Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2007/2023 24.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlu – İddiaçı ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmədə öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən hərracın və onun nəticələri haqqında “açıq hərracın nəticələri haqqında protokolu N” 05/01 saylı və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi və cavabdehdən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 3 saylı evin 1 saylı mənzilin 25500 manat qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli, 0243/23 saylı ekspertiza rəyinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə verilmiş ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən icra prosessində olan daşınmaz əmlakın qiymətləndirilməsi və əmlakin ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Göründüyü kimi iddiaçı artıq hərrac keçirildikdən sonra qiymətləndiricinin rəyini mübahisələndirmişdir. İddiaçı hazırkı vəziyyətdə eyni zamanda hərracın nəticələrini də mübahisələndirməklə aidiyyəti məhkəməyə müraciət etməklə iddia qaldırmalı idi. Göründüyü kimi iddiaçı qanunvericiliyin tələblərinə əməl etməmiş və tərtib olunmuş iddia ərizəsi tam deyildir. Ona görə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda təqdim olunmuş iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən hərracın və onun nəticələri haqqında “açıq hərracın nəticələri haqqında protokolu N” 05/01 saylı və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsini də xahiş etmişdir.İddiaçı qeyd olunan tələblə bağlı cavabdehin ünvanı üzrə aidiyyəti məhkəməyə iddia ilə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsində qeyd olunmuşdur ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli № 02/2021 Qərardadının 31-ci bəndində qeyd olunmuşdur ki, qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. 32.Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur.Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsində qeyd olunmuşdur ki, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən hərracın və onun nəticələri haqqında “açıq hərracın nəticələri haqqında protokolu N” 05/01 saylı və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi və cavabdehdən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 3 saylı evin 1 saylı mənzilin 25500 manat qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli, 0243/23 saylı ekspertiza rəyinin etibarsız hesab olunması barədə vermiş olduğu iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-2007/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2007/2023
24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver