Məhkəmə qərarları › İş №e-2(057)-3177/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-3177/2025

13.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-3177/2025 13.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2600 manat əsas borc, əlavə olaraq bu işlərlə bağlı taksi, avtomaşın vasitələrindən, telefon rabitə vasitələrindən istifayə görə 200 manat xərclər üzrə vəsaitin və məhkəməyə ödənilmiş 48 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmsi və cavabdehin hərəkətlərində dələduzluq əlamətləri törədib-törətməməsi barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə “Tik-Tok” şəbəkəsində tanış olmuş, bir müddət tanışlığı davam etdikdən sonra onun təcili pula ehtiyacı olduğunu demişdir. Onun da səhhətində yaranmış problemlərlə əlaqədar pensiyamdan topladığı pulumun olduğuna və 5–6 ay sonra cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu bildirərbildirməz cavabdeh ona lazım olan qədər pul verəcəyini, lazım olsa da qaytaracağını demişdir. Oda onun səmimiyyətinə, etibarına vədiyyinə inanaraq cavabdehin bank kartına 2600 (iki min altı yüz) manat məbləğində pul göndərmişdir. Lakin cavabdeh onun səmimiyyətindən, sadəlövhlüyündən, humanistliyindən istifadə edərək bir ilə yaxın idi ki, pulunu geri qaytarmamışdır. Faktla bağlı çoxsaylı şikayət ərizələri ilə aidiyyəti qurumlara müraciət edərək müvafiq tədbirlərin görülməsini xahiş etsə də, Salyan rayon polis şöbəsinin müstəntiqi, polis leytenantı cənab Hacıbala Əlisgəndərli 25 sentyabr 2025-ci il tarixli HK-1/1730 saylı qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsini, mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etməyini tövsiyyə etmişdir. Polisin həmin qərarında da cavabdeh izahat verərək borcunu etiraf etmişdir. Hesab etmişdir ki, cavabdeh bu və ya digər hərəkət və ya hərəkətsizlikləri ilə onun qanunla qorunan konstitusion hüquqlarını pozmuş, bununla onun firavan, rahat yaşamağına mənfi təsir göstərmiş, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bundan başqa onu da qeyd etmişdir ki, tərəfindən cavabdehə şərait yaratmışdır ki, deməsinə görə ailə vəziyyətləri maddi cəhətdən yaxşı deyil, işləsin, pul qazansın, normal dolanışqlarını təmin etsinlər, ailə üzvlərinə köməklik göstərə bilsin, eyni zamanda onun da pulunu qaytarsın. Gah torpağını satıb verəcək, gah kredit götürüb verəcək və s. kimi bəhanələrlə pulunu qaytarmadan imtina etmişdir. Ona görə də hesab etmişdir ki, cavabdeh müqavilədə göstərilən 2600 manat borcu pul şəklində qaytarmamaqla yanaşı mənəvi cəhətdən də mənəvi ziyanlarını da ödəməli və bu barədə məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməlidir. O, cavabdehin bu cür hərəkət və hərəkətsizlikləri üzündən artıq əsəb-sinir, ürək qan-damar diaqnozlarından ambulator şəkildə müayinə və müalicə olunur. Təəssüf olsun ki, cavabdeh öz məsuliyyətini və vəzifələrini bu günə kimi ona qarşı yerinə yetirməmişdir. Ona görə də cavabdehin hərəkət və ya hərəkətsizliyindən psixi təsirlərə, mənəvi iztirab və stresslərə məruz qaldığından hesab etmişdir ki, mənəvi ziyanlar da ödənilməli, təxminən məhkəmənin müvafiq etdiyi məbləğdə mənəvi ziyanlar və 2600 manat əsas borcun, eləcə də məhkəmə hesabına ödənilmiş 48 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış HK-1/1730 nömrəli araşdırma materiallarında cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CM-178-ci maddəsilə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, araşdırma zamanı Cavabdeh verdiyi izahatında göstərmişdir ki, İddiaçı barəsində etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Firuzə ilə 2024-ci ilin əvvəllərində "Tik-Tok” sosial şəbəkəsində tanış olmuşdur. O, Firuzə ilə heç vaxt görüşmədiyini yalnız “Tik-Tok” sosial şəbəkəsində yazışdığını bildirmişdir. 2024-cü ilin noyabr ayının 11-də söhbət əsasında Firuzəyə 150 manat pula ehtiyacının olduğunu bildirmişdir. Firuzə də ondan kart hesabı istəmiş və ona 150 manat pul göndərmişdir. O, Firuzəyə bir aya pulu geri qaytaracağını bildirmişdir. 2024cü il 29 noyabr tarixdə o, Firuzəyə “Tik-tok” sosial şəbəkəsində yazaraq 1700 manat borc pul istəmişdir. Firuzədə ona 1700 manat pul göndərmişdir. O, pulu 2025-ci ilin mart ayından hissə-hissə geri qaytaracağını bildirmiş, Firüzədə razılaşmışdır. 2024-cü ilin dekabrın 10-da o, maşının təmiri üçün lazım olan 400 manatı Firuzədən borc istəmişdir. Firuzə də ona 400 manat pul göndərmişdir. Daha sonra 2024-cü ilin dekabrın 25-da əlavə olaraq 350 manat borc istəmişdir. Ümumilikdə o, Firuzədən 2600 manat pul almışdır. 2025-ci ilin mart ayında Firuzə ona zəng edərək bütün pulunu istəmişdir. O, da imkanının o olmadığını və pulu hissə-hissə qaytaracağını bildirmişdir. 2025-ci ilin iyun ayında ona vəkil tutduğunu və barəsində şikayət etdiyini bildirmişdir. Vəkilə verdiyi 700 manat pulu da tələb etməyə başlamışdır. Sonuncu dəfə 10 gün bundan əvvəl Firuzə ilə danışdığını, pulu qaytarmağa maddi imkanının olmadığını bildirmişdir. “WhatsApp” yazışmalarından görünür ki, Cavabdeh məxsus **********957524 saylı bank hesabına 29 dekabr 2024-cü il tarixdə İddiaçı tərəfindən 2600 manat məbləğində pul göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Anıqlı və Operativ Sosial Təminat Agentliyi 1 Saylı Bakı Dost Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 393.34 manat məbləğində əmək pensiyası aldığı göstərilmişdir. Mpay QSC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, M*****İ*****İ*****oğluna məxsus 416973******3237 nömrəli kart hesabına 1.700 manat ödəniş edilmişdir. Mpay QSC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, M*****İ*****İ*****oğluna məxsus 416973******3237 nömrəli kart hesabına 150 manat ödəniş edilmişdir. Mpay QSC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, M*****İ*****İ*****oğluna məxsus 416973******7524 nömrəli kart hesabına 400 manat ödəniş edilmişdir. PashaPay MMC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, M*****İ*****İ*****oğluna məxsus 416973******7524 nömrəli kart hesabına 350 manat ödəniş edilmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı qızından 2024-cü ilin noyabr-dekabr aylarında ümumilikdə 2600 manat borca pul almışdır. Cavabdeh borcunu qaytaracağına söz versə də, hazırki vaxtadək qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Beləliklə, hazırkı iş üzrə 2600 manat məbləğində borca münasibətdə tərəflər arasında borc müqaviləsi münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Tərəflər arasındakı borc müqaviləsi predmetinin məbləği üç min manatdan aşağı olduğu üçün bu müqavilənin yazılı formada bağlanmasına zərurət olmamışdır. İddiaçı cavabdehə borc pul verməyi öhdəsinə götürmüşdür. O, üzərinə düşən vəzifəni yerinə yetirsə də, cavabdeh üzərinə düşən vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, iddiaçının əlavə 200 manat tələbinə gəldikdə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, əlavə olaraq bu işlərlə bağlı taksi, avtomaşın vasitələrindən, telefon rabitə vasitələrindən istifadəyə görə 200 manat xərclər üzrə vəsaitin ödənilməsinə dair iş materiallarında hər hansı yazılı sübut təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə sübut olunmadığından əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 44.57 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2600 manat məbləğində pul və 44.57 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2600 manat məbləğində pul və 44.57 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar