Məhkəmə qərarları › İş №e-2(060)-143/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-143/2025

05.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-143/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh tərəfindən verilmiş 4000 manat məbləğində borcun, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 50 manat məbləğində vəkil xidmət haqqının, məhkəmə üçün ödənilmiş 60,5 manat məbləğində dövlət rüsumunun, ümumilikdə, 4110,5 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfimdən verilmiş 18400 manat məbləğində borcun, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 50 manat məbləğində vəkil xidmət haqqının, məhkəmə üçün ödənilmiş 145,35 manat məbləğində dövlət rüsumunun, ümumilikdə, 18595,35 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh 3000 manat məbləğində pul vəsaitini vermişdir. Cavabdeh pula ehtiyacı olduğunu və əldə etdiyi məbləği 3 ay müddətində ona qaytaracağını vəd etmişdir. xx.xx.2021-ci il tarixində ona lazım olan 3000 manat məbləğində pul vəsaitini verdiyini öz əlyazması ilə təsdiq etmiş və 3 ay müddətində hissə-hissə geri ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra xx.xx.2021-ci il tarixində Cavabdeh 1000 manat məbləğində pul vəsaitini vermişdir. Cavabdeh bu pul vəsaitini də ödəməyi öz üzərinə götürsə də, bundan yayınmışdır. Cavabdeh verdiyi vədə və əlyazmasına sadiq qalmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Şəxsin ondan borc qismində aldığı 4000 manat pul vəsaitini müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırması onun maddi vəziyyətini çətinləşdirmişdir. Cavabdeh şəxsin qanunsuz əməlləri nəticəsində onun əlavə olaraq çəkdiyi xərcin dəyəri cavabdehdən tutulmalıdır. Belə ki, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 50 manat məbləğində vəkil xidmət haqqının və 60,5 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini qanunamüvafiq hesab edir. Məhz bu xüsusatlara əsasən, Cavabdeh tərəfindən borc qismində alınmış 4000 manat məbləğində pul vəsaitinin, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 50 manat məbləğində vəkil xidmət haqqının və 60,5 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsinə dair ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh nə faizi, nə də əsas borcu qaytarmamışdır. Bununla bağlı atasına da məlumat vermiş, lakin bunun da xeyri olmamışdır. Onun dostları da ondan pul götürmüşdür. Lakin onlar qaytarsa da, cavabdeh pulu qaytarmamışdır. Ona birinci dəfə 3000 manat, sonra 1000 manat borc vermişdir. Göstərilən 4000 manat məbləği əl yazısında özü qeyd etmişdir. Sonradan yenə də gəlib 1000 manat borc götürmüşdür. Cavabdehin maşının sənədləri onda idi. Daha sonra onu aldı ki, pulu ver gedib maşını satıb pulunu qaytaracaq. Pulu verməyəndən sonra məbləği azaldıb 10%-ə salmışdır. Cavabdeh avtomobili satandan sonra 1500 manat borcu ödəmişdir. Lakin ödənilən məbləğ başqa bir müqavilə ilə əlaqədardır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı faizə pul verir, ondan başqa bir neçə hərbçiyə də pul vermişdir. Ona pul lazım idi. Azad Məmmədov adlı dostu ona bildirdi ki, İddiaçı adlı şəxs faizə pul verir. Onun Nardaran qəsəbəsində olan evinə getmiş və ondan 4000 manat pul götürmüşdür. Pul götürərkən əl yazısından olan bir kağız imzalamışdır. Orada olan imza ona aiddir. Əl yazısında ən alt hissədə qeyd olunan imza isə ona məxsus deyildir. Bunun nəticəsində hərbi vəsiqəsini, hərbinin buraxılış kartını, əmək haqqı kartını və vəsiqəsini girov götürmüşdür. Ondan 20%dən pul götürmüşdür. Hər ay 800 manat olmaqla, 3-4 ay pul vermişdir. Sonradan gedib Alatava qəsəbəsində görüşmüş və orada onunla faizin 15% olması barədə razılaşmışdırlar. Alatavada görüşən zaman 400-500 manat pul vermiş, maaş kartını ondan götürmüşdür. Avtomobilini sataraq ona 3000 manat qaytarmışdır. Ona pulu qaytarmağı ilə bağlı sübutu yoxdur, lakin şahidləri var. Ondan 34-cü polis bölməsinə şikayət edilmiş, bölmədə ona dedilər ki, faiz qanunsuzdur, pulun özünü qaytar, o da maşını satıb pulu qaytarmışdır. İlk əvvəl ondan 20 faiz ödəmək şərtilə 3000 manat götürmüşdür, ona hər ay buna görə 600 manatdan pul ödəmişdir. Ona görə də ona sonradan 1000 manat vermişdir. Ona 4000 manat borcu qaytarmışdır. İddiaçı hesablayaraq ona bildirmişdir ki, 1850 manat 4 ayın faizi qalmışdır. İddiaçıya 750 manat borcu qalmışdır.

Tədqiq olunan sübutlar:

6. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Kərimov X2 Malik Teymur oğlu ilə ticarət məqsədi ilə 3000 manat məbləğində borc pul aldığını, girov olaraq şəxsiyyət vəsiqəsini, maaş kartını və buraxılış vəsiqəsini verdiyini, 3 ay müddətində hissə-hissə qaytarcağına söz verdiyini, dostu X1 iştirakı ilə müqaviləni bağladığını bildirmiş, həmin müqavilə Cavabdeh və İddiaçı tərəfindən imzalanmışdır.

7. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh bacısının xeyir işi əlaqədar olaraq 1000 manat pula ehtiyacı olduğunu, 20 faiz ödəməklə hər ayın 26-da faizi ödəyəciyini, gecikmə olsa hər günü 1 manatdan ödəyəcəyini, 3 ay müddətində aldığı pulu bağlayacağını bildirmiş və həmin müqavilə Cavabdeh və İddiaçı tərəfindən imzalanmışdır.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

11. Tərəflərin məhkəmə iclaslarında verdikləri izahatları və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İddiaçı Cavabdeh 3000 manat məbləğində borc pul vermiş, onlar 3 ay müddətinə həmin borcun hissə-hissə ödənilməsi ilə bağlı razılaşmışlar.

12. Eyni zamanda xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış və tərəflər 3 ay müddətinə hər ayın 26-sı faiz borcunun ödənilməsi şərti ilə 20 faizlə 1000 manat pulun Cavabdeh verilməsi, gecikmə olduğu halda hər gün 1 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər.

13. Qeyd olunan müqavilələrin bağlandığını hər iki tərəf etiraf etmişdir.

14. Bundan başqa 12 oktyabr 2021-ci il tarixli müqavilədə “+1000 manat maşının tex pasportu, 22 noyabr 2021” ifadələri qeyd edilmişdir. Məhkəmə iclasında cavabdeh həmin qeydin ona məxsus olmadığını bildirmiş, iddiaçı isə həmin qeydi özünün etdiyini etiraf etmişdir.

15. Beləliklə iddiaçı cavabdehlə onun arasında 3 (üç) müqavilə bağlandığına, 1 (bir) müqavilə üzrə, yəni xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1000 manat məbləğində pul vəsaitinin ödənildiyinə,həmin müqavilə üzrə 750 manat faiz borcunun qaldığına, digər, yəni xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə borc məbləğinin ödənilmədiyinə 4000 (dörd min) manat məbləğində borcun qaldığına istinad edərək həmin pulun və ona hesabladığı faizlərin geri qaytarılmasını cavabdehdən tələb etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının “məlumatlar” adlı izahatı, habelə məhkəmə iclasında verdiyi izahatları, habelə iddia ərizəsində qeyd etdikləri əsasında müəyyən edilmişdir ki, iddiaçı əsas borc olaraq iki müqavilə üzrə, yəni xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3000 manat və həmin müqaviləyə xx.xx.2021-ci il tarixdə özünün qeydinə əsasən əlavə etdiyi 1000 manat məbləğində borcu tələb edir. Tələb edilən qalan 14400 manat məbləğində pul vəsaiti isə 4000 manat məbləğində əsas borca görə hesablanmış faizlərdir. 26 noyabr 2021-ci il tarixli müqavilə üzrə isə cavabdehdən hər hansı məbləğ tələb edilmir.

16. Məhkəmə ilk öncə iddiaçı tərəfindən tələb olunan əsas borc məbləği ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. Hazırki işdə də tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli müqavilə üzrə İddiaçı və Cavabdeh iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində borc pul vəsaitinin verilməsi, cavabdeh tərəfindən isə həmin məbləğin hissə-hissə qaytarılması barədə razılığa gəlmişlər. Həmin məbləğdə pul vəsaitinin verildiyini cavabdehdə etiraf etmişdir.

18. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehə vermiş və onlar ödənişlərin müddəti barədə razılığa gəlmişlər. Lakin cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

19. Məhkəmə iclasında cavabdeh həmin məbləğin tərəfindən tam olaraq ödənildiyini bildirsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

21. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

23. Hazırki halda iddiaçıya pul vəsaitinin verilməsini sübutetmə vəzifəsi iddiaçıya, həmin pul vəsaitinin ödənildiyini sübutetmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

24. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan 12 oktyabr 2021-ci il tarixli müqavilə ilə iddiaçı tərəfindən 3000 manat məbləğində pul vəsaitinin cavabdehə verildiyi sübut olunsa da, cavabdeh tərəfindən həmin məbləğin geri qaytarılması sübut edilməmişdir. İddiaçı cavabeh tərəfindən 26 noyabr 2021-ci il tarixli müqavilə üzrə ödənişlərin həyata keçirildiyini bildirmişdir.

25. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazısında qeydə alınan cavabdeh tərəfindən iddiaçıya ödənilən məbləğin isə konkret olaraq 12 oktyabr 2021-ci il tarixli müqavilə üzrə ödənildiyi aydın deyildir. İddiaçı ilə cavabdeh arasında digər müqavilənin, yəni 26 noyabr 2021-ci il tarixli müqavilənin də bağlandığı və iddiaçı tərəfindən həmin müqavilə üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı etirafı qeyd olunan səs yazısının həmin müqavilə üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı oldması qənaətinə gəlməyə əsas verir.

26. Tərəflər arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli müqaviləyə 22 noyabr 2021-ci il tarixdə əlavə olaraq qeyd edilmiş 1000 manat məbləğə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin qeyd iddiaçının özü tərəfindən müqaviləyə əlavə edilmişdir. Bu halı məhkəmə iclasında İddiaçı özü də etiraf etmiş, müqaviləyə məbləğlə bağlı dəyişiklik cavabdehin imzası ilə təsdiq edilməmişdir. Cavabdeh isə ümumilikdə iddiaçıdan 4000 (dörd min) manat məbləğində pul vəsaitini götürdüyünü (xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə), əlavə hər hansı məbləğ götürmədiyini bildirmişdir. Beləliklə iddiaçı 22 noyabr 2021-ci il tarixdə cavabdehə 1000 manat məbləğində pul vəsaitini verməsini sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin qeydin qarşısında “maşının tex pasportu” qeyd edilmiş, eyni zamanda ondan 4 (dörd) gün sonra, yəni xx.xx.2021-ci il tarixdə bağlanmış hazırki iş üzrə mübahisə predmeti olmasa da iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədə də borcun təminatı kimi maşının texniki pasportunun girov qoyulduğu qeyd edilmişdir. Sonrakı müqavilə üzrə texniki pasportun pulun təminatı olaraq iddiaçıya verilməsi tərəflərin imzası ilə təsdiq edildiyi halda, ondan öncəki qeyddə də iddiaçı texniki pasportun girov qoyulduğunu göstərmişdir.

28. Beləliklə işin müəyyən edilmiş halları ilə 22 noyabr 2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə 1000 (min) manat məbləğində pul vəsaitinin verilməsi öz təsdiqni tapmamışdır. 26 noyabr 2021-ci il tarixli müqavilə üzrə məbləğ isə hazırki iddianın predmeti deyildir.

29. Beləliklə məhkəmə hesab edir ki, iddia 3000 (üç min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində əsaslıdır.

30. Məhkəmə iddiaçı tərəfindən tələb olunan 14400 (on dörd min dörd yüz) manat məbləğində faiz borcuna münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli müqavilədə tərəflər borcun faizlərlə qaytarılmasını şərtləndirməmiş, faiz dərəcəsi, faiz dərəcəsinin miqdarı, hansı qaydada və şərtlərlə qaytarılmalı olması müqavilədə öz əksini tapmamışdır. Müqavilə şərtləri hər iki tərəfin iradəsi əsasında müəyyən olunur və müqavilədə qeyd olunan şərtlər barədə tərəflər razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Hazırki halda 12 oktyabr 2021-ci il tarixli müqavilə faiz məbləğinin ödənilməsini şərtləndirmədiyindən məhkəmə hesab edir ki, iddia 14400 manat məbləğində faiz borcunun ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

31. Məhkəmə iddianın hüquqi xidmət üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı ona hüquqi yardım göstərilməsi ilə əlaqədar 50 manat məbləğində pul ödədiyini iddia etsə də, bu halı təsdiq edəcək hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3100 (üç min yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar