Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1013/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3022 manat sığorta ödənişinin əvəzinin və 30 manat dövlət rüsumunun, ümumilikdə, 3052 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, PME ********** saylı sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış cavabdehin 02.04.2020-ci il tarixdə idarə etdiyi “Vaz 21214” markalı **-OR-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi ilə R.Rza küçəsinin kəsişməsində hərəkət edən zaman yol ayrıcını keçmə qaydalarını pozmuş və nəticədə “Toyota LC200” markalı 90-dc-100 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPŞ-də tərtib olunmuş TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs cavabdeh müəyyən olunmuş, həmçinin inzibati tənbehvermə haqqında qərarda cavabdehin yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayındığı da qeyd olunmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota LC200” markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobilə 3122 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta müqaviləsinə və 08 iyul 2020-ci il tarixli İAS 200642 saylı sığorta ödənişi aktına əsasən iddiaçı tərəfindən zərərçəkənə 3022 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1988-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “VAZ 21214” markalı, **- OR-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. Cavid Cəbrayılov 26.10.2019-cu il tarixli nəqliyyat vasutəsinə sərəncam verilməsi haqqında etibarnamə ilə avtomobil üzərində hüquqları X2 etibar etmişdir. Ceyhun Cəbrayılov isə 02.04.2020-ci il tarixində iddiaçıya avtomobilin idarə edilməsi üçün yol vərəqəsi vermişdir. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumata əsasən, “**-OR-***dövlət qeydiyyat nişanlı, “VAZ 21214” markalı avtonəqliyyat vasitəsi idddiaçı tərəfindən 25.07.2019-cu il tarixində “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, mülkiyyətçisi X4, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh olan “**-OR-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” markalı avtomobillə yol hərəkəti qaydalarının pozulması nəticəsində 02.04.2020-ci ildə, , H.Aslanov küçəsi ilə R.Rza küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı mülkiyyətçisi hadisə baş verən anda sürücüsü X8 olan **-DC-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC200” markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Nəsimi rayon DYPŞ əməkdaşı tərəfindən Cavabdeh barəsində 04.04.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 04.04.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrinə əsasən yolayrıcını keçmə qaydalarının pozduğu, hadisə yerindən yayındığı üçün təqsirli bilinərək 100 manat cərimə edilmişdir. 20.05.2020-ci saylı akta əsasən **-DC-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC200” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 3122 manat məbləğində müəyyən edilmişdir. 08.07.2020-ci il tarixli sığorta aktına əsasən **-DC-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC200” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən 3022 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 13.07.2020-ci il tarixli 002282 saylı ödəniş tapşırığına əsasən 3022 manat məbləğində pul “xxxx” ASC-yə ödənilmişdir. 01.08.2019-cu il tarixli, MV-P 00359-19 saylı sığorta şəhadətnaməsindən görünür ki, X5 məxsus **-DC-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC200” markalı avtomobil “xxxx” ASC tərəfindən sığortalanmışdır. 20.05.2020-ci il tarixli ödəniş tapşırığına əsasən **-DC-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC200” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə “xxxx” ASC tərəfindən X6 3022 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbari sığortası qaydasında sığortalanmış avtomobil Cavabdeh tərəfindən idarə olunarkən sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində **-DC-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC200” markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı bununla bağlı həmin avtomobilə dəymiş ziyanla bağlı sığorta ödənişi həyata keçirmişdir. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Cavabdeh iddiaçı tərəfindən sığortalanmış avtomobilin sürücüsü olmaqla baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır (25.1.). Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (63.1.). İşdən göründüyü kimi Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmış və buna görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən **-DC-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC200” markalı avtomobilə dəymiş ziyana görə ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3022 (üç min iyirmi iki) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-1013/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1013/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver