Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-109/2025 22.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı MMC ilə Cavabdeh1 arasında əmək müqaviləsi bağlanmış və Cavabdeh1 satış təmsilçisi vəzifəsi üzrə işə qəbul edilmişdir. Lakin cavabdeh öz vəzifə səlahiyyətlərini icra etməmiş və o, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdehlər tərəfindən ona maddi ziyan vurulmuşdur. Odur ki, cavabdehlər tərəfindən vurulmuş ziyanı, əldə çıxmış faydanı və məhkəmə xərclərini tələb edir. İddia tələbi İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 18211,87 manat, Cavabdeh2 10001 manat, Cavabdeh3 11000 manat dəymiş zərərin, cəmi 2000 manat əldən çıxmış faydanın Cavabdeh1 1000 manat hissəsinin, Cavabdeh2 500 manat hissəsinin, Cavabdeh3 500 hissəsinin, eləcə də, dövlət rüsumu üçün ödənilmiş 215 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 18211,87 manat, Cavabdeh2 10001 manat, Cavabdeh3 11000 manat dəymiş zərərin, cəmi 2000 manat əldən çıxmış faydanın Cavabdeh1 1000 manat hissəsinin, Cavabdeh2 500 manat hissəsinin, Cavabdeh3 500 hissəsinin, eləcə də, vəkil və auidotor üçün ödənilmiş 5190 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 215 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC gündəlik tələbat mallarının satışını həyata keçirir və bu məqsədlə işə satış təmsilçiləri cəlb edilir. Cəmiyyətdə satış təmsilçisi işləmiş Cavabdeh1 cinayət yolu ilə şirkətə ziyan vurduğu üçün barəsində hüquq mühafizə orqanlarına müraciət edilmiş, həmin cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin hökmünə əsasən onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Qeyd edilir ki, iş üzrə Cavabdeh1 tərəfindən İddiaçı MMC-yə 43712,87 manat ziyan dəysə də, məhkəmə tərəfindən 22711,87 manat ziyan tanınmışdır. Buna səbəb isə, Cavabdeh3 və Cavabdeh2 məhkum Cavabdeh1 malları aldığını və dəyərini ödəmədiklərini məhkəmə prosesində öz ifadələrində bildirmələri olmuşdur. Belə ki, həmin şəxslər məhkəmə prosesində iştirak edərək İddiaçı MMC-yə borcları olduğunu etiraf etmişlər. Onlar Cavabdeh1 ilə birlikdə şirkətə zərər vurmuşlar. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilmişdir ki, cavabdehlər Cavabdeh3 11000 manat, Cavabdeh2 isə İddiaçı MMC-yə 10001 manat ziyan vurmuş, digər Cavabdeh1 cəmiyyətə vurduğu zərərdən 4500 manat ödəniş etsə də, vurduğu zərərin qalıq məbləği 18211,87 manat təşkil edir. Eyni zamanda, qeyd edilmişdir ki, cavabdehlərin öz öhdəliklərini icra etməməsi müəssisənin normal fəaliyyətinə mənfi təsir göstərmiş və nəticədə müəssisəyə zərər dəymişdir. Bununla yanaşı, qeyd edək ki, cinayət işi ilə bağlı məhkəmə prosesinin gedişində tərəflərindən mülki iddia verilsə də, məhkəmə mülki iddianı baxılmamış saxlamışdır. Odur ki, iddia tələbənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iş həcminin çox olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(059)-1/2024 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh1 iştirakı əlahiddə müşayiət taboru vasitəsi ilə təmin edilməmiş, edilməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərmişdir ki, İddiaçı MMC-də müqavilə əsasında satış təmsilçisi işləmiş Cavabdeh1 cəmiyyətdən ərzaq və qeyri-ərzaq məhsulları sifariş etmiş, habelə sonuncunun sifarışi əsasında bu məhsullar müvafiq aktlar tərtib edilməklə göndərilmişdir. Həmçinin, bu məhsullar Cavabdeh1 sifarişi əsasında digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 göndərilmiş, sonuncular birinci barəsində olan cinayət işinin ibtidai və məhkəmə istintaqında malların onlarda olmasını etiraf etmişlər. Beləliklə, onların digər cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Həmçinin, Cavabdeh1 barəsində olan cinayət işi materialları ilə cəmiyyət tərəfindən Natiqə malların verilməsi, sonuncunun isə öz növbəsində bu mallardan Cavabdeh2 və Cavabdeh3 verməsi təsdiq olunur. Həmçinin, Cavabdeh1 hansı dəyərdə malların verilməsi ilə bağlı məbləğ təyin edilmiş müvafiq ekspertiza ilə azaldılmışdır. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış Cavabdeh3 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, onun İddiaçı MMC ilə hər-hansı müqaviləsi olmamaqla yanaşı, ümumiyyətlə cəmiyyətdən heç bir məhsul götürməmişdir. Bununla belə, xalası oğlunun əmisi oğlu olan digər Cavabdeh1 ondan köməklik etməsini istəmiş, yəni cəmiyyətə məxsus ərzaq və qeyri ərzaq məhsullarını Quba rayonun Xaltan kəndində satmasını təklif etmişdir. Bu təklif zamanı o, Natiqə, kənd camaatından pulu almaqda çətinlik çəkəcəyi təqdirdə, problem yaranacağını bildirsə də, Natiq narahat olmamasını istəmişdir. Beləliklə, tərəfindən içkilər və yuyucu vasitələr kənd ərazisində satılsa da, iri qabaritli avtomobil ilə tranzit yük daşımalarını həyata keçirdiyi üçün pulları geri qaytarmağa həm vaxtı olmamış, həm də, bu pulları köçürə biləcəyi kart hesab nömrəsi ona təqdim edilməmişdir. Odur ki, iddia tələbini 11000 manat pulun ödənilməsi hissəsində qəbul etmiş, digər hissələri qəbul etməyərək təmin edilməsinə etiraz etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC-də satış təmsilçisi işləmiş Cavabdeh1 tərəfindən hissə-hissə olmaqla, cəmiyyətə ümumilikdə 43712,87 manat ziyan vurulmuşdur. Belə ki, Cavabdeh1 cəmiyyət tərəfindən yaradılmış proqram vasitəsi ilə mallar sifariş vermiş, bu mallar müvafiq aktlar tərtib edilməklə və onun iştirakı ilə cəmiyyət tərəfindən mağazalara təhvil verilmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cəmiyyətin işçisi olmamış, onlara mal Cavabdeh1 vasitəçiliyi ilə verilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 barəsində olan cinayət işinin həm ibtidai, həm də məhkəmə istintaqı zamanı, həmçinin tərəflərindən sonuncular ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılan zaman malların onlarda olduqlarını etiraf etmiş, malların pulunu qaytaracaqlarına dair vəd vermişlər. Cavabdeh1 barəsində olan cinayət işində mülki iddia versələr də, bu iddiaları baxılmamış saxlanmışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirakı əlahiddə müşayiət taboru vasitəsi ilə təmin edilmiş Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı MMC-də satış təmsilçisi işləyərək, müştəri tapmış, bu müştərilər üçün cəmiyyətdən mallar sifariş vermişdir. Beləliklə, cəmiyyət onun tapdığı müştərilərə malları təhvil vermiş, o isə bu malların pulunu yığaraq cəmiyyətə göndərimişdir. Digər cavabdehlərdən birinin mağazası olmuş, digəri isə “Ford” markalı avtomobil ilə malların satışını həyata keçirmişdir. Digər cavabdehlər ilə şəxsi tanışlığı olmasa da, müştəri kimi sonunculara malları vermişdir. Hazırda cəmiyyətə 17700 manat borcu vardır, lakin azadlıqdan məhrum etmə cəzası çəkdiyindən borcu ödəyə bilmir. Azadlığa çıxdıqdan sonra borcunu hissə-hissə ödəyəcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
Əmək Məcəlləsi
10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını tərəflərin əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(059)- 1/2024 saylı hökmünün, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1(105)-195/2024 saylı qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 1(102)-214/2025 saylı qərarının surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 il 06 ay müddətində dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Cavabdeh1 01 il 06 ay müddətində dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 01 il 06 ay müddətinə şamil edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü Cavabdeh1 təyin edilmiş əsas cəzaya münasibətdə dəyişdirilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərarı ilə Cavabdeh1 CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(059)-1/2024 saylı hökmünün surətindən görünür ki, sözügedən gedən cinayət işində şahid qismində dindirilmiş, habelə hazırki mülki işdə cavabdeh olan Cavabdeh3 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 Siyəzən rayon sakini kimi tanıyır. O, Azərbaycan Respublikasının Şimal bölgəsi üzrə qeyri-rəsmi səyyar satıcı kimi fəaliyyət göstərmiş, habelə İddiaçı MMC-nin işçisi olmamışdır. Bu mənada, o, öz avtomobili ilə Cavabdeh1 aldığı qida və qeyri-qida məhsullarının, o cümlədən qabardıcı, yuyucu tozların, şirələrin satışını həyata keçirmişdir. Bundan başqa, o, sonuncu dəfə, 2022-ci ilin avqust ayında Cavabdeh1 qabardıcı toz və şirələr almışdır. Həmçinin, o, aldığı məhsulların ödənişi dəfələrlə həyata keçirmiş, Natiqə bəzən 1000 manat, 1500 manat pul vermişdir. Sonradan Zaur adlı şəriki, eləcə də o, nisyə verilən mallara görə ödənişləri ala bilmədiyi üçün, habelə yaranmış bu problemlər onun bu işdən kənarlaşmasına səbəb olmuşdur. Ona borclu olan şəxslərin sayı çox olduğuna, həmçinin fikirləşmədiyinə görə pulların alınması üçün məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, İddiaçı MMC onlara 11000 manat qalıq borcu olduğu üçün ona məhsul verməkdən imtina etmişdir. Həmçinin, şirkətlə iş fəaliyyətini dayandırdıqdan sonra istismara yararsız olan və vaxtı keçmiş təxminən 2700 manat dəyərində malların olmasını Natiqə bildirsə də, sonuncu şirkətin sürücüsünün malları gəlib götürəcəyini qeyd etmiş, lakin malları götürən olmadığından o, xarab olmuş həmin malları zibilliyə atmışdır. Bundan başqa, İddiaçı MMC-nin direktoru kimi özünü təqdim edən şəxs ona zəng vursa da, o, malların Natiq tərəfindən ona verildiyini bildirib, pulları da Natiqə verəcəyini qeyd etmişdir. Borc, borcdur, onu ödəməkdən boyun qaçırmır. Həmçinin, şirkət ona verilən malların 10% endirimlə hesablanacağını bildirsə də, güzəşt vədinə əməl olunmamışdır. Əlavə olaraq, 2022-ci ilin son aylarında o, Natiqə zəng edərək borcunun bir qismini, yəni 2500 manat ödəmək istəməsini bildirmiş, Natiq isə özünün şirkətdən uzaqlaşdırıldığını və pulları qəbul etmək səlahiyyətində olmadığını bildirmişdir. Ondan sonra o, şirkətlə əlaqə saxlamamış və qarşı tərəfdən də onunla əlaqə saxlayan olmamışdır. Bundan əlavə, auditor rəyinə əsasən onun şirkətə olan borcu 11000 manat məbləğində hesablanmışdır. Halbuki, şirkətin istismara yararsız 2700 manat dəyərində malları və verilən 10% güzəşti nəzərə alınsa, üzərində 7200 manat şirkətə ödəniləsi məbləğ qalmış və həmin pulu razılıq əsasında hissə-hissə ödəməyə hazırdır. Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri təqsirləndirilməsinə dair ********* saylı cinayət işi materialları tədqiq edilərkən hazırki mülki iş materialların əlavə edilmiş 01 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 01 oktyabr 2021-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixinədək İddiaçı MMC-yə "satış təmsilçisi" vəzifəsinə işləmişdir. 230856001 saylı cinayət işi materialları tədqiq edilərkən hazırki mülki iş materialların əlavə edilmiş 09 dekabr 2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh1 işəgötürən tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub, saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. 230856001 saylı cinayət işi materialları tədqiq edilərkən hazırki mülki iş materialların əlavə edilmiş satış təmsilçisinin vəzifə təlimatının surətindən görünür ki, satış təmsilçisi bu vəzifə təlimatının, əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər və təqsiri üzündən şirkətə vurulan zərərə görə tam maddi məsuliyyət daşıyır. Həmçinin, satış təmsilçisi imzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır. 230856001 saylı cinayət işi materialları tədqiq edilərkən hazırki mülki iş materialların əlavə edilmiş 11 may 2023-cü il tarixli cinayət işi üzrə sübutlara qiymət verilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olmuş ittiham dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Cavabdeh2 "xxxx" MMC tərəfindən qaimə faktura əsasında satış üçün verilmiş (23 noyabr 2022-ci il tarixli müstəqil auditorun hesabatının auditor rəyindəki cədvəlin 36-cı sırasında AL 53.127 Elşən Şabran müştəri kodu yanında göstərilən) qalıq 10001 manat, həmçinin Cavabdeh3 verilmiş (həmin cədvəlin 35-ci sırasında AL 53.112 Zaur Yenikənd müştəri kodu yanında göstərilən) qalıq 11000 manat məbləğində məhsullarla bağlı xüsusatlar əlavə məhkəmə ekspertizasının rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığından X2 Azərbaycan Respublikası CM-nin 179-cu maddəsi ilə əlavə ittiham verilməsindən imtina edilmiş, həmçinin Cavabdeh2 və Cavabdeh3 əməllərində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət işi başlanması rədd edilmiş, həmçinin Cavabdeh2la və Cavabdeh3la bağlı xüsusatlar üzrə "xxxx" MMC-nin mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması MMCnin nümayəndəsinə izah edilmiş, eləcə də bu MMC tərəfindən təsdiq olunmuş 27 ədəd satış təmsilçilərinin təhvil-təslim aktlarının əsilləri maddi sübut kimi tanınmışdır. İddia tələbindən görünür ki, tələb üç hissədən ibarətdir: 1) dəymiş ziyanın ödənilməsi; 2) əldən çıxmış faydanın tutulması; 3) vəkil və auditor üçün ödənilmiş xərc və dövlət rüsumunun tutulması. Məhkəmə Cavabdeh1 18211,87 manat maddi ziyanın tutulması ilə bağlı qeyd edir ki, qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 hazırki iş üzrə İddiaçı MMC-nin 22711,87 manat məbləğində pulunu mənimsəmə və israfetmə yolu ilə ələ keçirdiyi üçün məhkum edilmiş, cinayət işinin istintaqı zamanı 4500 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirakı təmin edilmiş Cavabdeh1 elan edilmiş ittiham üzrə 22711,87 manat məbləğində pulu götürdüyünü, ibtidai istintaq zamanı 4500 manat pul ödədiyini, hazırda 17700 manat borcunun olduğunu bildirmişdir. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh1 18211,87 manat pul tələb edərək öz tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etsə də, iddiaçı iddia tələbini 17700 hissədə etiraf edib, qalan məbləği ödədiyinə dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə Cavabdeh1 bağladığı əmək müqaviləsi üzrə tam maddi məsul şəxs olması mövqeyindən də çıxış edərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2 10001 manat və Cavabdeh3 11000 manat dəymiş zərərin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsi və satış təmsilçisinin vəzifə təlimatına nəzər salsaq görərik ki, Cavabdeh1 digər cavabdehlərə hər hansı dəyərdə, sayda və növdə mal verərkən bunu özü adından deyil, şirkətin adından verdiyindən faktiki olaraq sonuncu ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında müqavilə münasibətləri, həmçinin şirkətin onlara qarşı tələb hüququ yaranmışdır. Təsadüfi deyildir ki, qanuni qüvvədə olan cinayət işi üzrə məhkəmə qərarından görünür ki, Cavabdeh1 ittiham elan edilərkən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış müqavilələrə münasibətdə ittiham elan edilməmiş, həmin şəxslərin malların onlarda olmasına dair etirafedici ifadələri və digər sübutlar rəhbər tutulmuşdur. Bundan başqa məhkəmə iclasında iştirak edən Cavabdeh3 şirkətə 11000 manat məbləğində borcu olduğunu etiraf etmiş, digər Cavabdeh2 isə məhkəmə iclasına gəlməmiş və 10001 manat borcun ödənilməsinə dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddiaçının əldən çıxmış fayda növündə maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Məhkəmə onu da qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qanunun tələblərindən də göründüyü kimi əldən çıxmış fayda dedikdə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikasının MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İddia tələbinin "2000 manat əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması" hissəsi hazırkı əsaslarla əsaslı hesab edilə və təmin edilə bilməz. Belə ki, iddiçı əldən çıxmış faydanın əldə edilməsi üçün görmüş olduğu tədbirlər barədə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə vəkil və auditor üçün ödənilmiş xərc, həmçinin dövlət rüsumunun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İş materiallarına əlavə edilmiş 28 noyabr 2022-ci il tarixli, 1019/22 saylı və 02 dekabr 2022-ci il tarixli 1024/22 saylı ödəniş tapşırıqlarının surətindən görünür ki, müvafiq olaraq 28 noyabr 2022-ci il tarixli, 2871 nömrəli hüquqi xidmətə əsasən 5 saylı Vəkil Bürosuna 570 manat, 15 noyabr 2022-ci il tarixli, M-17871 və EBCJ 682519 audit xidmətinə görə X3 1500 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş 30 may 2023-cü il tarixli 26819 nömrəli, 08 fevral 2024-cü il tarixli 19955 nömrəli, 21 yanvar 2025-ci il tarixli 24824 nömrəli və 21 yanvar 2025-ci il tarixli 21409 nömrəli qəbzlərin surətlərindən görünür ki, X4 tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına müvafiq olaraq 730, 830, 730 və 830 manat məbləğində pullar ödənilmişdir. İş materiallarına əlavə edilmiş hüquqi yardım göstərilməsi haqqında 21 yanvar 2025-ci il tarixli, 85 nömrəli müqavilənin surətindən görünür ki, hüquqi yardım göstərilən (müdafiə olunan) şəxs İddiaçı MMC ilə Vəkil arasında e-2(059)-109/2025 saylı mülki iş üzrə hüquqların müdafiəsi haqqında müqavilə bağlanmış və müqavilənin qiyməti 730 manat məbləğində müəyyən edilmişdir. İşdə olan 21 noyabr 2024-cü il tarixli və 31 yanvar 2025-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 215,40 manat, iddia tələbinin həcmini artırarkən əlavə olaraq 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən normaları mülki iş üzrə sərf edilmiş məhkəmə xərclərinin ödənilməsi qaydasını müəyyən edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, mülki iş məhkəməyə 02 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. İddiaçı tələbi üzrə 230 manat dövlət rüsumunun ödənilməsinə dair təsdiqedici sənədləri məhkəməyə təqdim etmişdir. Lakin iddiaçı vəkil və auditor xərci hesab olunan 5190 manat məbləğ tələb etsə də, bu tələbi qismən təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə müxtəlif məbləğlərə dair qəbzlər təqdim edilsə də, həmin qəbzlərə nəzər saldıqda onların mülki iş üzrə məhkəməyə iddia verilməzdən öncə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə ödənildiyinin şahidi oluruq. Bundan başqa iddiaçı tərəfindən ödəniş qəbzləri təqdim edilsə də, həmin qəbzlərin əsasında duran hüquqi yardım göstərilmələrinə dair müqavilələr məhkəməyə təqdim edilməmişdir. Yalnız hüquqi yardım göstərilməsinə dair xx.xx.2025-ci il tarixli müqavilə təqdim edilmişdir. Odur ki məhkəmə hesab edir ki, vəkil və audit haqqı üzrə tələb yalnız 730 manat pulun tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Ödənilmiş 230 manat dövlət rüsumu isə iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 86 faizi həcmində, yəni 197,80 manat məbləğində təmin edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 18211,87 manat, Cavabdeh3 11000 manat, Cavabdeh2 10001 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 730 manat məbləğində müdafiəçiyə ödənilmiş haqq və ödənilmiş 230 manat dövlət rüsumunun 86 faizi həcmində, yəni 197,80 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh1 18211,87 manat, Cavabdeh3 11000 manat, Cavabdeh2 10001 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 730 manat məbləğində müdafiəçiyə ödənilmiş haqq və ödənilmiş 230 manat dövlət rüsumunun 86 faizi həcmində, yəni 197,80 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə