Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-252/2024 27.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh, nümayəndəsi Vəkil2 iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh ilə onun arasında bağlanmış 26 fevral 2020-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ödədiyi 55000 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, Cavabdeh 2020-ci ildə Xətai Rayon Məhkəməsinə müraciət edərək X10 Telman qızı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən aralarında bağlanmış müqavilə etibarsız hesab edilmişdir. İddiaçının keçmiş vəkili və nümayəndəsi onu inandırmışdır ki, apellyasiya şikayəti verəcək, lakin onu aldadaraq apellyasiya şikayəti verməmişdir. Sonradan müddətin bərpası ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edilmiş və müddət bərpa olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Vüsalə xanımın apellyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuş və Cavabdeh iddia tələb rədd olunmuşdur. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarından sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorgu verilmiş və məlum olmuşdur ki, Apellyasiya Məhkəməsinin birinci iclasından sonra xx.xx.2021-ci ildə məhkəmə icraatı zamanı Gülşən xanım həmin mübahisəli evi xx.xx.2021-ci ildə X1. 2022-ci ildə Vüsalə xanım Gülşən və Nurlana qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia rədd olunmuşdur. Məhkəmə Nurlanı vicdanlı alıcı hesab edərək, ziyan tələbi ilə bağlı Vüsaləyə hüquqları izah olunmuşdur. Sonradan tərəfindən apellyasiya şikayəti verilmiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də ziyanla bağlı tələb irəli sürülmüşdür. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. Oğlu Şahid2 ilə İddiaçı 4 il münasibəti olmuş və ər-arvad kimi yaşamışlar. 2-3 il əvvəl oğlunu nişanlamışlar. Evlənməsinə az qalmış Vüsalə toya gəlib onları biabır edəcəyini demişdir. Övladını qorumaq üçün notariusda alqı-satqı edərək evi onun adına keçirmişdir. 2020-ci ildə Vüsalə makler gətirərək pulu Banka qoymuşdur. Özü toyu etmiş və sonradan evi geri almaq üçün şikayət vermiş, nəticədə evi geri almışlar.Toya bir həftə qalmış Vüsaləyə kreditini ödəməsi üçün 3000 manat vermişdir. Evi sonradan 31500 manata Nurlana satmışdır.Vüsaləyə evi satarkən ona pul verilməmiş, pulu Vüsalənin gətirdiyi makler banka qoymuş və həmin pulu Vüsalə götürüb ona pul verilməmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmnasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 bildirmişdir ki, cavabdehin dedikləri ilə razıdır.Pulu Vüsalə xanım özü gətizdirərərk bank hesabına qoydurmuş, sonra pul Vüsalə xanımın özünə verilmiş və şahidlər bunu görmüşlər. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, hər iki tərəfi tanıyır.Yadında olmadığı tarixdə Xalqlar Dostluğu metro stansiyasının yaxınlığında yerləşən ofisdə işləyən Elçin adlı notariusun yanına getmişlər. Gülşən xanımın oğlu Rəhman ilə Vüsalə arasında maşın alveri ilə bağlı haqq-hesabları olmuşdur. Vüsalə Rəhmanın ona borcu olduğunu demiş, lakin nə qədər borcu olduğunu deməmişdir. Borcun silinməsi üçün Rəhmanın anası Gülşən evini Vüsaləyə vermişdir.Alqı-satqı zamanı banka pul girib-çıxamalı olmuşdur. Ümumi dostları Ədalət adlı şəxs 55000 manat pulu banka qoymuş və sonradan pulunu yenidən geri götürmüşdür. Beləliklə ev Vüsalənin adına keçmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Gülşən onun anasıdır. Özü Vüsalə ilə 4 il ər-arvad münasibətində olmuşdur. Həmin vaxt Vüsalə evli olmuşdur. Vüsalə ilə birlikdə maşın alveri etmiş və sonuncuya heç bir borcu olmamışdır. Evi arada söz-söhbət olmasın deyə, məcbur olaraq onun adına keçirmişlər. Vüsalə Ədalət adlı şəxsə 500 manat pul vermiş, Ədalət isə bunun qarşılığında banka 55000 manat pul qoymuş və pulu geri götürmüşdür. Beləliklə ev Vüsalənin adına keçmişdir. Toyu edəndən sonra məhkəməyə şikayət etmiş, alqı-satqı müqaviləsini ləğv etdirmiş və sonradan evi 31500 manata başqasaına satmışlar.Vüsaləyə onun heç bir borcu olmamış, bu barədə Elmarın dedikləri doğru deyildir.Onun Vüsalənin əri Rzaya heç bir borcu olmamışdır. Məhkəmədə elan olunmuş Bakı Şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3337/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi Notariusu Zeynalov elçin Səmədağa oğlu tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təstiq edilmiş Cavabdeh Aabdulhəsən qızı ilə İddiaçı arasında 26 fevral 2020-ci il tarixində bağlanmış “Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına verilmiş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Şıxarış və dövlət reyestri tərəfindən aparılmış qeydin ləğv edilməsi və cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilindən çıxarılması, mənzilin iddiaçı Cavabdeh sahibliyinə qaytarılması qət edilmişdir. Məhkəmədə elan olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsindən görünür ki, X10 Telman qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2733/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10912/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-5187/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X10 Telman qızının cavabdehlər Cavabdeh, X5, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 6 saylı Notariat Konturuna qarşı- Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh ilə X9 arasında Bakı şəhəri 6 saylı notariat konturunda bağlanmış 4ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilindən çıxarılması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 1791/2023 saylı qətnaməsindən görünür ki, X10 Telman qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Xətai Rayon Məhkəməsinin 2(011)-5187/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2787/2023 saylı qərarından görünür ki, X10 Telman qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1791/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-5187/2022 saylı qətnaməsi ilə iddiaçı X10 Telman qızının cavabdehlər Cavabdeh, X5, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 6 saylı Notariat Konturuna qarşı- Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh ilə X9 arasında Bakı şəhəri 6 saylı notariat konturunda bağlanmış 4ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilindən çıxarılması barədə iddia tələbi rədd edilmişdir.Həmin qətnaməyə əsasən məhkəmə X6 vicdanlı alıcı hesab etdiyindən X10 Telman qızının iddiası rədd olunmuşdur.Sonrakı məhkəmə aktlarında isə X10 Telman qızının ona dəymiş ziyanı tələb etmək hüququ izah olunmuşdur.Ona görə də məhkəmə qeyd edilənlərə əsasən iddianın təmin olunmasını daha əsaslı və qanuni hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X8 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyrimaddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Bir sıra ölkələrin qanunvericiliyində də yalan əqdlərlə bağlı münasibətləri tənzimləyən eyni məzmunlu normalar nəzərdə tutulmuşdur. Belə ki, Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinin saxta əqdlər adlanan 117-ci paraqrafına əsasən, əgər şəxsə yönəlmiş iradə ifadəsi onun özünün razılığı ilə görüntü üçün edilmişdirsə bu müqavilə əhəmiyyətsizdir. Əgər saxta müqavilə digər həqiqi müqaviləni pərdələmək üçün bağlanmışdırsa, pərdələnən əqdə aid qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: - Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış 26 fevral 2020-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ödənilmiş 55000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 255 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-252/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-252/2024
27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver