Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-291/2024 22.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 15300 manat məbləğində pulun və ödədiyi 136 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 4 ildir ki, Cavabdeh tanıyır. Özünün mağazası var və cavabdeh həmin mağazaya gəlib-getdiyi zaman bir-birilərini tanımış, münasibətləri səmimi olmuşdur. 2023-cü ilin aprel ayının axırında Gülnar oğlunun beynində əməliyyat olacağını demiş və bu səbdən 15300 manat pul istəmişdir. Gülnara təxminən 7-8 min pul vermişdir. Sonradan may ayının əvvələrində Gülnar evinə gəlmiş və ondan qədərini bilmədiyi miqdarda pul almış, nəticədə ümumi borcun məbləği 15300 manat olmuşdur. Cavabdeh pulu əməliyyatdan bir ay sonra qaytaracağını bildirmiş, lakin aralarında faiz söhbəti olmamışdır. Aralarında heç bir yazılı yazışma olmamışdır. Əvvəllər Gülnara 100,200,300 manat məbləğində pul vermiş və sonuncu da vaxtında qaytarmışdır. Polisə pulunu geriyə ala bilmədiyi üçün şikayət etmiş, araşdırılma aparılmış və məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Cavabdeh özünü öldürməklə hədələdiyi üçün polisə şikayət etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında işirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, İddiaçı Cavabdeh 4 ildir ki, tanıyır. Təxminən 7 ay əvvəl 2023-cü ilin aprel-may aylarında Gülnar xanım Vüsalə xanımdan 15300 manat borc alaraq, yaxın müddətə 3-4 aya qaytaracağını bildirmişdir. Aralarında səmimi münasibət olduğundan iddiaçı pulu vermişdir. Pulu harada verməsindən məlumatı yoxdur və pulu verən zaman yanında heç kim olmamışdır. Borcun konkret olaraq hansı gün verilməsi barədə məlumatı yoxdur. Vüsalə xanım polisə şikayət vermiş və Gülnar xanım da orada izahat vermişdir. Gülnar xanım izahatda 15300 manat pulu 10%-lə götürməsini etiraf etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, Vüsalə xanımı 4 ildir ki, tanıyır, əvvəllər sonuncudan 50,70,100 manat kimi xırda məbləğlərdə borc pul almış və qaytarmışdır. X2 xəsarət almışdır. Özü 2021-ci ilin mart ayının 18-də Vüsalənin mağazasına gəlmiş, oğlunun xəstə olmağı ilə bağlı Vüsalə xanımla söhbət etmiş və uşağın müalicəsi üçün sonuncudan pul istəmişdir. İddiaçı ona hər ay 50 manat faiz vermək şərtilə, 500 manat vermiş, özü 4-5 ay həmin pula görə faiz ödəmişdir. Təqribən 2-3 ay sonra Vüsalə xanımdan 700, 1000, 300 manat və sair məbləğlərdə, cəmi 5000 manat olmaqla pul almışdır.Həmin pula görə hər ayın 15-də və axırında 250 manat olmaqla 500 manat faiz ödəməli olmuşdur. Təqribən avqust-sentyabr aylarında Vüsalə xanımdan 700,1000,300 və s. məbləğlərdə yenidən pul götürmüş və cəmi məbləğ 15300 manat olmuşdur. Təqribən 2 ay, hər ay 500 manat olmaqla Vüsaləyə 1000 manat pul vermiş, lakin sonradan verə bilməmişdir. Sonradan Vüsalənin yanına getmiş,onunla ayda faizi verməməsi ilə bağlı razılığa gəlmişdir. Belə olduqdan sonra iki ay 500 manat pul verərək ümumi borcdan 1000 manat pul vermiş və nəticədə 14300 manat borcu qalmışdır. Odur ki, 14300 manat borcunun olduğunu etiraf edərək, hər ay 500 manat ödəməyə etiraz etmədiyini bildirdi. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 136 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı Salyan RPŞ-yə verdiyi izahatdan görünür ki, o, Salyan RMX-da tibb bacısı işləyir, Cavabdeh təxminən dörd ildir ki, tanıyır və sonuncu ilə səmimi münasibətləri olmuşdur. Təxminən 7 ay əvvəl 15300 manat məbləğində pulu borc məqsədi ilə ona vermiş, sonuncu isə həmin pulu qaytaracağını bildirmiş, lakin həmin vaxtdan heç bir ödəniş etməmişdir. Cavabdeh Salyan RPŞ-yə verdiyi izahatdan görünür ki, o, İddiaçı təxminən iki ildir ki, yaxından tanıyır və onunla düşmənçilik ədavəti olmamışdır.Təxminən 2022-ci ilin mart aylarından başlayaraq hissə-hissə olmaqla ümumilikdə 15300 manat almaqla 10%-lə pulu götürmüşdür. Həmin pulu özü və vətən müharibəsi iştirakçısı olan oğlu X1 müalicəsi üçün götürmüşdür. Sözügedən məbləğdən 1000 manatını qaytarmış və 14300 manat borcu qalmışdır. Məhkəmə tərəfləri dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki,məhkəmə baxışı zamanı aydın olmuşdur ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda 10 faiz ödəmək şərti ilə cəmi 15300 manat məbləğində pul vermiş, cavabdeh həmin məbləğdən 1000 manatı qaytarmış, qalan məbləği isə qaytarmaqdan boyun qaçırmışdır.İddiaçı 15300 manat məbləği tələb etmiş, cavabdeh həmin məbləğdə pulu almasını təsdiqləmiş, lakin 1000 manat qaytardığını bildirmişdir.İddiaçı cavabdehin 1000 manat qaytardığını etiraf etməsə belə, məhkəmə bu halda cavabdehin 1000 manat qaytardığını daha inandırıcı hesab edərək həmin məbləğin tələb olunan məbləğdən çıxılmasını məqsədəuyğun hesab edir.Ona görə də iddia qismən təmin olunaraq cavabdehdən 14300 manat pulun alınıb iddiaçıya verilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 14300 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 127,10 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-291/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-291/2024
22.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver