Məhkəmə qərarları › İş №e-2(059)-264/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-264/2023

03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-264/2023 03.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1200 manat məbləğində və 1000 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pulun, eləcə də ödənilmiş 50 manat məbləğində məhkəmə xərcinin tutularaq ona qaytarılması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ailəvi dostluq münasibətində olmaqla, sonuncu 2020-ci ilin mart ayında ondan 1000 manat, may ayında isə 1000 ABŞ dolları məbləğində borc pul almışdır. Həmin ilin iyun-iyul aylarında o, cavabdehin anasından dəyəri 1400 manat və 2300 manat olan iki ədəd üzüyün birinin dəyərini tam ödəməklə, digərinin qiymətindən isə 400 manat ödəməklə satın almışdır. Sonradan o, üzüyün dəyərini ödəyə bilmədiyindən cavabdehə geri qaytarsa da, sonuncu həmin puldan 200 manatını geri vermişdir. Beləliklə, cavabdehin hazırda ona 1200 manat və 1000 ABŞ dolları məbləğində borcu vardır. Dəfələrlə, cavabdehə müraciət edərək, pulu tələb etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək, borcunu ödəməkdən yayınmış, etibarından sui-istifadə edərək, onu aldatmaqla, pulunu mənimsəmişdir. Bu səbəbdən də, o, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə müraciət etmiş, nəticədə cavabdeh izahatında borcunu etiraf etmişdir. Ona görə də, 1200 manat və 1000 ABŞ dolları məbləğində pul alınaraq ona geri qaytarılmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdeh 22 iyun 2023-cü il tarixdə iddiaçının kart hesabına köçürməklə borcundan 170 manat məbləğində ödəniş etmişdir. Həmçinin, iddiaçı hazırda iddia üzrə tələb olunan ABŞ dollarına münasibətdə ödəniş vaxtına manata məzənnəsi üzrə tələb edir. Eyni zamanda, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da, məlum olduğu kimi cavabdeh borcunu etiraf etməklə, yanaşı sonuncunun nümayəndəsi məhkəmə iclasında bu halı təsdiqləmişdir. Tərəflər arasındakı razılaşmaya görə cavabdeh borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, iddia tələbinin qismən, yəni 1200 manat məbləğində və 900 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pulun, eləcə də ödənilmiş 50 manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, cavabdeh iddiaçıya olan 1000 ABŞ dolları məbləğində borcundan 100 ABŞ dolları ödəmiş və hazırda 900 ABŞ dolları məbləğində borcu qalmışdır. Bundan əlavə, qızı Cavabdeh İddiaçı olan borcunu etiraf etmiş, habelə borcunu ödəməkdən boyun qaçırmamış, buna etiraz etməmişdir. Belə ki, cavabdeh işsiz olduğu üçün iddiaçıya olan 1200 manat və 1000 ABŞ dolları məbləğində borcunu ödəyə bilməmişdir. Bundan əlavə, tərəflər ailəvi dost olmuşlar. Eyni zamanda, cavabdeh borcunu imkanı daxilində, yəni hər ayın sonu əmək haqqını aldıqdan sonra 100 ABŞ dolları olmaqla, ödəyəcəyi barəsində iddiaçı ilə razılaşmışdır. Odur ki, hazırda cavabdehin iddiaçıya 1200 manat və 900 ABŞ dolları məbləğində borcu olduğundan iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 23 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan münasibət alqı-satqı və borc məsələsindən irəli gəlməklə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, araşdırma zamanı Cavabdeh İddiaçı 1200 manat və 1000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmişdir. İşdə olan 13 mart 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəf məhkəməyə müraciət edərkən 50 (əlli) manat xərc (49 manat dövlət rüsumu və 1 manat komissiya) çəkmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ehtiyacı olduğu üçün İddiaçı 1000 manat, daha sonra 1000 ABŞ dolları məbləğində borc pul almışdır. Bundan sonra, İddiaçı dəyərləri 1400 manat və 2300 manat olmaqla, iki ədəd üzüyü hissə-hissə ödəmək şərtilə satın alsa da, sonradan dəyərini ödəyə bilmədiyi üçün üzüklərdən birini geri qaytarmış, habelə həmin üzük üçün əlavə olaraq 400 manat ödəniş etmiş olsa da, cavabdeh ona 200 manatını geri qaytarmışdır. Eyni zamanda, cavabdeh iddia üzrə tələb olunan 1000 ABŞ dolları məbləğində borcundan 22 iyun 2023-cü il tarixdə 170 manat, yəni 100 ABŞ dolları ödəmiş, habelə bu hal proses iştirakçıları tərəfindən təsdiqlənməklə, işin mübahisələndirilməyən halına çevrilmişdir. Beləliklə, cavabdeh bu günədək borcunu tam qaytarmamaqla, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Hazırda, cavabdehin iddiaçıya 1200 manat və 900 ABŞ dolları məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 1200 manat və 900 ABŞ dolları məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1200 (bir min iki yüz) manat və 900 (doqquz yüz) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pul və 50 (əlli) manat məhkəmə xərcinin 94%-i, yəni 47 (qırx yeddi) manatı tutularaq ödənilməlidir. Həmçinin, məhkəmə tələbin “borcun qalıq məbləğə aid hissəsi”nə münasibətdə qeyd edir ki, tələb bu hissədə iddiaçının nümayəndəsi və vəkili tərəfindən müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1200 (bir min iki yüz) manat və 900 (doqquz yüz) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pul və 50 (əlli) manat məhkəmə xərcinin 94%-i, yəni 47 (qırx yeddi) manatı tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar