Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1263/2022 31.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 150 manat məbləğində sığorta ödənişinin və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən 02.03.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «Opel Astra» markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsi 17.08.2021-ci il tarixdə Sumqayıt şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Hyundai Tucson» markalı, **-KV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Sumqayıt DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh hadisə yerindən qaçmışdır. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 150 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddianı qəbul etdiyini, etdiyi əmələ görə peşman olduğunu və zərəri ödəyəcəyini bildirdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 04.11.2021-ci il tarixli sığorta aktından görünür ki, X3 adına olan «Opel Astra» markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 02.03.2021-ci il tarixindən 02.03.2022-ci ilə kimi ilə "xxxx" ASC-də sığortalanmış və 17.08.2021-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 mülkiyyətində olmuş «Hyundai Tucson» markalı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 150 manat ödəniş edilmişdir. - 10.11.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, X2 150 manat sığorta ödənişi edilmişdir. - “Dəymiş zərərin hesablanmasına dair hesabat aktından görünür ki, “Hyundai Tucson” markalı, **-KV-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 150 manat məbləğində müəyyən edilmişdir. - 20.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 100 manat məbləğinda inzibati qaydada cərimə edilmişdir. - Sumqayıt DYPŞ-nin əməkdaşları tərəfindən Cavabdeh barəsində 20.08.2021-ci il tarixli inzibati xəta haqqında İXP- ******* saylı inzibati protokoldan görünür ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh adına 10.02.2021-ci ildə «Opel Astra» markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyatda alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «Opel Astra» markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsi 17.08.2021-ci il tarixdə Sumqayıt şəhərinin ərazisində Cavabdeh tərəfindən idarə olunarkən «Hyundai Tucson» markalı, **-KV-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Toqquşma nəticəsində avtomobilə dəymiş 150 manat zərər X2 ödənilmişdir. Cavabdeh yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 100 manat cərimə edilmişdir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 886.1-ci maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. Bu Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü bəndinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 63.1-ci bəndinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci bəndinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının subroqasiya hüququnun yaranması, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 150 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 150 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-1263/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1263/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver