Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-231/2023 12.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, eləcə də onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mebel alınması və quraşdırılmasına görə ödənilmiş 4000 manat məbləğində behin iki misli, yəni 8000 manat pul məbləğinin, 3000 manat mənəvi zərərin, həmin beh məbləğindən məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin, hüquqi xidmətlərə görə çəkilmiş 100 manat məbləğində xərclərin və ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərinin Xətai rayonundakı Gəncə prospektində yerləşən 29/30-cu məhəllə ünvanında olan “Panorama Park” Yaşayış Kompleksindəki mənzilinə mebellərin hazırlanması məqsədi ilə 2021-ci ilin noyabr ayında Cavabdehla tanış olaraq, mənzili üçün mebellərin sifarişini vermək məqsədilə sonuncunun sahibi olduğu, Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında, Abdulvahab Salamzadə küçəsində yerləşən mebel mağazasına getmiş, orada Cavabdeh onun sifarişi barədə məlumatları almaqla, mebelin ölçülərini müəyyən etmək üçün mənzilinə gələcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Cavabdeh onun qeyd olunan mənzilinə gəlib, ölçüləri götürmüş və ona mebelin hazırlanması qiymətinin 10000 manat olacağı, həmçinin mebelin hazırlanmasına sərf olunacaq ləvazimatları əldə etmək, eləcə də mebeli hazırlamaq üçün həmin məbləğin 4000 manat məbləğində hissəsinin beh qismində ödəməli olduğunu bildirmişdir. O, mebelin mümkün qədər qısa vaxtda hazırlanmasını xahiş etdiyində, Cavabdeh mebellərə görə behi ödəyəcəyi halda, mebeli 45 gün müddətində hazırlayıb, mənzildə quraşdıra biləcəyini qeyd etmişdir. Daha sonra o, cavabdehə mebel üçün behi ödəyəcəyini, məbləğin qalan hissəsini isə mebelləri hazırlayıb quraşdıraraq təhvil verdikdən sonra ona ödəyəcəyini bildirmiş, habelə onlar mebelin hazırlanması barədə razılaşmışlar. 25 noyabr və 30 dekabr 2021-ci il tarixlərdə o, Cavabdeh hissə-hissə müvafiq olaraq 3000 manat və 1000 manat olmaqla, iki dəfəyə cəmi 4000 manat məbləğində pulu mənzilinə hazırlanmalı olan mebellər üçün beh qismində ödəmiş, həmçinin mebellərin son razılaşdırılmış dizaynlarını da ona elektron poçt ünvanı vasitəsilə göndərdikdən sonra, Cavabdeh ona 05 yanvar 2022-ci il tarixinədək mebellərin hazır olacağını və mənzilində quraşdırılacağını bildirmişdir. Göstərilən tarixədək mebelin hazırlanması vəziyyəti barədə bir neçə dəfə Cavabdeh ilə telefon əlaqəsi saxlamış və müddətin başa çatmasına bir neçə gün qaldıqda, sonuncu ona ötən müddətdə bəzi şəxsi işləri ilə bağlı vaxt itkisinin olduğunu, ona görə də, ondan fevral ayının 5-dək möhlət istəmiş və onlar 05 fevral 2022-ci il tarixədək mebellərin hazırlanması və mənzildə quraşdırılması barədə razılaşmışlar. Həmin vaxt o, 05 fevral 2022-ci il tarixinədək mebellərin hazırlanıb, quraşdırılmayacağı təqdirdə, ödədiyi beh məbləğini cavabdehin geri qaytarmasını bildirmişdir. Lakin, 05 fevral 2022-ci il tarixində Cavabdeh onun 4000 manat məbləğində beh ödədiyi sifarişi üzrə hər hansı bir mebel hazırlayıb, mənzilində quraşdırmamışdır. O, Cavabdeh telefon vasitəsilə zəng edərək, mebelin hansı səbəbdən hazırlanmadığını və nə vaxta hazırlanacağını soruşduqda, sonuncu müxtəlif bəhanələr gətirərək, mebelin hazırlanmasını guya fabrikə sifariş versə də, fabrikdən mebelin hazırlanmasında gecikmə olduğunu bəhanə edərək, yenidən möhlət istəsə də, o, cavabdehin belə hərəkətlərindən çox narazı qaldığına görə mebeldən imtina etdiyini bildirib, Cavabdeh ödədiyi pul (beh) məbləğini ona geri qaytarmasını istəmişdir. Çünki, o, həmin mənzili satışa çıxarmaq niyyətində olduğundan mənzildə mebellərin quraşdırılması da təcili olmuşdur. Bundan sonra, cavabdeh ona pulu (behi) geri qaytaracağını vəd verərək, telefon danışığını sonlandırmış və həmin vaxtdan sonra onun zənglərinə cavab verməmişdir. Cavabdeh onunla mebellərin sifarişini razılaşdırdıqdan sonra ondan pul vəsaitini guya həmin müqavilə əsasında əldə etməsinə dair notarial qaydada bağlanmayan 25 noyabr 2021-ci il tarixli borc müqaviləsi təqdim etmişdir. Həmin vaxt o, ehtiyatsızlıq göstərərək, müqavilədə qeyd olunan hüquq və öhdəliklərinin həqiqi məzmununu dərk etməyərək, həmçinin, cavabdeh ilə şifahi olaraq mebelin sifarişini razılaşdıqlarını nəzərə alıb, həmin müqaviləni imza etmiş, lakin sonradan sifarişini razılaşdırdığı və behini ödədiyi mebel üçün həmin məzmunda yazılı müqavilənin uyğun olmadığını öyrənmişdir. Yəni, cavabdeh onun etibarından sui-istifadə edərək, onu aldatmaq yolu ilə onunla aralarında yaranmış podrat münasibətlərinə hüquqi baxımdan uyğun olmayan borc müqaviləsini ona imza etdirmişdir. Buna baxmayaraq, həmin müqavilədə pulun mebel üçün onun tərəfindən verildiyi, həmçinin müqavilənin imzalar hissəsində pulun məhz beh qismində verildiyi qeyd edilmişdir. Bu isə tərəflər arasında beh barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edir. Həmin müqaviləyə əlavə (qoşma) olunmuş “Müştəri anketi”ndə isə onun verdiyi pulun məhz beh məbləği olduğu bir daha qeyd olunmaqla, mebelinin sifarişi barədə məlumatlar Cavabdeh əl yazısı ilə yazılmış və sonda həm onun, həm də cavabdehin imzaları ilə təsdiq edilmişdir ki, həmin anketin də onlar arasında bağlanmış yazılı razılaşma olduğunu hesab edir. Cavabdehin bu hərəkətlərini gördükdən sonra o, onun barəsində 01 mart 2022-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş və Cavabdeh əməllərində dələduzluq faktının olubolmamasının araşdırılmasını, həmçinin, ona ödədiyi cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaitinin (behin) ona geri qaytarılmasını xahiş etmişdir. Yasamal Rayon Polis İdarəsində HK1-229 saylı məlumat üzrə aparılan araşdırma ilə əlaqədar Cavabdeh ora gətirilərək, izahatı alınmış, sonuncu izahatında həqiqətən, ondan mənzilinə mebellərin ona satılması və quraşdırılması məqsədilə 4000 manat məbləğində beh aldığını etiraf etmişdir. Lakin, Yasamal RPİ TŞ-nin təhqiqatçısı X2 09 mart 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxararaq, qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh əməlində CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan, həmin mübahisələr mülki qanunvericilik əsasında tənzimlənməlidir. Qərardan şikayət verilsə də, şikayəti təmin olunmayaraq, mübahisənin mülki xarakterli olmasına görə, qərarın əsaslı olduğu bildirilmişdir. Həmin vaxtdan sonra cavabdeh ilə əlaqəsi kəsilmiş və bir daha Cavabdeh ilə əlaqə saxlaya bilməmişdir. Cavabdehin hüquqazidd davranışları, ödədiyi pul məbləği müqabilində ona mebelini təhvil verməməsi, bununla yanaşı uzun müddət onu aldatması, onun pozulmuş hüquqlarını bərpa etməsi üçün son bir ilə yaxın müddətdə maddi zərərə məruz qalması ilə yanaşı, dəfələrlə əziyyət çəkməsinə, şəxsi həyatına dair məlumatları açıqlamaq məcburiyyətində qalaraq iş yerindən icazə almaqla, müxtəlif yaxın dostlarının və tanışlarının əhatəsində, həmçinin hüquq mühafizə orqanları yanında məruz qaldığı haqsızlığı bəyan edərkən, onun psixoloji vəziyyətində mənfi nəticələrə səbəb olmuş, habelə, şərəf və ləyaqətinə cavabdehin etdiyi hərəkətlər nəticəsində xələl gəlmiş nəticədə, o, cavabdehin hərəkətləri səbəbindən uzun müddət mənəvi sarsıntı və iztirab çəkmişdir. Beləliklə, cavabdeh ondan mənzilinə mebellərin hazırlanması üçün aldığı 4000 manat məbləğində behin müqabilində ona heç bir mebel təqdim etməmiş, bununla da, müqaviləni icra etməmişdir. Belə olduğu halda, cavabdeh, müqaviləni icra etməməsi nəticəsində aldığı beh məbləğinin iki misli, yəni 8000 manat məbləğini ona ödəməlidir. Eyni zamanda, Cavabdeh beh aldıqdan sonra 05 yanvar 2022-ci il tarixinədək müddət ərzində mebelləri ona təhvil verməməklə, öhdəliklərini kobud surətdə pozmuş, daha sonrasında isə ödənilmiş beh məbləğini geri qaytarmamaqla, ona məxsus cəmi 4000 manat pul vəsaitini qanunsuz saxlayaraq, ondan faydalanmış, beləliklə, onun pul vəsaiti hesabına əsassız varlanmışdır. Bundan əlavə, Cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hüquqi xidmətlərin göstərilməsi və birinci instansiya məhkəməsində də vəkil ilə təmin olunması üçün hüquqi xidmətlərə görə cəmi 100 manat məbləğində xidmət haqqı ödəmişdir. Ona görə də, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, onun mənəvi zərərlə bağlı hər hansı bir sənədi və ya sübutu yoxdur. Bundan əlavə, cari günə bank uçot dərəcəsinin miqdarını bilməsə də, sözügedən faizlərin 05 yanvar 2022-ci il tarixdən bu günə kimi tutulmasını istəyir. Aralarında olan razılaşmalarda və ya tərtib edilmiş sənədlərdə cavabdehin öhdəliyini icra etmədiyi halda ödənilmiş məbləğin iki qatını qaytarması ilə bağlı hər hansı bir formada əlavə şərtləşmə olmamışdır. Belə ki, o, heç vaxt cavabdeh tərəfindən aldadılacağını düşünməmiş, hətta sonuncuya aid Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında, Abdulvahab Salamzadə küçəsində yerləşən mebel mağazasına gedərkən bu mağaza onda hər bir məsələnin qaydasında olduğu təəssüratını yaratmışdır. Lakin, sonradan cavabdeh onun zənglərinə cavab vermədiyi üçün o, yenidən həmin mağazaya getdikdə, oranın bağlı olduğunu, ancaq içəridə mebellərin olduğunu görmüş, hətta ətrafdakı şəxslərdən mağazanın sahibləri barədə maraqlanarkən sonuncuların ora axşam gəldiyi məlum olmuş, məhz bundan sonra o, cavabdehdən şübhələnməyə başlamışdır. Eyni zamanda o, məhkəməyə müraciət edərkən vəkil xidmətinin göstərilməsi üçün 110 manat xərc də çəkmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, eyni zamanda vəkil xidmətinin göstərilməsi üçün iddiaçı tərəfindən 110 manat xərc çəkildiyini də bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, eləcə də onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 25 noyabr 2021-ci il tarixli müştəri anketindən, eyni tarixli, ******* nömrəli və 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli qaimə fakturalardan görünür ki, İddiaçı məxsus evdə yığılmalı (quraşdırılmalı) olan mebellərin toplam qiyməti 10000 manat təşkil etmiş, həmçinin İddiaçı bunun üçün Cavabdeh 25 noyabr və 30 dekabr 2021-ci il tarixlərdə ümumilikdə 4000 manat məbləğində pul vermişdir. İşdə olan Yasamal RPİ-nin TQ-nin təhqiqatçısı X2 tərəfindən 09 mart 2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, həmçinin ona müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin, bu qərardan görünür ki, Cavabdeh izahatında, İddiaçı məxsus evdə mebellərin yığılması (quraşdırılması) məqsədilə sonuncudan işə başlamaq üçün ilkin olaraq 4000 manat pul beh olaraq qəbul etmiş, həmçinin, ölçülərini götürüdüyü mebellərin sifarişini fabrikə sifariş vermiş, lakin fabrik mebelin sifarişini vaxtında hazır etməmişdir. Buna görə də İddiaçı söz verdiyi vaxtda mebelləri təhvil verə bilməmişdir. Daha sonra, İddiaçı mebel üçün verdiyi behi geri istəsə də, o, pulu sifariş verdiyi mebel fabrikinə köçürdüyü üçün Yusifin pulunu geri qaytara bilməmişdir. İşdə olan 04 avqust 2022-ci il tarixli hüquqi yardım haqqında müqavilədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi-Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə hüquqi yardım haqqında müqavilə bağlamış, hüquqi yardıma görə haqq qarşılıqlı razılaşma əsasında 110 manat məbləğində müəyyən edilmiş, həmçinin bu məbləğ iddiaçı tərəfindən vəkilin hesabına ödənilmişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 125 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd olunan Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdehla İddiaçı arasında sonuncuya məxsus mənzildə ümumi qiyməti 10000 manat təşkil edən mebellərin yığılması (quraşdırılması) üçün podrat müqaviləsi bağlanmış və bunun üçün sifarişçi, iddiaçı podratçı, cavabdehə işə başlaması üçün 25 noyabr və 30 dekabr 2021-ci il tarixlərdə müvafiq olaraq 3000 manat və 1000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində avans pul vermiş, lakin cavabdeh iddiaçı qarşısında podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bundan sonra, cavabdeh iddiaçıya vəd etdiyi mebelləri hazırlamamaqla, yanaşı İddiaçı avans aldığı 4000 manat məbləğində pulu da sonuncuya geri qaytarmamışdır. Bundan əlavə, İddiaçı Cavabdeh ödədiyi pulu tələb etdikdə, sonuncu iddiaçıya pulu qaytaracağına söz versə də, verdiyi vədə əməl etməmiş, bundan yayınmışdır. Buna görə də iddiaçı hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, beh müqaviləsinin formasına dair qaydalara əməl edilməmişdir. Çünki, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalı olsa da, tərəflər aralarında olan münasibətləri yazılı formada rəsmiləşdirməmiş, nə bu, nə də digər tərəf buna kifayət qədər cəhd göstərməmişdir. Bununla da, tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhələr yaranmışdır. Belə olan təqdirdə, beh müqaviləsinə dair mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində, İddiaçı tərəfindən Cavabdeh ödənilmiş həmin məbləğin avans kimi ödənildiyi ön plana çıxmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, müqavilənin icra edilməməsi üçün onun tərəflərdən hansının öz öhdəliyini lazımınca icra etməməsi nəticəsində pozulması, öhdəliyin pozulması ilə tərəflərin hərəkəti arasında səbəbli əlaqə, habelə şəxsin təqsirinin olması halı müəyyən edilməlidir. Məhz bu əsaslar olduğu halda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin, hazırkı iş üzrə bu əsaslar mövcud deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh İddiaçı Cavabdeh 4000 manat məbləğində avans pulu qaytarmadığından, sonuncunun əmlak hüququnu kobud şəkildə pozmuşdur. Bununla da iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını, yəni pulunu geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 452-ci maddəsinin İİ hissəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bu Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Həmin qərarda eyni zamanda göstərilir ki, MM-in 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərindən də göründüyü kimi əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı cavabdehə avans şəklində 4000 manat pul verərkən gəlir əldə etmək niyyəti olmamış, əksinə bunu mənzilində müvafiq mebellərin yığılması (quraşdırılması) niyyətilə etmişdir. Belə olan halda, iddia tələbinin "ödənilən məbləğdən məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin iddiaçının xeyrinə tutulması" hissəsi hazırkı əsaslarla əsaslı hesab edilə və təmin edilə bilməz. Belə ki, iddiaçı əldən çıxmış faydanın əldə edilməsi üçün görmüş olduğu tədbirlər barədə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, hazırkı vəziyyətdə cavabdehin iddiaçıya çatası pul vəsaitini qanunsuz saxlaması, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanması (müəyyən gəlir, artım, bəhər və s. əldə etməsi) təqdim edilmiş sübutlarla öz təsdiqini tapmır. Deməli, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Eyni zamanda, iddiaçı cavabdehdən 3000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı İddiaçı cavabdehin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Adı qeyd edilən Məcəllənin 218.3-cü maddəsinin İ cümləsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bildi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə mebellərin yığılması (quraşdırılması) üçün verilmiş 4000 manat və çəkilmiş cəmi 225 manat məhkəmə xərcinin 36 %-i, yəni 81 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə mebellərin yığılması (quraşdırılması) üçün verilmiş 4000 (dörd min) manat və çəkilmiş cəmi 225 (iki yüz iyirmi beş) manat məhkəmə xərcinin 36 %i, yəni 81 (səksən bir) manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-231/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-231/2023
12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver