Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-35/2024 08.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, eləcə də onun nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 may 2019-cu il tarixdə cavabdehə verdiyi 57000 manat borc pulun sonuncudan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh özünə iş qurmaq üçün Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 254.5 kv.m olan qeyri-yaşayış binasını almaq məqsədilə 02 may 2019-cu il tarixdə ondan 57000 manat məbləğində borc pul almış, habelə pulu alarkən qısa müddət ərzində qaytaracağını vəd etsə də, hələ də bu pulu ona qaytarmamışdır. Ona görə də, 02 may 2019-cu il tarixdə cavabdehə verdiyi 57000 manat borc pulun sonuncudan alınaraq ona geri qaytarılması mütləq və zəruridir. Odur ki, iddia iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən ümumi sahəsi 254,5 kv.m olan qeyri-yaşayış binasını almaq məqsədilə İddiaçı 57000 manat borc almışdır. İddiaçı Cavabdeh borc verərkən sonuncu ilə qohum olduğu üçün ona inanaraq aralarında hər hansı borc müqaviləsi və ya yazılı sənəd bağlamamışdır. Belə ki, İddiaçı Cavabdeh dayısı olmaqla, yük maşını sürücüsüdür. Cavabdehə iddiaçı tərəfindən Siyəzən şəhərində verilmiş 57000 manat məbləğində pul sonuncunun uzun illər əldə etdiyi qazancıdır. Bundan əlavə, iddiaçı əvvəl də dəfələrlə cavabdehə borc pul vermiş və sonuncu həmin borclarını geri qaytarmışdır. Eyni zamanda, onun, iddiaçı tərəfindən cavabdehə verilmiş sözügedən məbləğdə pul vəsaitinin harada, kimin yanında verilməsi barədə dəqiq məlumatı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, Cavabdeh borc aldığı ərəfədə biznes qurmaq imkanı olmadığından, habelə maddi imkanı yaxşı olan dayısı, İddiaçı yük maşını sürücüsü və icarədarı olduğundan Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən ümumi sahəsi 254,5 kv.m olan qeyri-yaşayış binasını almaq məqsədilə sonuncudan 57000 manat məbləğində borc pul istəmişdir. İddiaçı Cavabdeh güvəndiyi üçün sonuncuya həmin məbləğdə pulu vermiş, habelə cavabdeh də həmin qeyri-yaşayış binasını alıb banka girov qoymaqla kredit götürərək, borcunu qaytaracağına dair söz vermişdir. Beləliklə, cavabdeh sözügedən qeyri-yaşayış sahəsini alaraq, 2019-cu ilin noyabr ayında "xxxx" QSC-də girov qoymuş və bankdan təxmini 50000-57000 manat kredit götürmüşdür. Eyni zamanda, cavabdeh bundan tez bir vaxtda kredit götürə bilməmişdir, çünki sonuncu sahibkar kimi fəaliyyət göstərdikdən 6 ay sonra bu imkanı yarana bilərdi. Beləliklə, cavabdeh bankdan pul götürsə də, həmin vəsaiti binanın təmirinə və daxilindəki malların alınmasına sərf etdiyi üçün iddiaçıya borcunu geri qaytara bilməmişdir. Bundan əlavə, iddiaçı əvvəllər də xırda rəqəmlərlə cavabdehə borc pul vermiş, habelə sonuncu bu borclarını geri qaytarmışdır. Həmçinin, bu dörd il müddətində cavabdeh dəfələrlə zərərə uğramış və pul itkiləri baş vermiş, bununla da pulu geri qaytarması mümkün olmamışdır. Habelə, cavabdeh dayısından ona pulu geri qaytarması üçün vaxt verməsini xahiş etmiş və aralarında yaranmış pul mübahisəsinə görə hazırda münasibətləri kəskinləşmidir. Bu səbəbdən də, məsələnin məhkəmə müstəvisində həll olunması zərurəti yaranmışdır. Cavabdeh iddianı qəbul edərək pulu qaytaracağına dair vəd versə də, hazırda bu məbləği ödəmək imkanı yoxdur, habelə qeyd olunan qeyri-yaşayış sahəsi bankda girovda olmaqla, kredit borcunu geri qaytarır. Bununla belə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia tələbinə münasibətdə izahatında göstərdi ki, Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən ümumi sahəsi 254,5 kv.m olan qeyri-yaşayış binasını almaq üçün atasına məxsus Xaçmaz şəhərindəki evi, obyektləri və maşınları girov qoymaqla, 2019-cu ildə "xxxx" QSC-dən və "xxxx" ASC-dən ayrı-ayrılıqda 50000 manat olmaqla, cəmi 100000 manat həcmində kredit götürmüşlər. Beləliklə, həmin ildə sözügedən qeyri-yaşayış sahəsini 175000 manata Natavan adlı qadından almışlar, habelə o, notariat ofisində sənədləşmə işlərində şəxsən iştirak etmişdir. Binanı alındıqdan sonra, daxilində yenidən qurma işləri görülmüşdür. Bundan əlavə, o, Cavabdehlə 18 aprel 2015ci il tarixdə rəsmi nikaha daxil olmaqla, evlənmiş, lakin evli olduqları 8 il müddətində sonuncunun dayısı İddiaçı ilə hər hansı münasibəti və gediş-gəlişi olmamış, lakin cavabdehlə nikahları pozulduqdan sonra tərəflər barışmışlar. Bundan başqa, tərəflərin münasibətinin olmamasını bütün qohumlar bilir. Belə ki, tərəflərin barışmaqda məqsədləri sözügedən qeyri-yaşayış sahəsindən onun pay almasına maneə törətməkdir. Çünki, İddiaçı onun atası ilə xala oğludur. Eyni zamanda, onu hazırda yaşadığı evi satmağa, habelə əlavə əmlak tələb etməməsinə razı salmaq üçün valideyni kimi atasının yanına gəlmiş, həmçinin evin satılmasından əldə etdikləri vəsaitdən ona da pay verəcəklərini bildirmişlər. Bundan başqa, İddiaçı çox kasıb bir şəxs olmaqla, bu vəsaiti vermək imkanına malik olmamışdır. Yəni, ailələri üçün normal şəraitin qurulmasında cavabdehlə birgə çalışdığı və zəhmət çəkdiyi üçün iddiaçı tərəfindən cavabdehə hər hansı bir məbləğdə pul verilərkən onun məlumatının olmaması mümkün deyildir. Keçmiş əri Cavabdeh biznesinin qurulmasında yaxından iştirak edən etibarlı şəxs kimi qeyd edir ki, iddiaçı tərəfindən keçmiş ərinə hər hansı bir məbləğdə pul verilsə idi, onun bundan mütləq xəbəri olardı. Eyni zamanda, Cavabdeh turlar təşkil etməsindən ötrü dayısı olan İddiaçı "xxxx" QSC-də kreditdə olan “Hyundai” markalı avtomobili almışdır. Beləliklə, sözügedən qeyri-yaşayış binanın təmirində və digər işlərin görülməsində cavabdehlə birgə əmək sərf etdiyindən övladları üçün pay istəyir. Ona görə də, iddiaya etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili X4 iddia tələbinə münasibətdə izahatında göstərdi ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində qeyd edildiyi kimi borc müqaviləsi yazılı və şifahi formada bağlanılır. Əgər bu borc üç min manatdan yüksək olarsa, o zaman borc müqaviləsi yazılı şəkildə bağlanılmalıdır. Bundan əlavə, dörd illik iddia müddəti bitməklə yanaşı, yazılı borc müqaviləsi də bağlanmamışdır. Həmçinin, cavabdeh tərəf əgər borcu qəbul edirdisə, bu zaman məhkəməyə müraciət etməmişdən daha əvvəl, lüzumsuz mübahisəni yaratmadan tərəflərin notariat qaydada borc müqaviləsini bağlamaq, cavabdehin isə 4 il ərzində həmin borcunu ödəmək imkanı olmuşdur. Yəni, tərəflər arasında razılıq olduğu halda, hazırkı tələbin məhkəmədə mübahisələndirilməsinə yaranmış zərurətin səbəbləri aydın deyildir. Eyni zamanda, hazırda məhkəmənin icraatında Cavabdehlə hüquqlarını təmsil etdiyi üçüncü şəxs Mənsumə Rzayeva arasında əmlak mübahisəsi olduğundan bu iddia tələbi onların maraqlarına toxunur. Çünki, bu işlə bağlı iddianın təmin edilməsi haqqında qətnamə çıxarılarsa, bu, artıq yeni mübahisənin yaranmasına, yəni gələcəkdə icra məmuru tərəfindən tələbin digər mülki işin mübahisə predmeti olmaqla, hazırda Cavabdeh adında olan Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsinə səbəb olacaqdır. Bununla da qeyd edir ki, iddia formal olaraq, tərəflərin aralarındakı razılaşması əsasında verilmişdir. Bundan əlavə, onlar hazırkı iddiadan öncə əmlak və aliment tələbi ilə mediasiya qurumuna müraciət etdiyi zaman tərəflər bundan məlumatlı olmuş, buna görə də qabaqlayıcı tədbir kimi hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Ona görə də, iddiaya etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, 08 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 261 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İlk növbədə hazırkı mübahisə üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Elə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Yəni, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinin İ, İV və V hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd olunan Məcəllənin 329-cu maddəsinin İ-İİ hissələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Bu Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yenə bu Məcəllənin 404-cü maddəsinin İ və İİ hissələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 02 may 2019-cu il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 740-cı maddələrinə münasibətdə hazırkı mübahisə üzrə həmin vaxt qüvvədə olan müddəalara diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı 02 may 2019-cu il tarixdə Cavabdeh 57000 manat məbləğində pul verməsi, habelə sonuncunun həmin vaxt iddiaçıdan bu pulu məhz borc olaraq almasının heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Belə ki, qanunla başqa hal müəyyən edildiyi halda, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa bu müqavilə yazılı formada bağlanmalı olsa da, tərəflər mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, aralarında pulun verilməsi ilə bağlı şifahi razılaşmanın olmasını iddia etmişlər ki, bu da nəticədə onların şifahi olaraq bağlanmasını iddia etdikləri əqdin (müqavilənin) etibarsızlığına səbəb olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərindən də göründüyü kimi əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsız olsa da, əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Lakin, təsdiqetmə yalnız, müqavilənin və ya əqdin əxlaq tələblərinə zidd olmadığı və üçüncü şəxslərin mənafelərini pozmadığı halda etibarlı olur. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Mülki Məcəllənin 560-cı maddəsinin 3-cü hissəsinin İ-İV bəndlərinə əsasən qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Hətta, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. İşin faktiki hallarından da göründüyü kimi tərəflər, aralarında müqavilənin məcburi forma tələbinə riayət etmədən 02 may 2019-cu il tarixdə bağladıqlarını iddia etdikləri əhəmiyyətsiz əqdi məhkəmə iclasında şifahi olaraq təsdiqləsələr belə, bu təsdiqləmə ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğun gəlməməklə yanaşı, üçüncü şəxsin, yəni Mənsumə Rzayevanın mənafeyini də pozmuşdur. Belə ki, iddia edilən əhəmiyyətsiz əqdin bağlandığı, 02 may 2019-cu il tarixdən sonrakı vəziyyət tərəflərin hazırda məhkəmədə nümayiş etdirdikləri hərəkətlə, həmçinin bildirdikləri fikirlərlə uzlaşmır. Ona görə ki, iddiaçı iddia edilən əhəmiyyətsiz əqdin bağlandığı tarixdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi tarixədək olan 4 il 5 ay 9 gün ərzində borcun qaytarılmasının təmin edilməsi üçün hər hansı bir əməli tədbir görməmiş (cavabdehi borcun qaytarılması məqsədilə xəbərdarlıq etməmiş, şahidlərin iştirakı ilə onunla bu barədə söhbətlər aparmamış, müvafiq qurumlara müraciət etməmiş və s.), görsə belə bunu təsdiq edəcək mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, tərəflər qohumluq (dayı-bacıoğlu) münasibətlərində olsalar belə, bu, müqavilənin məcburi forma tələbinə riayət edilməməsinə əsas verməməklə bərabər, cavabdehə verilməsi ehtimal edilən məbləğin həcminin əhəmiyyətli dərəcədə böyüklüyü və bu məbləğin qaytarılmaması da istər-istəməz İddiaçıla Cavabdeh arasında 4 il 5 ay 9 günlük dövr ərzində münasibətləri kəskinləşdirməli və müxtəlif müstəvilərdə mübahisələrin yaranmasına səbəb olmalı idi. Digər tərəfdən, tərəflər arasında pul məbləğinin verilib-alınması ilə bağlı münasibətlərin mövcudluğunu təsdiqləyən əlavə mötəbər sübutların olmaması da, tərəflərin həqiqi iradəsinin ehtimal olunan müqavilənin bağlanması olduğuna, habelə mübahisələndirilən məbləğin cavabdehə həqiqətən də verilməsinə şübhələr yaratmışdır. Həmçinin, qeyd olunmalıdır ki, hazırda Siyəzən Rayon Məhkəməsinin icraatında üçüncü şəxs Mənsumə Rzayevanın tələbi ilə Cavabdehlə onun arasında nikah dövründə birgə əldə etdikləri əmlakın bölünməsinə dair iddia ərizəsi üzrə mülki iş vardır və həmin işin mübahisə predmetlərindən biri də Siyəzən şəhərinin Heydər Əliyev prospektindəki qeyri-yaşayış binası təşkil edir. Belə olan halda, iddia edilən əhəmiyyətsiz əqdin bağlandığı tarixdən 4 il 5 ay 9 gün sonra hazırkı iddia tələbinin verilməsi məhz məhkəmədə olan sözügedən mülki işə mahiyyət etibarilə qarşılıq olaraq, bir növ gələcəkdə Cavabdeh münasibətdə onun üçün əlavə öhdəliyin yaradılması niyyəti ilə verildiyi istisna edilmir. Hazırkı iddia tələbinin hər hansı bir qanuni əsas olmadan təmin edilməsi isə Cavabdeh üzərinə əlavə öhdəliyin qoyulmasına, həmçinin gələcəkdə onunla üçüncü şəxs arasında ehtimal olunan əmlak bölgüsü zamanı sonuncuya düşməli pay həcminin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaqdır ki, bu da birbaşa olaraq üçüncü şəxs Mənsumə Rzayevanın qanunla qorunan mənafeyinin pozulması ilə nəticələnəcəkdir. Bununla da, tərəflərin əhəmiyyətsiz əqdi bu formada təsdiqləmələri, o cümlədən haqlarından (subyektiv hüquqlarından) bu cür, onun məqsədi və təyinatı ilə bağlı olmayan şəkildə istifadə etmələri haqdan sui-istifadə və estoppel prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılığı müəyyən edən 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Bu mənada həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 351.5-ci, həm də Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə istinadən məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən iddianın etiraf edilməsi onun həqiqi iradəsini ifadə etməməklə (gizlətməklə), aldatmadan istifadə edərək üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğuna görə məhkəmə, cavabdehin bu etirafını sonuncunun həqiqi iradə ifadəsini, eləcə də obyektiv reallığı əks etdirməməsi qənaətinə gəlməklə, həqiqəti ehtiva etməsinə yaranmış şübhələrlə əlaqədar etirafın qəbul edilməsini, o cümlədən mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda, məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili X2 hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü bildirməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin İİ hissəsinin İ cümləsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyindən, habelə üçüncü şəxs bu iş üzrə iştirak edən şəxs sayılsa da, hazırkı mübahisənin tərəfi olmadığından, eləcə də mübahisə tərəflərindən məhkəməyə belə bir ərizə daxil olmadığından, xüsusilə də iddia tələbi təmin edilmədiyindən həmin fikirlərin nəzərə alınması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 261 (iki yüz altmış bir) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 261 (iki yüz altmış bir) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-35/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-35/2024
08.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver