Məhkəmə qərarları › İş №e-2(057)-1920/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1920/2025

01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1920/2025 01.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul tələbi”ə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 (yeddi min) manat məbləğində pul, 300 (üç yüz) manat vəkilə ödənilən pul və 90 (doxsan) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 7000 (yeddi min) manat məbləğində pul borcludur. Cavabdehin şəxsən təqdim etdiyi yazılı “İLTİZAM”a əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il 7000 (yeddi min) manat borcunun olmasnı təsdiq edən öhdəlik götürmüşdür. “İLTİZAM”da cavabdeh yazmışdır: “Mən Cavabdeh Məhəbbət qızı bu iltizamı verirəm ondan ötəri ki, mən X2 ayrı-ayrı vaxtlarda 7000 manat borca pul almışam. İmkanım olmadığı üçün 7000 manat pulu qaytara bilmirəm. Söz verirəm ki, aldığım 7000 manat pulu hər ay 250 manat olmaqla geri qaytaracağam”. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödəməmişdir. xx.xx.2025-ci ildə Cavabdeh bildiriş göndərməklə ümumi olan 7000 (yeddi min) manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmişdir. Həmin bildirişi cavabdeh şəxsən xx.xx.2025-ci il tarixdə imza edərək almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, hal-hazıradək cavabdehin ona 7000 manat borcunun qaldığını, iddianın həmin məbləğə münasibətdə təmin olunmasını, eyni zamanda vəkillə müqavilə bağladığı üçün 300 manat, həmçinin dövlət rüsumu kimi ödədiyi 90 manat pulun ona qaytarılamsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. xx.xx.2025-ci il tarixli məhkəmə prosesi zamanı cavabdehin istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsinə zəng olunmuş, lakin cavabdeh zəngə cavab verməmişdir. Daha sonra cavabdehin bacısının istifadəsində olan 051 *** ** ** mobil nömrəsinə zəng vurularaq Cavabdeh məhkəmə iclası barədə məlumatının olub-olmaması soruşulmuş, cavabdehin bacısı Cavabdeh işdə olduğu üçün telefona cavab verə bilmədiyi, məhkkəmə prosesi barədə məlumatının olduğu bildirilmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Salyan rayon Vəkil Bürosunun vəkili Nümayəndə ilə hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlamış, buna görə vəkilə 300 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Cavabdeh tərəfindən imzalandığı görünən əl ilə yazılmış yazıdan görünür ki, Rzayeva X1 Radə İmran qızından 7000 manat pulu borc kimi götürdüyünü təsdiq edir, hər ay 250 manat olmaqla pulu hissə-hissə qaytaracağını qeyd edir. İş materiallarında olan sifarişli poçt bildirişindən görünür ki, iddiaçının qeyd etdiyi kimi cavabdehə göndərilmiş “pretenziya” cavabdehin yaşadığı Salyan rayonu Alçalı kəndinə göndərilmiş, cavabdeh həmin pretenziyanı şəxsən qəbul edərək imza etmişdir. Həmçinin iş materiallarından görünür ki, Salyan Rayon məhkəməsi tərəfindən cavabdehə ünvanlanmış məhkəmə bildirişi də cavabdehin yaşadığı Salyan rayonu Alçalı kəndinə göndərilmiş, həmin bildiriş məhkəməyə qayıtmamışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 90 manat pul dövlət rüsumu olaraq Salyan rayon məhkəməsinin hesabına ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş diskdə olan audio yazı məhkəmə iclasında səsləndirilmiş, həmin səs yazısında iddiaçı ilə cavabdeh arasında olan telefon danışı zamanı cavabdeh iddiaçıya 7000 manat borcunun olduğunu etiraf edir, həmin borcu 3 dəfə 2000 manat, 1 dəfə də 1000 manat olmaqla hissə-hissə ödəyəcəyini bildirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 7000 manat borc alıb həmin borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcunu ödəməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat, həmçinin hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə müvafiq 90 (doxsan) manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat, həmçinin hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə müvafiq 90 (doxsan) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar