Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1306/2025 15.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal X5rşı “əmlak” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq, onun mülkiyyətində olan Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və İstirahət parkı ərazisində yerləşən Şən təpəciklər atraksionunun ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh olan Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə əvəz edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Nəsimi adına mədəniyyət və İstirahət parkı ərazisində yerləşən Şən aşırım təpəciklər atraksionunu atası Abdullayev Allahverdi Yavər oğlu xx.xx.2016-cı il tarixdə cavabdeh təşkilata 6752,81 manat pul ödəməklə almışdır. Həmin vaxtdan da 2024-cü ilin avqust ayına qədər həmin təpəciklər fəaliyyət göstərmişdir. Əvvəl atasının, sonra onun və onların ortağı Məmmədov Müşfiqin istifadəsində olmuşdur . Bununla əlaqədar hənin torpağın alqı-satqı müqaviləsi də onda mövcuddur. İş materiallarına o sənədi də əlavə edəcəkdir. Lakin xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər İcra hakimiyyətinin nümayəndələri tərəfindən atraksionun işığı kəsilmiş, xx.xx.2024-cü il tarixdə isə qanunsuz olaraq həmin atraksion əlindən alınmışdır. Ora halhazırda icra hakimiyyətinin nümayəndələri tərəfindən idarə edilərək fəaliiyət göstərir. Lakin onun mülkiyyətində olan atraksiona onu yaxın buraxmırlar, istifadə etməyə icazə vermirlər. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
4. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddiası qanunsuz və əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət parkında fəaliyyət göstərən “Şən aşırım" attraksionu barədə Allahverdiyev Çingiz tərəfindən dəfələrlə Prezident Administrasiyasına, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə və digər orqanlara çoxsaylı şikayətlər daxil olmuşdur. Həmin ərazidə yaranmış narazılıqların və Allahverdiyev Çingizin çoxsaylı şikayətlərini nəzərə alaraq məsələ ilə əlaqədar idarəçiliyində olan obyektdə baş verən narazılıqları aradan qaldırmaq üçün komissiya yaradılmışdır. Komissiya üzvləri həmin əraziyə getmiş və hər iki tərəflə, yəni Allahverdiyev Çingiz və Məmmədov Müşfiqin iştirakı ilə araşdırma aparmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən obyektin yerləşdiyi Nəsimi adına Mədəniyyət və İstirahət parkı əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olub, lakin 14 may 2013-cü il tarixində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin idarəçiliyinə verilmişdir. Allahverdiyev Çingiz şikayətində sözügedən attraksionun ilk sahibi olduğunu, Gürcüstandan gətirərək əvvəlcə Bakı şəhəri Xətai rayonunda quraşdırıb uzun müddət işlətdiyini, 2011-ci ildən isə Sumqayıt şəhərində fəaliyyətini davam etdirdiyini bildirmişdir və bu barədə gömrük sənədlərini (invoys) MKTİB-yə təqdim etmişdir. Bunu əsas tutaraq həmin obyektin ona qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Bu səbəbdən Allahverdiyev Çingizin təqdim etdiyi Gömrük bəyannaməsi onun dediklərini təsdiq etmişdir. Sözügedən obyekt üzərində çoxsaylı mübahisələrin baş verməsi, ərazidə gigiyenik təmizlik işlərinin qaydasında olmaması və müqavilə şərtlərinin pozulmasını nəzərə alaraq alt qurum olan Nəsimi parkının müdriyyəti tərəfindən Məmmədov Müşfiq ilə bağlanmış müqaviləyə xitam verilmiş, eyni zamanda MKTİB tərəfindən X9 ilə icarə müqaviləsi bağlanmışdır. X10 təqdim etdiyi “çıxarış” adlı sənəd təhlükə potensialı obyektlərə FHN-nin müvafiq şöbəsi tərəfindən verilmiş sənəddir. Bu da mülkiyyət hüququnu təsdiq edən sənəd sayılmır. X10 dediyinə görə həmin obyekti alqı-satqı yolu ilə əldə etmişdir, hansı ki, sözügedən əmlak Allahverdiyev Çingiz tərəfindən ölkəyə gətirilmişdir və MKTİB-nin idarəçiliyindədir, bu səbəbdən alqı-satqı obyekti ola bilməzdi. 2011-2016-cı illər ərzində Allahverdiyev Çingiz sözügedən istirahət parkında park müdiri vəzifəsində işləmişdir. 2016-cı ildə o, tutduğu vəzifədən azad olduqdan sonra həmin parka yeni təyin edilmiş müdir X10 qardaşı Şahid xx.xx.2016-cı ildə “Şən aşırım” attraksionunu əvvəlcə qanunsuz olaraq Abdullayev Allahverdi Yavər oğlunun adına 04 saylı müqavilə ilə vermiş və həmin tarixdə də sözügedən şəxsə 6752 manata satmışdır. Sonra isə həmin müqaviləni öz qardaşı X10 adına keçirmişdir. Bu işlə əlaqədar X4 Məhkəmə qarşısında iddia qaldırmış, işə hakim Aynur Axundova baxmış və iddiası təmin olunmamışdır. Həmin qətnamədən şikayət verilmiş, Apellyasiya Məhkəməsi isə qətnaməni qüvvəsində saxlamışdır. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin idarəçiliyində olan Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət parkında fəaliyyət göstərən “Şən aşırım” attraksionuna dair heç bir mülkiyyət sənədi olmadan həmin obyektə mülkiyyət hüququ iddia edir. Belə ki, “Şən aşırım” attraksionu X10 adına müqavilə ilə verildiyi üçün İddiaçı bu işlə heç bir əlaqəsi yoxdur.
Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Ayddın qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçının atası xx.xx.2016-cı il tarixdə sözügedən atraksionu cavabdeh tərəfdən almışdır. Buna dair protokol, ödəniş qəbzləri və sair sənədlər vardır. Atraksionu iddiaçının atası və X15 ortaq şəkildə işlətmişdirlər. İddiaçının atası vəfat edəndən sonra bu işlərlə daha çox Müşfiq Məmmədov məşğul olmuşdur. Torpaq sahəsi Nəsimi adına Mədəniyyət İstirahət Parkının balansındadır. Həmin torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı may ayında icarə müqaviləsi bağlanmışdır. Daha sonra avqust ayında cavabdeh təşkilatın nümayəndələri atraksiona yaxınlaşaraq icarə müqaviləsinə xitam verildiyini və iddiaçı tərəfin oradan çıxmasını bildirmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdeh quruma daimi ödənişlər edilmişdir. Qanunsuz istifadənin qadağan olunması ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. Torpağı deyil, atraksionu mübahisələndirdikləri üçün Sumqayıt İnzibati Məhkəməsində öhdəlik qoyulması kimi məsələdən söhbət getməyəcəyi qərarına gəlmiş və bundan sonra yerli məhkəməyə müraciət etmişdirlər. Mübahisəli atraksion 2016-cı il tarixdə alınmışdır. 2016-cı ildən sonra “Şən Təpəciklər” atraksionunun təhlükə potensialı olduğu üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənaye X11 və X17 Agentliyindən atraksionun idarə edilməsi ilə bağlı çıxarış əldə etmişdirlər. İddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl atraksionun dayandırılması ilə bağlı müvəqqəti təminat tədbiri ilə bağlı məhkəməyə müraciət etmişdirlər. Ərizə təmin edilməmiş, ərizədən apellyasiya şikayəti vermişdirlər. Apellyasiya Məhkəməsi isə Müşfiq Məmmədovun subyektiv hüququ olmadığını bildirmişdir. Bu səbəbdən də, artıq Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdirlər. 5 yaşında olan zaman həmin atraksionla videosı da vardır. Mübahisəli atraksion 1984-cü il tarixdə verilmişdir. X8 mülkiyyətində olmamışdır. Qarşı tərəfin təqdim etdiyi sənəddə 2005-ci il tarixdə daxil olan atraksion qeyd olunmuş, lakin həmin atraksiounun adı qeyd edilməmişdir. Alqı-satqının həyata keçirilməsi ilə bağlı qəzbləri vardır. Əgər attraksion Çingiz Allahverdiyevə məxsusdursa, bu halda həmin şəxs məhkəməyə müraciət edə bilər. Sözügedən çıxarışlardan biri iddiaçının atasına verilmişdir. İddiaçının atası vəfat etdikdən sonra isə çıxarış Müşfiq Məmmədovun adına verilmişdir. Alqı-satqı iddiaçının atası ilə olmuşdur. İddiaçı bu işlərlə məşğul olmamışdır. X18 istifadə etməsinə icazə verilməsi ilə üçün vərəsəliklə bağlı sənədlər Fövqəladə Hallar Nazirliyinə təqdim edilmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Çingiz Allahverdiyev sözügedən obyektdə müdir işləyirdi. O, xəstəliklə əlaqədar işdən çıxarılmış, daha sonra Müşfiq Məmmədovun qardaşı obyektin müdiri olmuşdur. Həmin obyektin Çingiz Allahverdiyevə məxsus olması ilə bağlı sənədlər vardır. Atraksionun iddiaçıya məxsus olması ilə bağlı heç bir sənəd yoxdur. Müşfiq Məmmədovun qardaşı qanunsuz olaraq atraksionu iddiaçıya satmışdır. İddiaçının obyektlə bağlı heç bir sənədi yoxdur, lakin Çingiz Allahverdiyevin sənədləri var. Polis həmin obyektin Çingiz Allahverdiyevə məxsus olduğunu təsdiq etmişdir. Qarşı tərəf daha sonra “ASAN xidmət” Mərkəzinə müraciət etmiş, “ASAN xidmət” Mərkəzi isə hüquqi sənəd tələb etmişdir. Müşfiq Məmmədovun qardaşı obyekti Allahverdi Abdullayevin adına keçirmişdir. Bundan sonra Çingiz Allahverdiyev müvafiq orqanlara şikayətlər etmişdir. Atraksion “Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı” İB-nin balasındadır. Atraksionu müqavilə ilə Çingiz Allahverdiyevin istifadəsinə vermişdirlər.
7. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirdi ki, Attraksionları Gürcüstan Respublikasından yeznəsinin adına gətirmişdir. Həmin şəxs bacısı qızının həyat yoldaşıdır. Onun adına gətirməsinin səbəbi həmin şəxsin Gürcüstan Respublikasının vətəndaşı olmasıdır. Quruculuq işləri aparıldığı üçün bütün attraksionlar sökülmüşdür. Həmin attraksionları Xaçmaz rayonuna aparmışdırlar. Attraksionların hamısı orada idi. Bakı şəhəri Xətai rayonunun icra başçısı ona yer verəcəyini bildirmişdir. Buna görə də bildirmişdir ki, attraksionu müvəqqəti olaraq haradasa yerləşdirsin. O isə attraksionu qardaşının bazasına qoymuşdur. Attraksionu 2 il ərzində Xırdalan şəhərində işlətmişdir. Daha sonra ürək nahiyyəsindən açıq əməliyyat olunmuşdur. Səhhəti düzəldikdən sonra Prezident Aparatına qəbula yazılmışdır. Onu Sumqayıtın kuratoru qəbul etmişdir. O isə məsələnin həll edilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı ilə əlaqə saxlamışdır. 2 dəfə icra başçısının qəbulunda olmuşdur. Məsələnin həll edilməsi üçün Gündüz müəllimə və bacısı oğluna tapşırıq vermişdir. Lakin yenə də məsələ öz həllini tapmamışdır. Daha sonra bütün sənədləri ilə birlikdə icra başçısının qəbulunda olmuşdur. İcra başçısı bütün sənədlərinin düz olduğunu bildirmişdir.
Şahid ifadələri:
8. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirdi ki, İddiaçı parkdan tanıyır, Vətən Müharibəsi qazisi olmuşdur. 2013-2014-cü illərdə park təmirdə olmuşdur. Təxmini 2016-2017-ci illərdə atraksionları işlətmək üçün parkın maliyyə büdcəsi kifayət etmirdi. Daha sonra karusellərin istifadəsi üçün Abdullayev Allahverdi tərəfindən təxmini 7000 manat bank hesabına ödəniş ediləndən sonra, rəsmi formada onun adına keçirilmişdir. 2014-cü ildə parkın işçiləri müqavilə əsasında atraksionları işlədirdilər, əldə olunan gəlir parkın hesabına köçürüldü və parkın xərcləri üçün istifadə edilirdi. Parkın idarəsi Mədəniyyət və Turizm Nazirliyinin balansında idi, daha sonra Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə keçmişdir. Atraksionlar parkın balansında idi, hal-hazırda da eyni qaydada mövcuddur. Parkın sahibkar tərəfindən müqavilə bağlanılaraq istifadə edilməsi barədə məlumat verilmişdir ki, bundan sonra icazə verilmişdir. Digər atraksionlar parkın balansında qalmışdırlar. Atraksion satılarkən parkın, park isə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında idi. Atraksionun alqı-satqısı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin adından həyata keçirilmişdir. Atraksion satılıb, pul isə parkın balansına keçmişdir. Bu puldan parkın abadlaşdırılması üçün, kommunal xərclərin ödənilməsinə, gül-çiçəklərin alınmasına sərf edilmişdir. Vəzifəyə təyin olunan zaman inventarizasiya aparılmışdır. “Şən Təpəciklər” atraksionu texniki nasaz vəziyyətdə idi. Daha sonra parkın büdcəsindən istifadə etməklə atraksionlar təmir edilmişdir.
Tədqiq olunan sübutlar:
9. Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət Parkı (Şahid) ilə Abdullayev Allahverdi Yavər oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 04 nömrəli müqavilədən görünür ki, alıcı tapşırır, satıcı isə müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan X2 adı çəkilən mal-materialların verilməsini, xidmət və işlərin yerinə yetirilməsini öz öhdəsinə götürür.
10. xx.xx.2016-cı il tarixli, 04 nömrəli X2n görünür ki, 1 ədəd “Şən Aşırım” attraksionunun dəyəri 6156,81 manat məbləğində qiymətləndirilmişdir.
11. BÖO seriyalı, 05 sentyabr 2016-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Nəsimi adına Sumqayıt şəhər Mədəniyyət və Abdullayev Allahverdi Yavər oğlu tərəfindən “Şən Aşırım” attraksionuna görə 6752 (altı min yeddi yüz əlli iki) manat, 81 (səksən bir) qəpik məbləğində pul vəsaiti ödənilmişdir.
12. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən Gürcüstan Respublikasından gətirilmiş attraksionun idxalı ilə bağlı xx.xx.2005-ci il tarixdə X12 (statistik kod – ********) adına rəsmiləşdirilmiş 00100/5060803 sorğu nömrəli yük gömrük bəyannaməsi vardır.
13. Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abdullayev Allahverdi Yavər oğlunun xx.xx.2021-ci il tarixli ölümü ilə əlaqədar miras qalmış əmlakın qəbuluna dair İddiaçı xx.xx.2022-ci il tarixdə verdiyi ərizəsi əsasında Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisində vərəsəlik işi açılmış və İddiaçı vərəsələr sırasına daxil edilmişdir.
14. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X11 və X19 Agentliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, A-11294 saylı çıxarışdan görünür ki, Abdullayev Allahverdi Yavər oğlu tərəfindən istismar edilən təhlükə potensialı obeyktlər (“Şən təpəciklər” attraksionu, “Fil qatarı” attraksionu, “Vikinq” attraksionu) “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində xx.xx.2019-cu il taqeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X11 və X19 Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, A-15963 saylı çıxarışdan görünür ki, X15 tərəfindən istismar edilən təhlükə potensialı obeyktlər (“Şən təpəciklər” attraksionu) “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
Məhkəmə baxışının hədləri:
16. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17. Azərbaycan Respublikası Konstitusiyasının:
-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. -324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. -337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
21. İş materialları ilə müəyyən olunur ki, hazırki mübahisə Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkında yerləşən “Şən təpəciklər” attraksionu ilə bağlıdır. Qeyd edilən park 2013-cü il tarixədək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuş, həmin tarixdən sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. 2005-2011-ci illərdə həmin parka rəhbərliyi X9, həmin ildən sonra isə Şahid həyata keçirmişdir. Şahid parka rəhbərlik etdiyi dövrdə, yəni 2016-cı il tarixdə sonuncu tərəfindən parkda yerləşən “Şən təpəciklər” attraksionu parkın adından alqı-satqı müqaviləsi əsasında hazırki iş üzrə iddiaçının atası Abdullayev Allahverdi Yavər oğluna satılmışdır. Tərəflərin izahatına əsasən müəyyən edilmişdir ki, iddiaçının atası 2016cı ildən vəfat etdiyi tarixədək həmin attraksiondan istifadə etmiş, onun vəfat etdiyi 2021-ci il tarixdən 2024-cü ilin may ayınadək isə attraksion həmin parkın müdiri Şahid qardaşı X15 tərəfindən istifadə olunmuşdur. İddiaçı Abdullayev Allahverdi Yavər oğlunun vərəsəsidir.
22. Hazırda iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyini cavabdeh qismində qoyaraq sözügedən attraksionun ona geri qaytarılmasını tələb edir.
23. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır.
26. Məhkəmə ilk növbədə istinad edilən komponentlərdən birincisi, yəni iddiaçının geri qaytarılmasını tələb etdiyi əmlakın iddiaçının mülkiyyətində olub-olmaması, geri qaytarılmasını tələb etməyə subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət verilməsini zəruri hesab edir.
27. İddiaçı sözügedən attraksionun ona məxsus olmasını təsdiq edən sənəd kimi məhkəməyə Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət Parkı (Şahid) ilə Abdullayev Allahverdi Yavər oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 04 nömrəli müqaviləni, X3 və 751502 saylı, 05 sentyabr 2016-cı il tarixli qaimə-fakturanı təqdim etmişdir.
28. Cavabdeh həmin alqı-satqı müqaviləsinin etibarsız olmasını, Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət Parkının Sumqayıt şəhər İcra Hakimiyyəti balansında olduğunu, lakin attraksionun alqı-satqısı ilə bağlı müqavilə bağlanarkən Sumqayıt şəhər İcra Hakimiyyətinin razılığının alınmadığını, həmin attraksionun 2005-ci ildə sözügedən parka X13 tərəfindən gətirildiyini bildirmişdir.
29. Məhkəmə hazırda iddiaçı tərəfindən geri qaytarılması tələb olunan attraksionun alqı-satqısına dair müqavilənin etibarlı olub-olmamasına qiymət verilməsini zəruri hesab edir.
30. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında əks olunmuş mövqeyə görə, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.
31. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
32. Hazırki halda iddiaçı məhkəməyə Nəsimi adına Sumqayıt şəhər Mədəniyyət və İstirahət parkının Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş 2002-ci il tarixli Əsasnaməsini və Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 2019-cu il tarixli Əsasnaməsini təqdim etmişdir. Eyni zamanda məhkəməyə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2025-ci il tarixli 27 nömrəli sərəncamı ilə təsdiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi”nin Əsasnaməsi təqdim edilmişdir.
33. Yuxarıda da qeyd edildiyi kimi Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət parkı əvvəlcə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olmuş, daha sonra 2013-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına keçmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına keçdikdən sonra da parka dair yeni əsasnamə təsdiq edilməmiş, əvvəlki əsasnamə qüvvədə olmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsəürrfat və İstehsalat Birliyinin nümayəndəsi sözügedən istirahət parkına dair yalnız iki əsasnamənin mövcud oluğunu və başqa əsasnamənin mövcud olmadığını bildirmişdir.
34. Beləliklə iddiaçının atası ilə 2016-cı ildə mübahisəli attraksiona dair müqavilə bağlanarkən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş Əsasnamə qüvvədə olmuş, yeni bir əsasnamənin qəbul edilməməsi ilə yerli icra hakimiyyəti orqanı bir növ parkın idarə olunması, fəaliyyət qaydasını tənzimləyən müddəalarla razılamışdır. Həmin Əsasnamənin 4-cü bəndində qeyd edilmişdir ki, parkın təsisçiləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətidir. Park müstəqil hüquqi şəxsdir, özünün adı qeyd olunan möhürü və ştampı vardır, bankda hesablaşma hesabına malikdir.
35. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən direktor parkın ümumi fəaliyyətinə rəhbərlik edir və məsuliyyət daşıyır, parkın adından etibarnaməsiz çıxış edir, bütün idarə, müəssisə və təşkilatlarda onun marağını müdafiə edir, əmək müqavilələri bağlayır, etibarnamə verir, bankda hesablaşma hesabı və digər hesablar açır, müəyyən olunmuş qaydada ştat cədvəlini (işin həcmini, gəliri və mənfəəti proqnozlaşdırdıqdan sonra) təsdiq edir, parkın əmlakı barədə müvafiq sərəncamlar verir, işçilər arasında vəzifə bölgüsü aparır, onları işə qəbul və azad edir, mükafatlandırır, intizam məsuliyyətinə cəlb edir, kollektivdə əmək intizamına əməl edilməsinə nəzarət edir və.s.
36. Göründüyü kimi sözügedən əsasnamə ilə parkın direktorunun parkın əmlakı üzərində sərəncam vermək səlahiyyəti vardır. Sözügedən alqı-satqı müqaviləsinin bağlandığı dövrdə Şahid parkın müdiri olması işin mübahisə edilməyən halıdır. Bu halı cavabdehin nümayəndəsi də məhkəmə iclasında təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən alqı-satqı müqaviləsinin etibarsız olmasına əsas olan hər hansı bir hal mövcud deyildir.
37. Həmin alqı-satqı müqaviləsi əsasında satılmış attraksionun başqa şəxsə, yəni X7 məxsus olması ilə bağlı cavabdehin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə bu dəlilə qiymət verilməsini tələbin vindikasiya tələbi, yəni əşyanın özgəsinin sahibliyindən geri alınması ilə bağlı olması səbəbindən həmin əşyaya mülkiyyət hüququnun kimə məxsus olması baxımından zəruri hesab edir. Cavabdeh bununla bağlı məhkəməyə gömrük bəyannaməsi təqdim etmiş, məhkəmə iclasında iştirak edən X9 da izahatında parkda mövcud olan “Şən təpəciklər” attraksionun götürüldüyünü, həmin attraksionun yerinə onun gətirdiyi attraksionun qoyulduğunu, əvvəlki attraksionun Xaçmaz şəhərindəki parka aparıldığını bildirmişdir. Lakin məhkəməyə qeyd edilən halları təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Təqdim edilən gömrük bəyannaməsi əsasında isə attraksion gətirildiyi görünsə də, həmin attraksionun məhz Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət Parkına qoyulduğu hər hansı sübutla təsdiq olunmur. Eyni zamanda eyni adlı attraksionun gətirilərək həmin attraksionun olduğu yerə də qoyulması ağlabatan görünmür.
38. X9 parkın müdiri olduğu zaman həmin attraksionun köhnə olması səbbəbindən Xaçmaz şəhərinə göndərildiyini bildirsə də, təqdim etdiyi bəyannamədə idxal etdiyi attraksionun istehsal tarixi ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş attraksionun texniki pasportunda göstərilən istehsal tarixləri arasında böyük bir fərqin olmadığı görünür.
39. Bundan əlavə qeyd edilən attraksiondan uzun illər ərzində (2016-2024) iddiaçının atasının, sonra özünün istifadə etməsinə baxmayaraq, bununla bağlı hər hansı mübahisənin olmaması da öz-özlüyündə şübhə doğrurur.
40. Məhkəməyə təqdim edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında isə həmin attraksionla bağlı son dövrlərdə mübahisənin olduğu aşkar edilir.
41. Belə olan halda məhkəmə hesab edir ki, iş materialları əsasında mübahisə predmeti olan attraksionun iddiaçının atasına məxsus olması öz təsdiqini tapır.
42. Yuxarıda qeyd edildiyi kimi tələbin vindikasiya tələbi, yəni əşyanın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması ilə bağlı olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ilə əşyanın X1 olması müəyyən edilmişdir. Bu halı cavabdeh özü də təsdiq etmişdir. Cavabdehin iddiaya etirazının əsaslarından biri də yuxarıda da qeyd edildiyi kimi əşyanın X7 məxsus olması göstərilmişdir. Hazırda sözügedən attraksionun parkın ərazisində yerləşməsinə baxmayaraq, X1 olması, həmin attraskionun yerləşdiyi yerin ona icarəyə verildiyi işin mübahisə edilməyən halıdır.
43. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, lakin o, cavabdehin X9 olması ilə razılaşmamış və onu cavabdeh qismində qoymaq niyyətinin olmadlığını bildirmişdir.
44. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.
45. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə müvafiq qərar verə bilər.
46. Hazırki halda sözügedən attraksion parkın ərazisində olsa da, başqa şəxsin sahibliyində olduğundan və cavabdeh də həmin attraksionun həmin şəxsə məxsus olmasına istinad edərək geri qaytarmaq hüququna malik olmadığını bildirdiyindən, məhkəmə hesab edir ki, tələb buna cavab verməli olmayan orqana qarşı qaldırılmışdır.
47. Məhkəmə həmçinin qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur.
48. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticə:
49. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal X5rşı onun mülkiyyətində olan Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və İstirahət parkı ərazisində yerləşən Şən təpəciklər atraksionunun ona geri qaytarılmasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva