Məhkəmə qərarları › İş №e-2(060)-1259/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1259/2023

07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1259/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı1, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı valideynin uşağa görə əlavə xərclərə iştiraka cəlb olunmasına və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun təhsili üçün 2021-ci ildə ödənilən 2000 manat pulun yarı hissəsi olan 1000 manat pulun, 2022-ci ildə ödənilməli olan 2000 manat pulun 1000 manatını, hər ay ödənilməli olan kommunal xərclərin, yəni kirayə haqqı olan 150 manat pulun - 75 manatını, universitetə gediş-gəlişə və yeməyə xərclənən 120 manat pulun - 60 manatını, dərs ləvazimatlarının alınmasına və geyimlərə görə 300 manat vəsaitin - 150 manatını, habelə bundan sonra təhsil müddəti başa çatanadək həmin məbləğlərin hər ay hesabı ilə ona ödənilməsi və ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, valideynləri - atası Cavabdeh ilə anası X3 xx.xx.2003-cü ildə evlənmişlər. Birgə nikahlarından xx.xx.2004-cü ildə o, xx.xx.2009-cu ildə bacısı Ayla və xx.xx.2018-ci ildə isə qardaşı Ayxan doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə atası Cavabdeh onların saxlanmağı üçün hər ay hər biri üçün 154 manat sabit pul məbləğində alimentin alınaraq anası X2 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1400/2019 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Onun xx.xx.2022-ci ildə 18 yaşı tamam olmuşdur. Bu səbəbdən əvvəlki qətnamə üzrə cavabdehin aliment öhdəliklərinə xitam verilmişdir. O, Azərbaycan Universitetinin Əyani Şöbəsinin “Biznes və İqtisadiyyat” fakultəsinin bakalavriat pilləsinin “Biznesin idarə edilməsi” ixtisasına 2021-ci ildə daxil olmuşdur. Təhsil müddəti xx.xx.2025-ci ildə bitir. İllik təhsil haqqı 2000 manat təşkil edir. O, 2021-ci ildən 2025-ci ilə qədər olan müddətdə 4 il təhsil almalıdır. 2021-2022-ci ilin ödənişi olan 2000 manatı, 2022-2023-cü il üçün 2000 manat, cəmi 4000 manatını anası X3 tərəfindən universitetə ödənilmişdir. O, təhsil haqqından başqa Bakı şəhərində kirayədə qalır, kirayə haqqı olaraq 150 manat ödəyir. Təhsil müddəti 10 ay hesabı ilə 1500 manat kirayələrə pul xərclənir. Hər gün universitetə gedib-gəlir, universitet kirayədə qaldığı evdən uzaq olduğuna görə oraya avtobusla gedibgəlməyə məcburdur və naharı da yeməkxanada yeyir. Bütün bu gedib-gəlməyə və nahara hər gün orta hesabla 4 manatdan ay ərzində 120 manat, 10 ay ərzində isə 1200 manat vəsait təşkil edir. Bundan başqa dərs ləvazimatlarının alınmasına, qidalanmaya və geyimə hər ay orta hesabla 300 manat vəsait xərcləyir, bu da 10 ay ərzində 3000 manat təşkil edir. Ümumilikdə bir tədris ili ərzində: təhsil haqqı – 2000 + 1500 kirayə haqqı + 1200 manat gündəlik xərclər + dərs ləvazimatı, qidalanma və geyimlərə 3000 manat, cəmi 7700 manat x 4 il təhsil müddəti = 30800 manat. Tələb olunan vəsaitin yarı hissəsindən çoxunu anası X3 təmin edir. Digər valideyni olan cavabdeh isə onun valideyni olaraq həmin xərcin yarı hissəsini ödəməlidir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddianı qəbul etmir. İddiaçının tələbi əsasızdır. Belə ki, iddiaçı 19 yaşındadır. Tam sağlam əmək qabiliyətlidir. Onun maddi durumu çətin idisə ödənişli əyani məktəbə getməyə də bilərdi. Valideyinlərin əlavə xəclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edərək valideyinlərin maddi durumunu nəzərə almalıdır. O, birinci nikahdan olan iki uşağa görə aliment verir, polis işçisidir, kommersiya fəaliyyəti yoxdur. Ailəlidir, 2-ci nikahdan 1 uşağı var, həyat yoldaşı da hamilədir və əmək fəaliyyətli deyildir. İddiaçının anası müəllimədir. İddiaçı nənəsi ilə birgə sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Odur ki, iddia ərzəsinin əsassız hesab edilərək təmin edilməməsi xahiş olunur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X3 izahatında göstərdi ki, o, müəllimədir və onun üç övladı vardır. İddiaçı onun qızıdır və ali təhsil alır. O, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 55 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Universitetinin xx.xx.2022-ci il tarixli 120 saylı arayışından ilə görünür ki, İddiaçı1 Azərbaycan Universitetinin əyani şöbəsinin “Biznes və İqtisadiyyat” fakultəsinin bakalavriat pilləsinin “Biznesin idarə edilməsi” ixtisasına 2021-ci ildə daxil olmuş, 214402 A saylı qrupun tələbəsidir və halhazırda İ tədris ilində təhsilini davam etdirir. Tələbənin təhsil müddəti xx.xx.2025-ci il tarixdə bitir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesab-fakturasından görünür ki, İddiaçı1 illik təhsil haqqı 2000 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı, cavabdeh – atasından ödənilmiş və ödəniləcək təhsil haqqının və bununla əlaqəli digər xərclərin yarısını tələb edir. Bu vaxtadək həmin xərcləri anası – Fərqanə Cəfərova çəkmişdir. İddiaçının xx.xx.2022-ci ildə 18 yaşı tamam olmuşdur. O, Azərbaycan Universitetinin tələbəsidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Bu Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia, tərkibindəki müəyyən tələbləri irəli sürmək hüququ olmayan şəxs tərəfindən verildiyindən, aliment ödənilməsi barədə saziş olmadığından, iddiaçı əmək qabiliyyətli olduğundan, tələb olunan xərclər Ailə Məcəlləsində müəyyən edilmiş xərclər dairəsində nəzərdə tutulmadığından əsassızdır. Məhkəmə hesab edir ki, iddiaçının yetkinlik yaşına çatmadığı, eləcə də ondan sonrakı dövrdə anası – Fərqanə Cəfərova tərəfindən ödənilən göstərilən vəsaitin yarısının ona verilməsini tələb etməyə subyektiv hüququ mövcud deyildir. Belə ki, yetkinlik yaşına çatmadığı dövrdə sərf olunmuş vəsaitlə bağlı onun qanuni nümayəndəsi – anası, tələb irəli sürmək hüququna malikdir. Həmçinin, yetkinlik yaşına çatdıqdan sonra F.Cəfərova tərəfindən çəkilmiş xərcin yarısının cavabdehdən alınıb verilməsi tələbinin də subyektiv hüququ vəsaiti sərf etmiş Fərqaə Cəfərovaya məxsusdur. İddiaçının bundan sonra göstərdiyi xərclənəcək pulun yarısının cavabdehdən tutulub ona verilməsi tələbi isə aliment ödənilməsi barədə saziş olmadığından, iddiaçı əmək qabiliyyətli olduğundan, tələb olunan xərclər Ailə Məcəlləsində müəyyən edilmiş xərclər dairəsində nəzərdə tutulmadığından iddia əsassızdır. Həmçinin, məhkəmə iddia tələbinin ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı hesab edir ki, əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh qarşı valideynin uşağa görə əlavə xərclərə iştiraka cəlb olunmasına və pul tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı1 Cavabdeh onun təhsili üçün 2021-ci ildə ödənilən 2000 manat pulun yarı hissəsi olan 1000 manat pulun, 2022-ci ildə ödənilməli olan 2000 manat pulun 1000 manatını, hər ay ödənilməli olan kommunal xərclərin, yəni kirayə haqqı olan 150 manat pulun - 75 manatını, universitetə gediş-gəlişə və yeməyə xərclənən 120 manat pulun - 60 manatını, dərs ləvazimatlarının alınmasına və geyimlərə görə 300 manat vəsaitin - 150 manatını, habelə bundan sonra təhsil müddəti başa çatanadək həmin məbləğlərin hər ay hesabı ilə ona ödənilməsi və ödənilmiş 55 manat mediasiya xərcinin alınaraq ona verilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar