin hissə-hissə olmaq şərti ilə ən qısa zamanda İddiaçı pulunu qaytaracağına söz vermişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində göstərmişdir ki, iddiaçı iddia tələbini qəbul etmir. 2019-cu ilin əvvəllərində İddiaçı faizlə bütövlükdə 7000 manat pul almış və pulu 2021-ci ilin sonlarında tam şəkildə qaytarmışdır. İddiaçı ona qarşı iddia qaldırmağa hüququ yoxdur, ona görə ki, İddiaçı iddia müddətini ötürmüşdür. Hazırkı vəziyyətdə iddiaçı 3 ildən sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Ona görə də hesab edir ki, iddia təmin edilməməlidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh borc olaraq ödəmək şərti ilə pul vermişdir. Tərəflər arasında borc müqaviləsi bağlanmamışdır. İddiaçı cavabdehə 7000 manat borc pul verdiyini, cavabdeh isə iddiaçıdan 7000 manat pul aldığını, lakin həmin pulu 2021-ci ildə qaytardığını və bu səbəbdən iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2023-cü il tarixədək olan müddətdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, hazırkı iş üzrə tərəflər arasında borc müqaviləsi münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Tərəflər arasındakı borc müqaviləsi predmetinin məbləği hissə-hissə olmaqla, üç min manatdan çox olmadığı üçün (2000 manat, 2000 manat və 3000 manat) bu müqavilənin yazılı formada bağlanmasına zərurət olmamışdır. İddiaçı cavabdehə borc pul verməyi öhdəsinə götürmüşdür. O, üzərinə düşən vəzifəni yerinə yetirsə də, cavabdeh üzərinə düşən vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh məhkəmə iclasında və etiraz ərizəsində 7000 manat məbləğində götürülmüş pulun sonradan geri qaytarıldığını və iddiaçıya borcunun olmadığını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh Salyan Rayon Polis Şöbəsində verdiyi izahatında götürdüyü borcu hissə-hissə olmaqla qaytaracağına söz verdiyini bildirmişdir. Cavabdeh, eyni zamanda, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə qeyd edir ki, bu hal əsassız hesab edilməlidir. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsində izahat vermişdir. O, həmin izahatında “... İddiaçı borca ümumilikdə 7000 manat aldığı pulu hissəhissə olmaq şərti ilə ən qısa zamanda qayraracağını” bildirmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, cavabdeh 2024-cü ildə borcunu etiraf etdiyindən, iddia müddətinin axımı kəsilmiş, borcun etiraf edilməsi iddia müddətinin 2027-ci ilə qədər uzanmasına səbəb olmuşdur. İddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddəti ötürülməmiş, cavabdehin iddia müddətini tələb etməsi hüququ qüvvədən düşmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbi təmin təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7000 manat məbləğində pul, 200 manat vəkilə ödənilmiş xidmət haqqı və 90 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 manat məbləğində pul, 200 manat vəkilə ödənilmiş xidmət haqqı və 90 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar