Məhkəmə qərarları › İş №e-2(057)-1670/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1670/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1670/2023 09.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhimdar Cəmiyyəti (bundan sonra İddiaçı SŞ ASC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 300 (üç yüz) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq İddiaçı SŞ ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı SŞ ASC iddia tələbini onunla əsaslandırmışdı ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “VAZ 21063” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "VAZ 21074" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “VAZ 21074” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə 300 (üç yüz) manat zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan "VAZ 21074” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 300 (üç yüz) manat sığorta ödənişini həyata keçirmişdir. Baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli olması inzibati tənbeh vermə haqqında qərarda öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə İddiaçı SŞ ASC tərəfindən həyata keçirilən 300 (üç yüz) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun İddiaçı SŞ ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci tarixli Siğorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı “VAZ 21063” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “VAZ 21074” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “VAZ 21074” markalı, **-US- *** dövlət qeydiyyat nişanlı avtomobilə 300 (üç yüz) manat maddi ziyan dəyməsi ilə bağlı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 300 (üç yüz) manat ödəniş edilmişdir. İş materiallarında olan pretenziyadan görünür ki, Cavabdeh hadisə yerindən yayınmışdır. İş materiallarında olan “inzibati xəta haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı SŞ ASC tərəfindən dövlət nəfinə 30 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 10:00-da Salyan rayonu ərazisində idarə etdiyi “VAZ 21063” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "VAZ 21074" markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq avtomobili zədələmiş, bu zaman o, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, beləliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, yol hərəkəti qaydalarını pozduqdan sonra hadisə yerindən yayındığı üçün barəsində inzibati xəta haqqında protokol və müvafiq inzibati tənbeh haqqında qərar qəbul edilərək cərimə edilmişdir. Beləliklə, müvafiq yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsiri artıq müəyyən edilmişdir. Eyni zamanda, zərər yetirilmiş avtomobil iddiaçı Atəşgah” SŞ ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə iddiaçı tərəfindən 300 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda sığortaçı yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 300 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. 19.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 300 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat pulun əvəzi tutulub İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 300 (üç yüz) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat pulun əvəzi tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar