Məhkəmə qərarları › İş №e-2(058)-749/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-749/2024

12.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-749/2024 12.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq cavabdehdən 8450 (səkkiz min dörd yüz əlli) manat məbləğində pulun və ödədiyi 38 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh iş yoldaşı kimi tanımış və yaxşı münasibəti olmuşdur. Cavabdeh ona probleminin olduğunu və təcili pula ehtiyacı olduğunu bildirmişdir. O, isə xx.xx.2022-ci il tarixdə Cavabdeh 9000 (doqquz min) manat borc pul vermiş, Zaur bu barədə iltizama imza etmişdir. Cavabdeh ona olan borcundan 550 manat ödəniş etmiş, hal-hazırda Cavabdeh ona ödənilməmiş 8450 manat borcu qalmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun iddiaçıya 3500 manat borcu olub, lakin borcunu qaytarıb. Buna baxmayarq iddiaçının polis şöbəsinə onun barəsində şikayəti əsasında o, polis şöbəsinə dəvət olunmuş, həmin gün getməli olduğu yerə tələsdiyi üçün iddiaçıya 9000 manat borcu olmasına dair iltizama qol çəkib getmiş, düşünmüşdür ki, sözügedən məsələnin həlli yolunu tapar. Həmin məbləğdən isə təxminən 700-800 manat iddiaçıya qaytarmışdır. İddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, cavabdehin hazırlıq iclasında verdiyi izahatını nəzərə alaraq və iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh 2021-ci il tarixdə "xxxx" MMC-də işlədiyi müdddət ərzində İddiaçı 9000 manat borcunun qaldığını, həmin borcdan 2023-cü ilin yanvar və fervral aylarında hər ay 100 manat, digər aylarda isə davamlı olaraq 200 manat, yay mövsümündə isə 2000-3000 manat ödəyərək öhdəliyini yerinə yetirəcəyini qeyd edərək imzası ilə təsdiqləmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqaviləyə əsasən öhdəliyini icra etsə də, cavabdeh öz öhdəliyini tam icra etməmişdir. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi sübut və cavabdehin hazırlıq iclasında verdiyi izahatındakı xüsusatlarla tam şəkildə sübuta yetirilmişdir. Belə ki, cavabdeh hazırlıq iclasında verdiyi izahatında iddia tələbini qəbul etməməsinə baxmayaraq iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi iltizamın onun tərəfindən imzalandığını etiraf etmiş və iltizamda qeyd olunan borcunun müəyyən hissəsini iddiaçıya qaytardığını bildirmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirdiyindən iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 8450 (səkkiz min dörd yüz əlli) manat pul tutularaq İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 38 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin olunduğundan məhkəmə ödənilmiş 38 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8450 (səkkiz min dörd yüz əlli) manat pul, həmçinin iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar