Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-823/2024 09.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bitkiçilik məqsədləri üçün əldə edilmiş dərman və gübrə preparatlarına görə qalan 6970 manat pulun və 89,70 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi məsələsini müzakirə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin 2023-cü ildə ondan aldığı 7970 manat dəyərində gübrəni özünə məxsus 3 hektara yaxın pomidor sahəsində istifadə edərək, bu məhsulun satışından əldə ediləcək gəlirdən dərman preparatlarının pulunu qaytaracağına söz verməsinə baxmayaraq, həmin sahədən gəlir götürə bilmədiyi üçün onun pulunu tam qaytara bilmədiyini qeyd etsə də, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin gübrə preparatlarını şəxsi məqsədlər üçün iddiaçıdan almasını bildirir. Habelə, onların hər ikisi işə Siyəzən Rayon Məhkəməsində baxılmasının davam etdirilməsini xahiş edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mülki iş məhkəmə aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə aid deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan göründüyü kimi mülki işin aidiyyəti üzrə ümumi məhkəməyə, yəni Siyəzən Rayon Məhkəməsinə aidiyyəti müəyyən edilməmişdir. Çünki, İddiaçı gübrələrin pərakəndə satışı, (VÖEN **********), Cavabdeh isə iribuynuzlu mal-qaranın yetişdirilməsi və süd istehsalı (VÖEN **********) sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mübahisə onların qanuni sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmış borcun mübahisələndirilməsi ilə bağlıdır. Həmçinin, İddiaçı aktiv, Cavabdeh isə fəaliyyətini müvəqqəti dayandırmış sahibkar statusuna malik olmasına baxmayaraq, sonuncu vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq, uçotdan çıxarılmamışdır. Hətta, tərəflər arasında sahibkarlıq fəaliyyətinin bir növü olan gübrə məhsullarının nisyə-alqı satqısı ilə əlaqədar müqavilə münasibətləri yaranmışdır. Digər tərəfdən iddia tələbi üzrə cavabdehdən tələb edilən pul məbləği də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində tərəflər arasında yaranmış fikir ayrılığından qaynaqlanmış, iddiaçı məhkəmə iclasında müvafiq pul tələbini əsaslandırarkən dərman və gübrə preparatlarını cavabdeh tərəfindən öz sahibkarlıq məqsədləri üçün istifadə edilməsinə istinad etmişdir. Beləliklə, iş materiallarında olan mötəbər sənədlərə əsasən hazırkı işə Siyəzən Rayon Məhkəməsində baxılması üçün əsaslar yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yenə bu Məcəllənin 32-ci maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 12-13-cü və 20-ci bəndlərinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin Qərarın 28-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Bütün bunlar isə hazırkı mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçılə Cavabdeh arasında yaranmış mübahisəyə baxılması məqsədi ilə mülki iş aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə, yəni aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 31.1, 32.5 və 32.6-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-823/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-823/2024
09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver