Məhkəmə qərarları › İş №e-2(057)-2412/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2412/2025

10.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2412/2025 10.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Mövlanverdi oğlundan 6700 (altı min yeddi yüz) manat məbləğində pul, 300 (üç yüz) manat vəkilə ödənilən məbləğ və 87 (səksən yeddi) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Mövlanverdi oğlu ona 12515 ( on iki min beş yüz on beş) manat məbləğində pul borclu olmuşdur. xx.xx.2021-ci il tarixdə şəxsən təqdim etdiyi yazılı akta əsasən İddiaçı ilə Cavabdeh Mövlanverdi oğlu arasında razılaşma olmuş və 12515 ( on iki min beş yüz on beş) məbləğində borc müqaviləsi bağlanmış və yazılı müqaviləyə əsasən 2024-cü ilin sentaybr ayına qədər ayda 348 (üç yüz qırx səkkiz) manat qaytarmağı öhdəsinə götürmüşdür. Bu borcdan 5815 (beş min səkkiz yüz on beş) manat qaytarmışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq qalan 6700 (altı min yeddi yüz) manat borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödəməmişdir. Tərəfindən cavabdehə aşağıdakı məzmunlu pretenziya göndərilmiş xx.xx.2021-ci il tarixdə ondan aldığı 12515 ( on iki min beş yüz on beş) məbləğində borc müqaviləsi bağlanmış və yazılı müqaviləyə əsasən 2024-cü ilin sentaybr ayına qədər ayda 348 (üç yüz qırx səkkiz) manat qaytarmağı öhdəsinə götürmüşdür. Bu borcdan 5815 (beş min səkkiz yüz on beş) manat qaytarmışdır. Qalan 6700 (altı min yeddi yüz) manat pretenziyanı aldıqdan sonra ona olan borcunu 7 (yeddi) gün müddətinə ödənilməsi təklif olunmuş, əks halda Məhkəməyə bu tələblə bağlı iddia qaldırılacağı bildirilmişdir. Qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədiylə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyi bidirilsə də, pul ödənməmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı Salyan rayon Məhkəməsinə ona qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və ondan 6700 (altı min yeddi yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 sentyabr 2021ci ildə aralarında borc müqaviləsi bağlanmış və ona 12515 manat nəğd şəkildə borc pul vermişdir. O, da həmin pulu ayda 348 manat olmaqla 3-il müddətinə qaytarmağı öhdəmə götürmüşdür. Həmin məbləğin 5815 manatını qaytarmasını, qalan 6700 manatı isə qaytarmadığını iddia ərizəsində göstərmişdir. İddiaçının borc müqaviləsi adlandırdığı AKT yalnız onun tərəfindən imzalanmışdır. İddia ərizəsindəki aktdan açıq aydın görünür ki, ödəniş cədvəl formasındadır və bankdan götürülən kreditin geri ödənilməsi üçün nəzərdə tutulmuşdur. Uzun illərdir iddiaçı tərəflə qonşudur. Onun Pampıqkənd kəndində ərzaq mağazası var. Mağazadan borca aldığı ərzaqların pulunu ailə problemləri səbəbindən ödəyə bilmədiyi üçün aralarında belə bir razılaşmağa gəlmişlər. O, bankdan 10000 manat kredit götürəcək, mağazaya olan 5700 manat borcu siləcək, 4200 manatı isə başqa borclarını bağlamaq üçün ona verəcək. 15 sentyabr 2021-ci il tarixdə iddiaçı Acsess bankdan 10000 manat pul krediti götürmüş, 5700 manatı özünə götürmüş, 4200 manatı ona vermişdir. Akta göstərilən 12515 manat borc bankdan götürülən pulun faizi ilə birlikdə ümumi məbləğidir. İddiaçı həmin məbləğin 5815 manatını geri qaytardığını etiraf etsə də iddiaçının adına olan kreditinin ödənişinin onun tərəfindən ödənildiyini göstərməmişdir. 15 sentyabr 2021-ci il tarixdə Acsess bankdan götürülən kredit 2024-cü ilin avqustunda tam bağlandı . Lakin o, akt üzrə öhdəliyi tam olaraq yerinə yetirə bilmədiyi üçün 22 avqust 2024-cü il tarizdə Acsess bank Salyan filalından götürdüyü 7500 manat kreditin borc bitənə qədər onun ödəyəcəyi barədə razılığa gəlmişlər. 2024-cü ilin sentyabrından başlayaraq hər ay 365 manat iddiaçının kreditinin ödənişini həyata keçirtməyə başlamışdır. Ödəniş 2025-ci ilin may ayına kimi davam etmişdir. 2025-ci ilin iyun ayında iddaçı qalan borcun tam ödənilməsi tələbini irəli sürmüşdür. Bu onun imkanı xaricində olduğunu iddiaçının diqqətinə çatdırsa da, razılaşmamışdır. İddiaçının tələb etdiyi 6700 manat mənləğ şişirdilmiş rəqəmdir. Təqdim etdiyi çıxarışların ümumi məbləği 4489 manat təşkil edir. Odur ki, iddiaçının ona qarşı borc tələbinə dair iddiasının rədd olunması üçün qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh ondan birinci dəfə aldığı borcu tam qaytarmamış yenidən borc pul istəmişdir, borcunun batmaması üçün bankdan öz adına kredit götürərək cavabdehin borclu olduğu hissəni özünə götürmüş, qalan pul yenidən borc kimi qalmışdır. Bu yolla cavabdehin hazırda ona iddia ərizəsində göstərdityi qədər borcu yaranmışdır. Buna görə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmənin 06.102025-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaya etirazında qeyd etdiklərini bir daha təkrarlayaraq iddiaçıya hazırda 6700 manat deyil, 2112 manat borcu qaldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh Mövlanverdi oğlu İddiaçı aldığı 12515 manat borc pulu 2021-ci ilin oktyabr ayından başlayaraq hər ay 348 manat olmaqla 36 ay müddətinə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan pretenziyadan və sifarişli poçt bildirişindən görünür ki, cavabdehə göndərilmiş “pretenziya” cavabdehin yaşadığı Salyan rayonu Pambıqkənd kəndinə göndərilmişdir. Məhkəmə iclasında iş materiallarına olan diskə baxış keçirilmiş, diskdəki səs yazılarından məlum olmuşdur ki, cavabdeh iddiaçıya olan 6700 manat borclu olmasını etiraf edir. Həmçinin iş materiallarından görünür ki, Salyan Rayon məhkəməsi tərəfindən cavabdehə ünvanlanmış məhkəmə bildirişi də cavabdehin yaşadığı Salyan rayonu Pambıqkənd kəndinə göndərilmiş, həmin bildiriş məhkəməyə qayıtmamışdır. Həmçinin cavabdehin istifadəsində olan mobil telefon nömrələrinə AZEMİS vasitəsilə dəfələrlə SMS bildiriş göndərilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 87 manat pul dövlət rüsumu Salyan rayon məhkəməsinin hesabına ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Mövlanverdi oğlu İddiaçı 6700 manat borc alıb (700 manat dəyərində iddiaçıdan nisyə mal almışdır) həmin borcu qaytarmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında borcunun böyük hissəsini ödədiyini, iddiaçıya daha az məbləğdə borclu olmasını göstərsə də, istinad etdiyi halları təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Buna görə də iddia əsaslıdır və iddiaçı iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcunu ödəməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6700 manat pul, 300 manat hüquqi yardım üçün ödənilmiş haqq və 87 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6700 manat pul, 300 manat hüquqi yardım üçün ödənilmiş haqq və 87 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar