Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-491/2022 24.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, cavabdeh Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon dövlət notariat ofisinin xüsusi notariusunun 23 fevral 2021-ci il tarixli, 8İ-312 saylı icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon dövlət notariat ofisinin xüsusi notariusunun 23 fevral 2021-ci il tarixli, 8İ-312 saylı icra qeydinə əsasən ona məxsus ipoteka predmeti olan Sumqayıt şəhərinin 20-ci məhəlləsindəki 7/16 saylı evin ümumi sahəsi 41,8 kv.m-dən ibarət 4-cü mənzilə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş) 25824,68 manat əsas, 3216,51 manat faiz, 3,56 manat cərimə olmaqla, cəmi 29044,75 manat borc üzrə tutmanın yönəldilməsi barədə icra qeydi verilmişdir. İcra qeydi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədovun icraatında olmaqla, 21 aprel 2021-ci il tarixdə sonuncu tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, elə həmin tarixdə tələbin könüllü icrası haqqında ona bildiriş göndərilmiş, lakin o, həmin bildirişi rəsmi qaydada almamış, icra qeydindən və icra hərəkətlərindən xəbərsiz olmuşdur. Bundan sonra, 25 aprel 2021-ci il tarixdə icra məmuru tərəfindən qiymətləndirici dəvət edilməsi haqqında qərar qəbul edilmiş, həmçinin 30 iyun 2021-ci il tarixdə ona məxsus mənzilin dəyəri 49000 manat müəyyən edilmişdir. Daha sonra, 11 avqust 2021-ci il tarixdə hərracın keçirilməsi haqqında "xxxx" MMC-yə sifariş məktubu göndərilmiş, oranın 03 sentyabr 2021-ci il tarixli hərrac bildirişinə əsasən mənzilin ilkin satış qiyməti 49000 manat müəyyən edilmişdir. Hərrac keçirilmiş və ona məxsus mənzil 31237 manata "xxxx" ASC-yə satılmışdır. Hazırda ona məxsus mənzil bankın mülkiyyətində olsa da, onun bütün bunlardan xəbəri olmamışdır. İcra məmuru onu icra idarəsinə çağırdıqdan sonra o, 07 iyul 2022-ci il tarixdə icra məmurundan sənədləri götürmüşdür. O, icra qeydi ilə razı deyildir. Belə ki, icra qeydi verilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 161, 162-2-ci bəndlərinin tələbləri kobud şəkildə pozulmuş, onun icra qeydinin verilməsindən xəbəri olmamışdır. Ona görə də hesab edir ki, icra qeydi ləğv olunmalıdır. Çünki, həmin icra qeydinin əsasında ona məxsus mənzil əsassız olaraq satılmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı (onun nümayəndəsi və vəkili) məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iclasın iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən Nümayəndə2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, notariat ofisi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmə aparılmaqla, 23 fevral 2021-ci il tarixdə icra qeydi tərtib edilmiş, həmçinin ipoteka predmeti olan Sumqayıt şəhərinin 20-ci məhəlləsindəki 7/16 saylı evin ümumi sahəsi 41,8 kv.m-dən ibarət 4-cü mənzilinə 25824,68 manat əsas, 3216,51 manat faiz, 3,56 manat cərimə olmaqla, cəmi 29044,75 manat borc üzrə tutma yönəldilmişdir. Bununla əlaqədar, "xxxx" ASC-nin Anar adlı əməkdaşı tərəfindən İddiaçı “Mega Ekspress” poçt xidməti vasitəsilə 26 yanvar 2021-ci il tarixdə iki dəfə olmaqla, eyni formalı və məzmunlu bildiriş göndərilmiş, bildirişlərdə sözügedən borc ilə əlaqədar bütün məlumatlar öz əksini tapmışdır. Poçt qaimələrindən də göründüyü kimi bildirişlər, 30 yanvar 2021-ci il tarixdə iddiaçıya çatdırılsa da, sonuncu onları qəbul etməkdən imtina etdiyindən qaimələrdə “imtina olundu ünvanda” qeyd olunmuşdur. Bundan əlavə, sözügedən bildirişlər, Azərbaycan Respublikası DİN-in MAPS şöbəsinin təqdim etdiyi arayışda İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan kimi göstərilmiş ünvan 1ərilmişdir. Beləliklə, qaimələrin üzərində “imtina olundu ünvanda” qeydinin olmasına baxmayaraq, iddiaçının rəsmi qaydada məlumatlandırılmasından 20 günlük könüllü icra müddəti keçdikdən sonra icra qeydi tərtib edilmişdir. Belə ki, iddiaçı icra qeydini qəbul etməkdən imtina etsə də, 20 günlük könüllü icra müddəti tamamlandığı üçün icra qeydi aparıla bilər. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin bu təşkilatlar səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan da, baxılmasını mümkün hesab etmişdir. Bununla belə, "xxxx" ASC-nin nümayəndəsi Raul İsgəndərovun məhkəməyə ünvanladığı etirazında göstərilmişdir ki, Siyəzən rayon dövlət notariat ofisinin xüsusi notariusu tərəfindən 23 fevral 2021-ci il tarixdə ipoteka saxlayan bankın müraciətinə əsasən İddiaçı (ipoteka qoyana) məxsus ipoteka predmeti olan Sumqayıt şəhərinin 20-ci məhəlləsindəki 7/16 saylı evin ümumi sahəsi 41,8 kv.m-dən ibarət 4-cü mənzilə tutma yönəldilməsi barədə 8İ-312 reyestr nömrəli icra qeydləri aparılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrası 90 təqvim günü və daha çox müddətə gecikdirildikdə, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərti baş verdikdə, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Göründüyü kimi icra qeydinin aparılması üçün qanunvericilikdə tələb olunan müddət tərəflərindən gözlənilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada icra qeydi alınmışdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə görə əsas öhdəliyin və ya onun bir hissəsinin icrasını bu müqavilənin 3-cü maddəsində qeyd edilmiş müddət ərzində 90 təqvim günü və ya daha çox müddətdə gecikdirilməsi ipoteka qoyulmuş əmlaka tutma yönəldə bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 9-cu hissəsinə görə borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi il ə əlaqədar icra qeydi almaq üçün ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli, ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli, bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli təqdim olunur. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd "Notariat haqqında” Qanunun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1-1-ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olub-olmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır. İcra qeydinin aparılması üçün notariusa təqdim olunan sənədlərdən görünür ki, tərəflər arasında qeyd olunan əmlaklara dair notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsi bağlanmış; həmin müqavilə (bankın ipoteka hüququ) daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış, ipoteka ilə təmin olunan öhdəlik vaxtında icra olunmadığı üçün bank “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2ci maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri sifarişli məktubla ipoteka qoyana göndərmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər müvafiq dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. Bundan başqa, icra qeydinin aparılmasına dair və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlər qanunvericiliyin tələbinə əsasən ipoteka qoyana göndərilməlidir və bank qanunvericiliyin həmin tələbini icra etmişdir. Eyni zamanda, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılması üçün əsas öhdəliyin son icra müddətinin başa çatması vacib deyil, ipotekaya tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hər hansı halın mövcud olması və Siyahının 1-1-ci bəndində göstərilən sənədlərin notariusa təqdim edilməsi kifayətdir. İddiaçı icra qeydinin qanunsuz olduğunu göstərsə də, bunu sübut edə bilməmişdir. Odur ki, iddia əsassız olduğu üçün təmin olunmaması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsində göstərilənləri nəzərə almaqla, həmçinin cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, 07 oktyabr 2019-cu il tarixli kredit limiti müqaviləsinin surətindən görünür ki, kredit verən “Bank Respublika" ASC ilə borcalan İddiaçı arasında bağlanmış, bu müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən borcalana 500 000 manat məbləğində 120 ay müddətinə 07 oktyabr 2029-cu il tarixinədək kredit limiti ayırmış və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razışlaşmanı imzalamaqla, kredit verməyi öhdəsinə götürmüşdür. İşdə olan 11 avqust 2020-ci il tarixli, 016CASA192800010 nömrəli restrukturizasiya razılaşmasının surətindən görünür ki, kreditverən bu razılaşmanın 1-ci bəndində qeyd edilmiş kredit limiti müqaviləsi çərçivəsində bağlanmış 07 oktyabr 2019-cu il tarixli əlavə razılaşmaya əsasən borcalana illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 07 oktyabr 2022-ci il tarixinədək 30000 manat məbləğdə kredit vermiş və bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit üzrə 25824,68 manat əsas və 1172,44 manat faiz borcu mövcuddur. İşdə olan Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 09 oktyabr 2019-cu il tarixdə təsdiqlənməklə, reyestrdə 4Ə-292 nömrə ilə qeydə alınmış alqısatqı və ipoteka müqaviləsinin surətinə əsasən X2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhərinin 20-ci məhəlləsindəki 7/16 saylı evin ümumi sahəsi 41,8 kv.m-dən ibarət 4-cü mənzilini İddiaçı 30000 (otuz min) manata satmışdır. Həmin müqaviləyə görə mənzilin dəyəri, yəni 30000 manat 07 oktyabr 2019-cu il tarixli, 19016-S097258/765439 saylı kredit limiti müqaviləsinə əsasən kreditor ipoteka saxlayan "xxxx" ASC tərəfindən alıcı ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 noyabr 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, 07 oktyabr 2019-cu il tarixli kredit limiti müqaviləsində nəzərdə tutulmuş əsas öhdəliyin təminatı kimi İddiaçı məxsus olan Sumqayıt şəhərinin 20ci məhəlləsindəki 7/16 saylı evin ümumi sahəsi 41,8 kv.m-dən ibarət 4-cü mənzil "xxxx" ASC qarşısında yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 19 yanvar 2021-ci il tarixli borc haqqında arayışın surətindən görünür ki, İddiaçı "xxxx" ASC-yə 07 oktyabr 2019-cu il tarixli kredit limit müqaviləsi üzrə cəmi 29044,75 manat borcu vardır. İşdə olan 26 yanvar 2021-ci il tarixli bildirişlərin surətlərinin məzmunlarından aydın olur ki, "xxxx" ASC tərəfindən Siyəzən şəhərinin M. Müşfiq küçəsindəki 8 saylı evin sakini İddiaçı məlumat verilərək, banka ödənilməli olan kredit və faiz borclarının ödəmə müddətlərini pozduğu üçün icranı təmin etmək məqsədilə tutmanın notariusun icra qeydi əsasında ipoteka predmetinə yönəldilməsi haqqında prosedur başlandığı bildirilmişdir. İşdə olan 26 yanvar 2021-ci il tarixli, 216077 və 216079 nömrəli qaimələrin surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı Siyəzən şəhərinin M.Müşfiq küçəsindəki yaşadığı 8 saylı evə “Mega Ekspress” poçt xidməti vasitəsilə göndərilmiş icra qeydi və tutma yönəldilmə bidirişlərin qəbul edilməsindən 30 yanvar 2021-ci il tarixdə imtina edilmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən Nümayəndə2 tərəfindən 23 fevral 2021-ci il tarixdə reyestrdə 8İ-312 nömrə ilə qeyd edilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin surətindən görünür ki, ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Sumqayıt şəhərinin 20-ci məhəlləsindəki 7/16 saylı evin ümumi sahəsi 41,8 kv.m-dən ibarət 4-cü mənzilinə 25824,68 manat əsas, 3216,51 manat faiz, 3,56 manat cərimə olmaqla, cəmi 29044,75 manat borc üzrə tutma yönəldilmişdir. İşdə olan 10 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, iddia tələbi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı 07 oktyabr 2019-cu il tarixdə "xxxx" ASC ilə kredit limiti müqaviləsi imzalamaqla, 09 oktyabr 2019-cu il tarixdə Sumqayıt şəhərinin 20-ci məhəlləsindəki 7/16 saylı evin 4-cü mənzilini satın almış, habelə mülkiyyətindəki sözügedən mənzili kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə müəyyən edilmiş ödəniş cədvəlində qeyd olunan məbləğ kredit alan, yəni iddiaçı tərəfindən müəyyən müddət ödənilməmişdir. Bu səbəbdən də bankın tələbi ilə 23 fevral 2021-ci il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydi verilmişdir. Hazırda, İddiaçı icra qeydinin verilməsi prosedurunun pozulduğunu və ona ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlə məlumat verilmədiyini iddia edərək 23 fevral 2021-ci il tarixli icra qeydinin ləğvini tələb etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının İ, İİ və Vİ hissələrinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş təlimatın 169-1-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda, ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə, ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinin b) yarımbəndində göstərilmişdir ki, icra qeydi almaq üçün ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli” təqdim olunur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Bu Qanunun 36-cı maddəsinin İ hissəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Qeyd olunan normanın məzmunundan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər ipoteka qoyanın və müqavilədə qeyd olunan digər şəxsin ünvanına göndərilməlidir. Təminatlı kredit müqavilələri üzrə icra qeydinin verilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi ilə başlanılır. Hazırki iş üzrə belə bildirişlər 26 yanvar 2021-ci il tarixdə "xxxx" ASC tərəfindən ipoteka qoyana, yəni İddiaçı göndərilsə də, sonuncu 30 yanvar 2021-ci il tarixdə bildirişlərin qəbul edilməsindən imtina etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin tələblərindən də aydın olur ki, bildiriş poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra çatdırılmış sayılır, bu hal sonrakı addımların atılmasına imkan verir. Bildirişin alınıb-alınmamasından asılı olmayaraq, bu halda bankın icra qeydinin verilməsi üçün notariusa müraciət etmək hüququ yaranmış olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci və 38-ci maddələrinin İ hissələrinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Beləliklə, işin faktiki hallarından da göründüyü kimi mübahisə predmetini təşkil edən 23 fevral 2021-ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş, habelə onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-491/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-491/2022
24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver