Məhkəmə qərarları › İş №e-2(059)-672/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-672/2025

08.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-672/2025 08.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, üzr istənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmaqla, zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, üzr istənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmaqla, zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatlara təkzib verilməsi, ondan üzr istənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin bu işgüzar nüfuzunu ləkələyən məlumatlar nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, o cümlədən elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründüyü kimi, mülki iş aidiyyəti üzrə ümumi məhkəməyə, yəni Siyəzən Rayon Məhkəməsinə aid deyildir. Çünki, İddiaçı (VÖEN **********), eləcə də Cavabdeh (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdirlər, eyni zamanda, mübahisə iddiaçının qanuni təmsilçisi (direktor müavini) olduğu hüquqi şəxs - "xxxx" MMC ilə cavabdeh arasında sahibkarlıq fəaliyyətini həyata keçirməsi nəticəsində yaranmışdır. Belə ki, cavabdehlə iddiaçının vəzifəli şəxsi olduğu "xxxx" MMC arasında mülki-hüquqi münasibətlər mövcud olmuş və Cavabdeh, qeyd edilən MMC-nin, eləcə də, onun qanuni təmsilçisi (direktor müavini) olan İddiaçı işgüzar sahibkarlıq fəaliyyəti ilə bağlı müxtəlif dövlət qurumlarına mülki dövriyyənin iştirakçıları olan biznes tərəfdaşları və istehlakçıların maraqlarının, işgüzar davranış qaydalarının pozulması kimi mənfi rəy formalaşdıran müraciətlər etmişdir. Göründüyü kimi, hazırkı mübahisə iddiaçının vəzifəli şəxsi olduğu, 20 iyun 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərdiyi 8 il müddət ərzində peşəkar biznes fəaliyyəti ilə məşğul olaraq müəyyən ticarət dövriyyəsinə malik olmaqla, yerli bazarda tanınan "xxxx" MMC ilə cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən yaranmaqla, əmlak və qeyri-əmlak xarakteri daşıyır. Çünki, iddiaçının cavabdehə qarşı “işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, üzr istənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmaqla, zərərin əvəzinin ödənilməsi” tələbi tərəflərin kommersiya münasibətləri ilə əlaqədar yaranmış mübahisədən irəli gəlir. İş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsi isə işə ağlabatan müddətdə baxılmasında yarana biləcək çətinliyin aradan qaldırılmasına və şəxsin pozulmuş hüquqlarının səmərəli, habelə daha tez bərpa edilməsinə şərait yaradır. Eyni zamanda, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bu Qərarın 20 və 22-ci bəndlərinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Bütün bunlar isə hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin subyektləri olan tərəflər arasında mövcud olmuş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən törənmiş kommersiya fəaliyyəti ilə əlaqədar qeyri-əmlak və əmlak tələbi olduğunu göstərir. Beləliklə, həm tərəflərin subyektiv tərkibi (subyektlərin dairəsi), həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakterinin qarşılıqlı əlaqəsi baxımından hazırkı mübahisənin məhkəmə aidiyyətinin kommersiya məhkəmələrinə aid olması şübhəsizdir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə, məhkəməyə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla aidiyyəti üzrə məhkəməyə, yəni Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, üzr istənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmaqla, zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər, ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar