Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1362/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2882 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, həmçinin tərəfindən ödənilmiş 49 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 16:10 radələrində Cavabdeh idarə etdiyi Hyundai Sonata minik markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq, onun idarə etdiyi Toyoto Carolla minik markalı 77ES 415 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi zərər vurmuşdur. Faktla əlaqədar olaraq araşdırma aparılmış, cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və cavabdeh şəxsin barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün materiallar aidiyyatı üzrə göndərilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarla Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, hadisə zamanı ona məxsus olan Toyoto Carolla minik markalı 77ES 415 dövlət qeydiyyat nişanlı avtomaşına 5340 manat məbləğində zərər dəymişdir. Həmin zərərin 2458 manat hissəsi sığortaçı tərəfindən ona ödənilib. Qalan məbləği yəni, 2882 manat pulu cavabdehdən tələb etsə də, cavabdeh ona hər hansı bir ödəniş etməmişdir. O, könüllü olaraq avtomaşına vurduğu zərəri ödəmək istəmir. O, dəfələrlə ondan pulunu tələb etsə də, heç bir müsbət nəticə verməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hadisə zamanı bir neçə avtomobilə ziyan dəyib. İddiaçının maşınına dəymiş ziyanın bir hissəsi sığorta şirkəti tərəfindən ödənilib. Bu barədə müvafiq sənədi məhkəməyə təqdim ediblər. Hazırda tələb etdikləri məbləğ dəymiş ziyanın qalan hissəsidir. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, ilk növbədə hesab edir ki, bu məsələdə özünə vəkil tutumamaqla səhvə yol verib. Digər tərəfdən həqiqətən də yol nəqliyyat hadisəsi baş verib, həmin hadisədə onun təqsiri olsa da, hadisə ehtiyatsızlıqdan olub. Lakin iddiaçının avtomobilinə dəymiş ziyanın məbləği ilə razı deyil. Belə ki, məbləğ həddən çox şişirdilib. Hadisə zamanı 4-5 maşına ziyan dəyib. Bu səbəbdən 5000 manat sığorta pulu həmin maşınlar arasında bölünüb. Digər maşınlar bununla əlaqədar onlara ödənilən ödənişdən razı qalmayıblar. X2 markalı maşına 1500 manat ziyan dəysə də, ona 1300 manat pul ödənilib. O, çatışmayan 200 manat pulu özü zərərçəkmiş şəxsə ödəmişdir. Eyni zamanda Vaz 06 markalı maşına dəymiş ziyanın çatışmayan 150 manat hissəsini də o ödəmişdir. Azər bəy isə ondan 1500 manat əlavə pul istəyib. O isə ona bildirib ki, sığorta şirkətinin verdiyi pulla razılaşıb və bu barədə sənədi imzalayıb. Hesab edir ki, Azər bəy ondan ancaq qalan məbləği, yəni təxminən 400-500 manat çatışmayan məbləği tələb edə bilər. Lakin Azər bəy ona edilən təkliflərlə razılaşmamış, ondan yüksək məbləğdə pul tələb etmişdir. Hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş akt qəbul edilməməlidir. Belə ki, hadisədən sonra maşını yüksək məbləğdə təmir etdirmək olar. Lakin əsas odur ki, maşına hadisə zamanı nə qədər ziyan dəyməsi müəyyən edilsin. Onun şişirdilmiş məbləği ödəməyə maddi imkanı yoxdur. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2023-cü il tarixli AvtoKlub Servis tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, Toyoto Carolla minik markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın aradan qaldırılması üçün çəkilən xərc 5340 manat məbləğindədir. İş materialında olan inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Əkbərov X1 Sonata minik markalı ** HB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İşdə olan 74366 nömrəli ödəniş tapşırığından görünür ki, 2458.26 manat sığorta məbləği Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi Hyundai Sonata minik markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi Toyoto Corolla minik markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobilə ziyan dəymişdir. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması, iş materialları, eyni zamanda onun həm məhkəmə iclasında, həm də Sumqayıt şəhər Polis İdarəsinin DYP Şöbəsində verdiyi izahatları ilə təsdiq edilir. Eyni zamanda cavabdeh baş vermiş hadisədə təqsirli olmasını qəbul edir, yalnız vurulmuş ziyanın məbləğini mübahisələndirir. Məhkəmə tərəfindən iddiaçıya məxsus Toyoto Corolla minik markalı 77ES 415 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 9/2863 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan AvtoKlub Servis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2007-ci il buraxılışlı Toyoto Carolla minik markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 4440 manat müəyyən edilmişdir, o cümlədən dəyişilməli hissələrin qiyməti 2600 manat, təmir bərpa işlərinin qiyməti 1840 manat. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. İşdə olan 74366 nömrəli ödəniş tapşırığından görünür ki, 2458.26 manat Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğundan həmin hadisə nəticəsində Toyoto Corolla minik markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyandan qalan 1981,74 (4440-2458.26) manat Cavabdeh tərəfindən avtomaşının mülkiyyətçisi olan İddiaçı ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia qismən (təxminən 70% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 49 manat dövlət rusumunun 34 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 15 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə (təxminən 70% həcmində) münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərcinin 35 manatı cavabdehə, 15 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1981,74 (bir min doqquz yüz səksən bir manat yetmiş dörd qəpik) manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun 34 (otuz dörd) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh 35 (otuz beş) manat, İddiaçı isə 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ********************saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-1362/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1362/2024
17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver