Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-745/2024 11.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi vəkil Nümayəndə,Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki, 2019-cu ilin iyul ayının 13-də saat 15 radələrində Əlövsətlə Bakı şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən çayxanada görüşmüş, qardaşı Elşənin yanında 30.000 ABŞ dolları vermiş və Əlövsət alver edəcək, əldə olunan gəliri öz aralarında bərabər şəkildə böləcəkləri barədə razılığa gəlmişlər. Razılığa əsasən 3 ay ərzində verilən 30000 ABŞ dolları məbləğində pulu geri qaytarmalı idi. Bundan sonra cavabdeh bir il ərzində ona müxtəlif məbləğlərdə pul göndərmiş və ümumilikdə həmin məbləğ 30000 manata yaxın olmuşdur. Bir ildən sonra Əlövsət ona pul göndərmədiyi üçün 30000 ABŞ dolları məbləğində pulu geri istəmiş, lakin müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Buna görə Binəqədi Polis İdarəsinə müraciət etmiş və orada Cavabdeh verdiyi izahatında “qarşılıqlı razılıq əsasında Pərviz qardaşı Elşənin yanında Bakı şəhərindəki çayxanaların birində 30000 ABŞ dollar vermiş və o da həmin pulu dövriyyəyə buraxaraq alver etməyə başlamışlar. Türkiyədən Binə ticarət mərkəzinə müxtəlif qadın geyimləri gətirib satmış,həmin il hər ay 5000 manat qazanc əldə edərək qazancından bir il ərzində hər ay 1500-2000 manat, sonradan isə alver zəiflədiyi üçün hər ay Pərvizə 1000 manat pul vermiş, ümumilikdə Pərvizə sonuncunun alver məqsədi ilə ona verdiyi 30.000 ABŞ dollarının qarşılığında 100.000 manat pul vermişdir” ifadəsini qeyd etmişdir. Sonradan isə alver zəif olduğundan qazanc əldə edə bilməmiş, bu səbəbdən Pərvizə daha pul verməmişdir.Göründüyü kimi cavabdeh 30.000 ABŞ dollarını almış və ona ayırdığı 100.000 manat qazanc əldə etmişdir. Belə çıxır ki qazanc 200.000 manat olmuşdur və həmin pulun 30.000 ABŞ dollarına aidiyyəti yoxdur.Aralarında olan danışığı qeydə aldırmış və bu barədə CD təqdim etmişdir. Odur ki, Cavabdeh 30.000 ABŞ dolları və 240 manat dövlət rüsumunun birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, bacısının yoldaşı Əlövsətin yoldaşının əmisidir.Bacısı oğlu təqribən 2017-2018-ci illərdə Əlövsətin qızına nişanlanmış,sonradan isə pozuluşmuşlar.Təqribən 2019-cu ilin əvvələrində Salyan şəhərində qohumlarla çörək yeyn zaman Əlövsət ona paltar dükanının olduğunu, dövriyyəni artırmaq istədiyini demişdir. İmkan varsa qoşulmasını və bir yerdə işləməsini demişdir.Növbəti dəfə görüşən zaman cavabdeh dükanın dəftərində qazancı və dövriyyəsini ona göstərmişdir. 2019-cu ilin iyul ayının 14-də Bakı şəhərində görüşərək ona 30.000 ABŞ dolları məbləğində pul vermişdir.Aralarında olan razılaşmaya əsasən gələn gəliri şərik böləcəklər. Aralarındakı razılığa əsasən 30.000 ABŞ dolları dükanda qalır, 3 ay əvvəlcədən xəbərdarlıq etmək şərti ilə dövriyyədən çıxarıb qaytaracaqdır. Dükanda cavabdehin təqribən 50000 manat dəyərində malı olmuşdur.Gəlirin bərabər bölünməsini cavabdeh özü təklif etmişdir.Əlövsət verdiyi pula zamin olduğunu, batacağı təqdirdə qaytaracığını demişdir. Cavabdehin qızı ilə bağlı nişan pozulana, yəni 2021-ci ilin iyul ayına qədər hər ay 3000, 2500,1500,2000, 500 və sair məbəğlərdə, cəmi 26800 manat pul göndərmişdir.Ərizədə isə təqribən 30000 manat göstərmişdir.2021-ci ilin əvvəllərindən pulu istəmiş, cavabdehin ilin axırına kimi pulu verəcəyini demişdir. İyul 2021-ci ildən sonrakı müddətlərdə cavabdeh pulu verməyərək telefonlara cavab verməmişdir.Hətta onun evinə getmiş, buna görə də cavabdeh onun üzərinə bıçaq çəkmişdir.Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı, nümayəndəsi vəkil Nümayəndə iddiaçının dedikləri ilə razılaşaraq təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, iddiaçı ilə qohumluğu 2016-ci ilədən olmuşdur. İddiaçının qaynı oğlu qızına nişanlanmışdır.Buna görə də münasibətləri bir qədər də mehribanlaşmışdır. 2017-ci ildə Elşən əməlliyyat olunmuş və ona görə yanına getmişlər.Orada söhbət zamanı Elşən qardaşı Pərvizin pul qazanmaq istədiyini demişdir. 2017-ci ilin iyun ayında Bakı şəhərində Əyləncə mərkəzində iddiaçı qardaşı ilə birlikdə onunla söhbət etmiş və Pərviz əvvəlcə 20000 ABŞ dolları və daha sonra maşında olan 10.000 ABŞ dollarını gətirib ona verərək birlikdə alver edib qazanc ədə etmək istədiklərini demişdir. Özünün mağazasında təqribən 50000 manata yaxın malı olmuşdur. Onlar qazancı bərabər böləcəkləri barədə razılığa gəlmişlər.Eyni zamanda iddiaçıya onun verdiyi 30000 ABŞ dollarına zamin qaldığı, zərərə düşdüyü halda onun pulunu verəcəyini bildirmişdir.2020-ci ildə pandemiya ilə bağlı alver olmamış, dükan əlindən çıxmış, satılmayan qalıq malları isə 10000 manata vermişdir.Ziyan çəkdiyi üçün iddiaçının pulunu verə bilməmişdir.İddiaçı onunla gəlirə şərik olduğu üçün ziyana da şərik olmalıdır.Bundan başqa iddiaçıya 57000 manat pul vermişdir. Binəqədi polisində iddiaçı özü 57000 manat pul almasını etiraf etmişdir.İddiaçının tələb etdiyi məbləğdən də artıq pul vermişdir.Ona görə də verilmiş iddianın əsassız olması səbəbindən rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi X1 02 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh bildirmişdir ki, 2018-ci ilin iyul ayında Pərviz qardaşı Elşənlə birlikdə müraciət edib maşın alveri ilə məşğul olduqlarını, lakin qazanc əldə edə bilmədikləri üçün onunla şərik olub birlikdə alver etmək istədiklərini, ona pul verib birlikdə qazanc əldə etmək istədiklərini bildirmişlər.Ondan sonra qarşılıqlı razılıq əsasında Pərviz qardaşı Elşənin yanında Bakı şəhərindəki çayxanaların birində ona 30000 ABŞ dolları vermiş, o da həmin pulu dövriyyəyə buraxaraq alver etməyə başlamışlar.Türkiyədən Bakı Binə ticarət mərkəzinə müxətlif qadın geyimləri gətirib satmış və həmin il hər ay 5000 manat qazanc əldə edərək qazancdan da bir il ərzində hər ay Pərvizə 2500 manat pul vermişdir.Ondan sonra pandemiya dövründə bir il ərzində hər ay 2000, 1500 və sonradan alver zəiflədiyindən hər ay 1000 manat pul vermiş, ümumilikdə Pərvizin ona verdiyi 30.000 ABŞ dolları qarşılığında 100.000 manat pul vermişdir. Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi X1 02 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı verdiyi izahatında qeyd etmişdir ki,təxminən 2018-ci ildə bacısı oğlu Əlövsətin qızına nişanlanmışdır.Əlövsətin Salyan şəhərində paltar mağazası olduğundan bir dəfə qonaqlıqda olan zaman Əlövsət ona və qardaşı Elşənə mağazasının olduğunu və əlində kifayət qədər vəsait olmadığını bildirmişdir.Ona pul veriləcəyi təqdirdə qazancı və dövriyyəni artaracığını demişdir. Qohum olduğu üçün Əlövsətə inanmışlar.Ona görə də 2019-cu ilin iyul ayının 13-də saat 15 radəlrərində Əlövsətlə Bakı şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən çayxanaların birində görüşərək qardaşı Eləşənin yanında ona 30.000 ABŞ dolları vermişdir.Həmin vaxt yaxın qohum kimi razılaşmlar ki, verilən pulla Əlövsət alver edəcək, əldə olunan qazancı öz aralarında yarı böləcəklər.Pulunu geri istədiyi zaman Əlövsət verilən 30000 ABŞ dolları ay ərzində ona tam həcmdə qaytaracaqdır.Bundan sonra Əlövsət bir il ərzində hər ay müxtəlif məbləğlərdə pul göndərmiş, ümumilikdə Əlövsət ona təxminən 30000 manata yaxın pul göndərmişdir.Bir ildən sonra Əlövsətin vaxtında ona pul göndərmədiyini görmüş və ona verdiyi 30.000 ABŞ dollarını geri istəsə də müxətlif bəhanələrlə verməkdən imtina etmişdir. Məhkəmə hər iki tərəfi dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı 2019-cu ilin iyul ayında iddiaçı cavabdehə birgə alver edib qazanc əldə etmək məqsədi ilə 30000 ABŞ dolları məbləğində pul vermiş, cavabdeh həmin pulla və həmçinin özündə olan vəsaitlə alver etmək məqsədi ilə mal gətirib satmış və əldə etdiyi gəliri birlikdə bölüşmüşlər.Tərəflər arasında olan ilkin razılaşmaya əsasən cavabdeh aldığı 30000 ABŞ dolları müqabilində iddiaçıya əldə etdiyi qazancı bərabər şəkildə bölüb verməyi, 30000 ABŞ dolları isə iddiaçının xəbərdarlığından sonra qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında şifahi razılaşmaya əsasən əqd bağlanmış, hər iki tərəf üzərilərinə öhdəlik götürmüşlər.İddiaçı üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə icra etməmişdir.Ona görə də iddiaçı cavabdehə verdiyi pulu tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-cı maddəsində qeyd olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh qətnamə icra olunan vaxt azərbaycan manat məzənnəsi ilə 30.000 ABŞ dolları və 240 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-745/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-745/2024
11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver