Məhkəmə qərarları › İş №e-2(058)-743/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-743/2025

02.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-743/2025 02.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X13 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi - vəkil Nümayəndə, Cavabdeh3 (Cavabdeh1 nümayəndəsi), Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Abbas Qasımov küçəsi (əvvəlki Səməd Vurğun) küçəsi 20 nömrəli mülkün tikilməsinə və təmirinə çəkilmiş xərcin - 60000 (altmış min) manat pulun 1/2 hissəsi olaraq 30000 (otuz min) manat pulun, hüquqi yardıma görə ödədiyi 325 manat və 180 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun sabiq əri, Cavabdeh3 və Cavabdeh2 ərinin valideynləridir. O, Cavabdeh1 ilə xx.xx.2008-ci ildə ailə quran zaman ailəsi ilə birlikdə yaşadıqları nənəsi X2 miras qalmış Samux rayonu, Abbas Qasımov küçəsi (əvvəlki Səməd Vurğun) küçəsi, 20 nömrəli mülkə köçmüşdür. Hazırda onun cehiz əşyaları həmin mülkdədir. O, oraya köçən zaman ev olduqca təmirsiz və köhnə tikili olmuşdur, lakin birgə yaşadıqları dövrdə, yəni 2021-ci ildə Cavabdeh3 və Cavabdeh2 onlara bildirmişlər ki, özləri üçün evi uçurub yenidən tikdirə bilərlər. Onlar, 2021-ci iyul ayında evi tamami ilə uçurub tikintisinə başlamış, 2022-ci ilin sonlarına qədər tikinti-təmir işləri davam etmiş və evə 2022-ci ilin dekabr ayında köçmüşlər. Evin tikinti və təmirinə Cavabdeh1 və onun tərəfimdən 60000 (altmış min) manat pul sərf edilmişdir. Cavabdehlər evin onlar üçün tikildiyini bildirmiş, tikinti-təmir işləri üçün ondan bankdan pul götürməsini istəmişlər. Evin onlar üçün tikildiyini hesab edib o, 01 noyabr 2021-ci il tarixdə “Kapital Bank”-dan 6000 manat kredit götürmüş və cavabdehlərə vermişdir. Hazırkı vaxta qədər o, banka olan borc məbləğini əmək haqqından ödəyir. Bundan sonra ona bildirmişlər ki, həmin pul kifayət etməmişdir və ona məxsus qızıl-zinət əşyalarını Cavabdeh3 lombarda qoyub pul götürmüşdür. İddia ərizəsinə əlavə etdiyi 2008-ci il tarixdə toylarının və oğlunun 2016-cı il tarixdə keçirilən kiçik toyunun video görüntülərindən və evin hazırkı vəziyyətinə dair foto-şəkillərdən həqiqətən də əvvəlki evin tamami ilə uçurularaq, yeni ev tikilib-təmir edildiyi aydın olur. O, həmin evdən 2024-cü ilin iyun ayından çıxmış, hazırda ev cavabdehlərin istifadəsindədir və Cavabdeh3 xx.xx.2025-ci il tarixdə mirasın qəbulu ilə əlaqədar Samux rayon notariat ofisinə müraciət etmişdir. Evə çəkilmiş xərcin ½ hissəsi, yəni 30000 (otuz min) manat pul cavabdehlərdən alınıb ona ödənilməlidir. Cavabdehlər Cavabdeh1 ilə onun birgə nikah dövründə tikdirdiyi evə çəkilmiş xərci ona ödəməkdən imtina etmişlər. Odur ki, hazırda o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 6000 manat kredit götürmüş və keçmiş qaynanasına vermişdir. Pul çatmadığı üçün o, qızılları keçmiş qaynatasına vermişdir ki, lombarda qoyub pul götürsün, evin tikintisi yarımçıq qalmasın. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi - vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim edilmiş bank sənədlərinin tarixindən aydın olur ki, ev tikilən tarixlərə təsadüf edir. Əliqulu Pərvinin qızıllarını lombarda qoyub pul götürmüşdür. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, o, Rusiyadan 2021-ci ilin axırında gəlmiş, 2022-ci ildən 2023-cü ilə keçəndə ev tikməyə başlamış, ustalar tapmış, işləməyə başlamışdır. Onun kartı 8 il qardaşı oğlu - X1 olmuşdur. O, Rusiyadan ******* manat pul gətirmiş, arabir pul göndərmiş, özünə məxsus pay torpağını satmışdır ki, evi tikdirib qurtarsın. O, qızıl götürməmiş, lombarda qızıl qoymamışdır, Pərvinin bankdan pul götürməsindən xəbəri yoxdur. Pərvin həmin evdə yaşamamış, köhnə evdə yaşamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, Pərvin ona zəng edərək, qızıllarını girov qoyub anasıgilə kredit götürüb vermək istədiyini demiş, o, isə razılaşmışdır. O, öz qızıllarını qoyub kredit götürmüşdür. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində göstərmişdir ki, iddiaçı 2007-ci il tarixdə ərə getmişdir. 3 ev olmuşdur, 2021-ci il tarixdə həmin 3 ev sökülmüş, yeni bina tikilmişdir. İddiaçı ilə cavabdeh 2025-ci il tarixdə boşanmışlar. Həmin evin tikintisinə Pərvin, qaynanası və qaynatası kömək etmiş, kredit almışlar, lombarda qızıl qoymuşlar. Pərvin bankdan 6000 manat pul götürmüş, qızılları lombarda qoyub pul götürmüş və ustalara vermişdir. O, iddiaçının qızılları qoyub nə qədər pul götürməsini bilmir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində göstərmişdir ki, Əliqulu ilə əmioğludur. Təxminən 4 il əvvəl 2021 ya 2022-ci il tarixdə onun əmisi oğlu Əliqulu Rusiyadan Azərbaycana gələndən sonra onu çağırıb məsləhət etmişdir ki, ata mülkünü yenidən bərpa etmək istəyir. Həmin vaxt Əliqulunun qardaşı oğlu Xəqani Əsgərov məsləhət görmüşdür ki, evi yenidən tikməkdənsə bünövrəsi möhkəm olduğu üçün bərpa etsinlər. O, evin tikilməsi üçün vəsaitin olub-olmamasını soruşmuş, Əliqulu ona demişdir ki, Rusiyadan ******* rubl pul gətirmişdir və 7 ildir aldığı təqaüdün kartı Xəqanidədir, həmin karta pul yığılmışdır. Həmin evi sökdürüb tikintiyə başlamışlar. Tikinti tam bitməmiş, müəyyən işləri qalmışdır, Əliqulu ona pulun bitdiyini demişdir. Əliqulunun 1.0 ha pay torpağı vardır, həmin pay torpağını 13500 manata satmışdır, həmin puldan istifadə etmiş, lakin tikintini bitirə bilməmişdir. Tikinti materiallarını Xəqani ona Yevlaxdan 11000 manata kimi pul verib aldığını demişdir. Kiminsə adına pul götürülməsi haqqında, Pərvinin qızıllarının lombarda qoyulması barədə onun məlumatı yoxdur. Pərvinin həmin evə dair hər hansı vəsait qoymasından onun məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində göstərmişdir ki, iddiaçı onun əmisi qızıdır. Pərvin 2007-ci ildə həmin evə gəlin köçmüş, gəlin köçən zaman o, həmin evə getmiş, həmin evdə olmuş, boşanma ərəfəsinə kimi gedib gəlmişdir. Həmin ev sonradan, yəni əmisi qızı orda olan vaxt - 2022-ci ildə tikilmişdir. Pərvin həmin ev tikilən vaxt onunla birlikdə gedib 6000 manat kredit və qızıllarını lombarda qoyub əri ilə birlikdə ev tikdirmək üçün pul götürmüşdür. Köhnə ev 2021-ci ildə sökülmüş 2022-ci ildə hazır olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində göstərmişdir ki, cavabdehlər onun qonşusudur və uzun illər Rusiyada yaşamışlar. Cavabdehlər Rusiyadan gəldikdən sonra evi söküb tikmişlər, usta işləmiş, qum və daş gətirilmişdir. Həmin ev sökülüb tikilən vaxt təxmini 1 ilə yaxındır Pərvin ailəsi ilə həmin evdə yaşamışdır. Pərvin və əri işə gedib gəlmişlər. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində göstərmişdir ki, Əliqulu onun qardaşıdır. Cavabdehlər uzun illərdir Rusiyada yaşamışlar, Rusiyadan gəlib torpaqlarını satıb ev tikmişlər. Cavabdehlər pensiya alır, əvvəllər pensiyanı oğluna və gəlininə vermişlər, daha sonra pensiyalarını böyük qardaşı oğluna vermişlər, qardaşı oğlu ustadır və həmin pulu yığmışdır. Cavabdehlər torpaq sahələrini satmışlar, özləri pul qazanıb ev tikmişlər. Pərvin evə pul verməmiş və onun qızılların girov qoyulmasından məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində göstərmişdir ki, cavabdeh Əliqulu onun atası, Xanım anasıdır, Yalçın isə onun qardaşıdır. Onun atasıgil Rusiyadan gəlmişlər, özlərinin pensiyası yığılmışdır, pay torpaqlarını satmışlar və ev tikmişlər. Həmin vaxt valideynləri xəstə olmuşdur və o, valideynlərinə baxmışdır. Həmin evi atası və anası tikdirmiş, Pərvin həmin ev sökülən vaxt həmin evdə yaşamışdır, lakin Pərvinin pul verməsini o, görməmişdir. Pərvin və əri həmin vaxt işləmişlər. O, Pərvinin kredit götürməsini, qızılları lombarda qoymasını görməmişdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)- 64/2025 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində 135 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Məhkəmə iddiaçıya öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Ona görə də məhkəmə mövcud materiallar və işin müəyyən edilmiş halları əsasında mübahisənin həll edilməsini mümkün hesab edir. Birincisi, evin tikintisinə iddiaçının xərc çəkdiyi təsdiq olunmur. Belə ki, cavabdehlər bildirirlər ki, evin tikintinin xərci bütünlüklə özləri tərəfindən çəkilmişdir. O cümlədən, cavabdehlərin təşəbbüsü ilə məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş şahidlər bildirmişlər ki, tikinti xərcləri yalnız cavabdehlər tərəfindən çəkilib. İddiaçı isə onun tərəfindən tikintiyə xərc çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun tikintiyə xərc çəkdiyini müəyyən edə bilməz. İkincisi, əgər iddiaçı tərəfindən evin tikintisi üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin (gəlin keçmiş ər, qaynana-qaynata) arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Həmçinin məhkəmə iddiaçı tərəfin şahidlərinin məhkəmə iclasında verdikləri ifadələrə tənqidi yanaşaraq, həmin şahid ifadələrini kifayət qədər obyektiv və inandırıcı hesab etmir. Əksinə məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdehlərin öz vəsaitləri hesabına evin tikintisinin aparılması öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda iddiaçı tərəf mübahisəli evin tikilməsi üçün özü tərəfindən hər hansı pul vəsaitinin evə xərclənməsi barədə sübutlar təqdim edə bilməmişdir. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə 8 nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdehlər arasında evə tikinti işlərinin aparılması ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, tikinti işlərinin görüldüyü zaman ev iddiaçının qaynatasına aid olan ev olub, gəlinin öz qaynatasına aid olan evdə tikinti işləri görməsi üçün onunla podrat, tapşırıq və ya digər müqavilə bağlaması ağlabatan deyil. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. İddiaçı tikinti xərcini öz ailəsinin maraqları naminə çəkib. Belə ki, tikinti işlərinin görüldüyü zaman ev cavabdehlərə aid olan ev olub, iddiaçı gəlin ailə münasibətlərinə əsaslanaraq keçmiş əri, qaynanası və qaynatası ilə birlikdə yaşayacağı evin tikintisi üçün xərc çəkib, belə vəziyyətdə keçmiş ər, qaynana-qaynata gəlini üçün “özgə”, gəlin isə keçmiş ər, qaynana-qaynata üçün “özgə işlərini tapşırıqsız aparan şəxs” sayılmayıb. Cavabdehlər əsassız varlanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Gəlin keçmiş ər, qaynana-qaynata münasibətlərinin xoş olduğu dövrdə ailə maraqları naminə çəkilən xərc gəlin keçmiş ər, qaynana-qaynata münasibətlərinin korlanmasından sonra əsassız varlanma anlayışı ilə əhatə oluna bilməz. Əgər gəlin evin tikintisi üçün çəkdiyi xərcin əvəzini münasibətlərin korlanmasından sonra keçmiş ər, qaynana-qaynatasından tələb edirsə, onda eyni məntiqlə keçmiş ər, qaynanaqaynata da gəlini üçün çəkdiyi xərclərin əvəzini tələb etməlidir. Belə tələblər yolverilməzdir. Ailə münasibətlərinin xoş olduğu dövrdə gəlin keçmiş ərin, qaynana-qaynatanın bir-birinin mənafeyi naminə çəkdiyi xərclər mənəvi-əxlaqi borcun icrası sayılır. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar