Məhkəmə qərarları › İş №e-2(060)-1071/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1071/2025

24.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1071/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15700 (on beş min yeddi yüz) manat məbləğində pulun, hüquqi yardımla bağlı ödənilən vəsaitin və 140 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, torpaq almaq istədiyindən “YENİ.ƏMLAK AZ” saytında satışda olan əmlaklara baxdıqda Yaşıl dərə qəsəbəsi sayılan ərazidə 4 sot torpaq sahəsinin 15700 manata satılması barədə elana rast gəlmişdir. Elanda torpaq sahəsinin Mədinə adlı bir xanıma məxsus olması qeyd edilmişdi. Həm yerləşdiyi ərazi həm də qiyməti ona uyğun olduğu üçün elanda qeyd edilən ***-***-**-** telefon nömrəsi vasitəsilə Mədinə xanımla əlaqə saxlayaraq görüş üçün vaxt müəyyənləşdirmişlər. Öncədən müəyyənləşdirdikləri yerə Mədinə xanım oğlu Cavabdeh ilə gəlmişdir. Cavabdeh torpaq sahəsinin yerləşdiyi ərazini iddiaçıya göstərərək 10 sot torpaq sahəsinin anası Mədinə xanıma məxsus olmasını, lakin torpaq sahəsinin tam sənədləşdirilmədiyini, yalnız bələdiyyə sənədlərinin olduğunu bildirirərək torpaq sahəsini müəyyən hissəsini göstərərək 4 sot olduğunu, 15700 manata satdığını demişdir. İddiaçı bu barədə cavabdehlə razılaşmışdır. Torpaq sahəsinin dəyəri olaraq 15700 manat məbləğində pulu iddiaçıdan Mədinə xanımın əvəzinə Cavabdeh nağd şəklində almışdır. Bunu kağız üzərində yazılı şəkildə həqiqətən də xx.xx.2023-cü il tarixdə Yaşıl dərə qəsəbəsində yerləşən bağından 4 sot torpaq sahəsini iddiaçı-İddiaçı satdığını, bunun müqabilində 15700 (on beş min yeddi yaz) manat pul aldığını öz imzası ilə təsdiq etmişdir. Lakin Cavabdeh iddiaçının etibarımdan sui-istifadə edərək 15700 (on beş min yeddi yaz) manat məbləğində pulunu mənimsəmiş, qeyd edilən 4 sot torpaq sahəsini iddiaçıya təhvil verməmişdir. Dəfələrlə ondan pulunu geri qaytarmasını tələb etdikdə ilk vaxtlar qaytaracağını bildirmişdir. Bir müddət sonra qaytarmadığına görə yenidən ona müraciət etdikdə istifadəyə yararsız, yaxınlığında ferma yerləşən 4 sot deyil cəmi 3 sot torpaq sahəsini iddiaçıya satdığını bildirmiş, pulunu qaytarmaqdan imtina etmiş, zənglərə artıq cavab verməməyə, gizlənməyə başlamışdır. Bu hallar iddiaçını artıq narahat etməyə başlamışdır. Çünki iddiaçı o pulu da bir neçə adamdan borc olaraq almışdı. Fikirləşirdi ki, torpaq sahəsi alar. Lakin Cavabdeh iddiaçı- İddiaçı aldadaraq pulunu mənimsəmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Mehdiyev Şamonun 21 noyabr 2024-cü il tarixli qərarına əsasən iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin İddiaçı izah olunmuşdur ki, dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, iddiaçıya torpağa hasar çəkilərsə və 4 sotdan əksik qalarsa, həmin əksik hissənin pulunu ödəyəcəyini bildirmişdi. Torpağı uşağının xəstəliyinə görə satmalı olmuşdur. Torpağın ölçüsü 4 sot idi. Sonradan isə iddiaçı tərəf torpaqda tövləni istəmədiyini bildirdi. O, sonradan iddiaçıya torpağı sataraq pulunu ödəməyi də təklif etmişdir. Lakin torpaq sahəsini hələ ki, sata bilməmişdir. Bir daha qeyd edir ki, o, iddiaçını aldatmayıb. Torpaq elə olduğu kimi də yerində qalıb, həmin torpağa girə bilmir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıya torpaq satmış və daha sonradan torpağın əslində 4 sot deyil, 3 sot olduğu məlum olmuşdur. Halla əlaqədar polisə müraciət edilmiş və iş mülki xarakterli olduğundan hazırda məhkəməyə müraciət edilmişdir. Cavabdeh polis bölməsində verdiyi izahatında 15700 manat hissəsində iddianı qəbul edib. İddiaçı cavabdehlə borcu ilə əlaqədar əlaqə saxlaya bilməmişdir. İddiaçı və həyat yoldaşı torpağa baxarkən torpağın 4 sot olmadığını bildirsələr də, cavabdeh torpağın 4 sot olduğunu təkid etmişdir. Torpağın çıxarışı və rəsmi alqı-satqı da olmamışdır. Bundan başqa cavabdeh dəfələrlə torpaq sahəsini başqa şəxsə satıb, iddiaçının pulunu qaytaracağını bildirsə də, pulu qaytarmamışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İşdə olan xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, həmin iltizamda Cavabdeh İddiaçı Yaşıldərə qəsəbəsində yerləşən bağından 4 sot torpaq sahəsini satdığını və 15700 manat pul aldığını bildirmişdir. 8.İşdə olan Sumqayıt Şəhər Polis İdarəsi 1 saylı Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 hazırkı məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 9.İşdə olan xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.İddiaçı özünə torpaq sahəsi almaq niyyəti ilə Cavabdeh 15700 manat pul vermişdir. Bu halı cavabdeh məhkəmə iclasında və Polis Bölməsində verdiyi izahatında etiraf etmişdir. Daha sonra iddiaçı torpağın sahəsi düzgün olmadığı üçün torpağa görə ödədiyi pulun geri qaytarılmasını tələb etmiş, cavabdeh isə pulu qaytarmaqdan imtina etmişdir. Tərəflər arasında notarial qaydada təsdiqlənmiş torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanmamışdır. c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

12. İşin hallarından göründüyü kimi tərəflər torpaq sahəsinin alqı-satqısı barədə razılaşdıqlarını bildirsələr də, onlar arasında notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmamışdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı ilə əlaəqdar münasibətləri tənzimləyən normalarına görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (Maddə 329.1). Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (Maddə 331.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (Maddə 337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (Maddə 337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Maddə 337.4.).

14. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd qanunvericiliyin tələbinə görə etibarsızdır (əhəmiyyətsizdir). Etibarsız əqd isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il Qərarında hüquqi mövqe belə olmuşdur ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

17. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır.

18. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

19. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında etibarsız bir alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh iddiaçının hesabına əhəmiyyətsiz əqd üzrə əsassız varlanmışdır. Etibarsız alqı-satqı müqaviləsinin olması isə o deməkdir ki, tərəflər arasında bağlandığı andan hər hansı müqavilə yoxdur və bu baxımdan iddiaçıdan aldığı və qaytarmadığı pul vəsaiti miqdarında cavabdeh əsassız varlanmışdır.

20. Mülki Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bildiyindən iddia tələbi təmin edilməli, cavabdehdən 15700 manat pul tutularaq iddiaçıya ödənilməlidir..

22. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 24.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

26. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 140 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

28. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 29.Məhkəmə onu da qeyd edir ki, iddiaçı ərizəsində hüquqi yardımla bağlı ödənilən vəsaitin tutulmasını xahiş etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 30.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

Nəticə hissəsi: 31.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh 15700 (on beş min yeddi yüz) manat məbləğində pul və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar