Məhkəmə qərarları › İş №e-2(059)-555/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-555/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-555/2021 15.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1732 manat sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus olmaqla, Cavabdeh2 idarə etdiyi ** CK *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 200” markalı avtomaşın 13 oktyabr 2020-ci il tarixində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. 27 yanvar 2021-ci il tarixində Cavabdeh2 idarə etdiyi ** CK *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 200” markalı avtomobillə ** BB *** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə araşdırılarkən Cavabdeh2 avtomaşını etibarnamə olmadan idarə etdiyi məlum olmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş 03 fevral 2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** BB *** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomaşının təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1732 manat məbləğində müəyyən edilmiş, bu məbləğ 09 fevral 2021-ci il tarixli sığorta aktına əsasən köçürmə yolu ilə ödənilmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ona məxsus olan “Mercedes Benz 200” minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili 13 oktyabr 2021-ci il tarixli etibarnamə əsasında X5, 01 fevral 2021-ci il tarixdə isə X2 Musayevə vermişdir. Teymuraz Musayevin ölməsi 01 fevral 2021-ci il tarixdə sonuncunun oğlu Şirxana etibarnamə verərkən ona məlum olmuşdur. Bundan başqa, 27 yanvar 2021-ci il tarixdə sözügedən avtomobil onun istifadəsində olmamış, avtomobili o, idarə etməmiş və yol-nəqliyyat hadisəsinin törədilməsində onun heç bir təqsiri olmamışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsindən də hazırkı məhkəmə işi ilə əlaqədar məlumatlı olmuşdur. Odur ki, iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 13 noyabr 2018-ci il tarixdə verilmiş AD seriyalı, 345576 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “Mercedes Benz 200” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 13 oktyabr 2020-ci ildən 13 oktyabr 2021-ci il tarixədək sığortalanmışdır. İşdə olan Siyəzən rayon dövlət notariat ofisi tərəfindən 13 oktyabr 2020-ci il tarixdə, reyestrdə 7E-660 nömrə ilə qeydə alınmış, ƏN-V seriyalı, 969509 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 məxsus “Mercedes Benz 200” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşın həmin tarixdə 1 il müddətinə X4 istifadəsinə təqdim edilmiş və bu avtomobilin idarə edilməsi ilə əlaqədar bütün hüquq və səlahiyyətlər sonuncuya verilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 28 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 150535 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 noyabr 2020-ci il tarixdə ürəyin atorosklerotik xəstəliyindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 noyabr 2020-ci il tarixdə 1562 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat ofisi tərəfindən 01 fevral 2021-ci il tarixdə, reyestrdə 7E-163 nömrə ilə qeydə alınmış, ƏN-İV seriyalı, 801197 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 məxsus “Mercedes Benz 200” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşın həmin tarixdə 1 il müddətinə Şirxan Musayevin istifadəsinə təqdim edilmiş və bu avtomobilin idarə edilməsi ilə əlaqədar bütün hüquq və səlahiyyətlər sonuncuya verilmişdir. İşdə olan mötəbər sübutlardan, o cümlədən izahatlardan, yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş arayışdan, həmçinin Bakı şəhəri Suraxanı DYPŞ-nin əməkdaşı tərəfindən 29 yanvar 2021-ci il tarixdə tərtib olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində 27 yanvar 2021-ci il tarixdə saat 19.50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz 200” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ara məsafəsi qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətməklə, X1 idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobilə zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan 03 fevral 2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, "xxxx" markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə 1732 manat məbləğində ziyan dəymişdir. İşdə olan 09 fevral 2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1732 manat sığorta ödənişinin "xxxx" ASC tərəfindən X3 ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, yuxarıda adı qeyd edilən sığorta aktına əsasən 04 fevral 2021-ci il tarixdə sığortaçı "xxxx" ASC X3 1732 manat sığorta ödənişi etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30,40 (otuz manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz 200” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində 27 yanvar 2021-ci il tarixdə saat 19.50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz 200” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ara məsafəsi qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətməklə, X1 idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtomobilə ziyan vurmuşdur. Bu səbəbdən də, iddiaçı ASC tərəfindən zərərçəkmiş şəxsə 1732 manat sığorta ödənişi verilmişdir. İddiaçı "xxxx" ASC “Mercedes Benz 200” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində idarə edildiyini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdeh tərəfə qarşı iddia qaldırmışdır. Nəticədə, Cavabdeh2 vurulmuş ziyana görə iddiaçıya 1732 manat borcu qalmışdır. Həmçinin, digər Cavabdeh1 təhlükə mənbəyi olan avtomobilin mülkiyyətçisi olsa da, hadisə baş verən vaxtı həmin avtomobil onun sahibliyində olmamış, qanuni əsaslarla onun sahibliyindən müvəqqəti olaraq çıxmışdır. Beləliklə Cavabdeh1 təhlükə mənbəyinin sahibi sayılmadığına görə vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsi onun öhdəsinə qoyula bilməz. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, ona qanuni əsaslarla sahib olmayan Cavabdeh2 daşımalı, Cavabdeh1 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh2 1732 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 1732 (min yeddi yüz otuz iki) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar