Məhkəmə qərarları › İş №e-2(060)-1467/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1467/2025

14.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1467/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə etdiyi pulun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16300 (on altı min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 139 (bir yüz otuz doqquz) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 22 iyun 2023 il tarixdə yaxın tanışı Cavabdeh ona yaxınlaşaraq ağır vəziyyətdə olduğunu, pula ehtiyacının olduğunu bildirərək ona köməklik etməyini xahiş etmiş, ona verəcəyi pulu ona 5-6 ay ərzində qaytaracağına söz vermişdir. O, Cavabdeh 18000 (on səkkiz min) manat pul vermişdir. Lakin sonra ona məlum olmuşdur ki, Murad onu aldatmış, onun hər hansı pula ehtiyacı olmamış, məqsədi onu aldadaraq pulunu ələ keçirərək əsassız varlanmaq olmuşdur. O, Cavabdeh onu aldadaraq əldə etdiyi pulu tələb edərək ondan hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Cavabdeh 2024-cü il may ayında ona 1000 (bir min) ABŞ dolları (1700 manat ) qaytarmış və qalan pulu 1-2 aya qaytaracağına söz vermişdir. Lakin Cavabdeh əldə etdiyi puldan 16300 manatı bu günə qədər geri qaytarmır. Hətta Cavabdeh barəsində Sumqayıt Şəhər Polis idarəsinə də müraciət etmişdir. Lakin Sumqayıt şəhər Polis İdarəsinin 02 noyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işi rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan yayınır. Hesab edir ki, Cavabdeh mənə pulu qaytarmaq niyyəti yoxdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iki dəfəyə hissə-hissə 18000 manat pul vermişdir. 1700 manat pul qaytarmışdır. Polis orqanlarında təklif etmişdir ki, pul əvəzinə torpaq sahəsi versin. O da demişdir ki, baxarlar. Araşdırmış, lakin torpağın qiymətinin olmadığı müəyyən olunmuşdur. Əvvəldən belə bir razılıq olmamışdır. Bu günə kimi cavabdehlə əlaqəsi yoxdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, diskdə pulun verildiyi də görünür. Cavabdehin özünün də polis orqanlarında etirafı vardır. Video-görüntü 2023-cü ilin iyun ayının 22-nə aid olandır. Onlar cavabdehə təklif etmişdir ki, torpağı özü satsın pulunu versin. Lakin torpaq sahəsi Qax rayonunun ucqar kəndində yerləşir. Hər halda qiymətə malik olsa iddiaçı da istəyər ki, satılsın və ona pul gəlsin. Bir neçə ay müddətinə qaytarmaq adı ilə götürmüşdür. Lakin indi isə deyir ki, pulu yoxdur. Teymur bəy hissə-hissə qaytarmağı da cavabdehə demişdir. Lakin ümumiyyətlə hərəkət etmək istəmir. Mülki məcəllədə 3000 manatdan yuxarı borc məbləği olduqda notarial qaydada razılıq tələb olunur. Lakin məhkəmə praktikasında qeyd olunur ki, əgər müqavilə yoxdursa, bu əsassız varlanma sayılır. Hesab edirlər ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Aralarında notarial qaydada müqavilə və yaxud ümumiyyətlə yazılı müqavilə yoxdur. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ********** nömrəli, xx.xx.2025-ci il tarixli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 139 manat məbləğində dövlət rüsumu ödəmişdir. - xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X1 qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Sumqayıt şəhəri, Xəzər bağları massivi, fərdi evdə yaşayan İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəflərə göndərilməsi, hüquqlarının izah edilməsi, materialın saxlanılması üçün dəftərxanaya təhvil verilməsi qərara alınmışdır. - Həmin qərardan görünür ki, Cavabdeh izahatı alınmış, o, izahatında göstərmişdir ki, İddiaçı 2022-ci ildən birgə işlədiyi "BP"-nin servis şirkətində tanımışdır. Belə ki, həmin vaxt ortaq tanışı olan Samir adlı şəxs onları tanış etmişdir. Bir dəfə söhbət əsnasında İddiaçı ona iş zamanı xəsarət aldığını deyərək əliiliyi necə ala biləcəyini soruşmuşdur. Ona özünün 2021-ci ildə iş zamanı sağ əlindən xəsarət aldığını, 2022-ci ildə isə xəsarəti ilə bağlı ona 3-cü qrup əlillik verildiyini bildirərək bununla bağlı rəsmi qaydada hansı orqanlara müraciət edərək əlillik ala biləcəyini izah etmişdir. Beləcə aralarında sonradan dostluq münasibətləri yaranmışdır. 2023-cü ilin iyun ayında pula ehtiyacı yaranmışdır. Həmin vaxt İddiaçı 18000 AZN borca pul istəmişdir. O, Sumqayıt şəhəri, Xəzər bağlar massivi ərazisində iki dəfəyə olmaqla ümumilikdə ona 18000 AZN borca pul vermişdir. Ona bildirmişdir ki, qısa müddət ərzində borcunu qaytara bilməyəcəkdir. Bunun müqabilində lazım olarsa, Qax rayonu, Ləkit kəndində olan 2 ədəd 10 sot torpaq sahəsini ona verə biləcəyini demişdir. Sonradan İddiaçı aralarında olan şifahi razılaşmanı pozaraq torpaq sahəsini istəmədiyini, borcunu ona tam şəkildə qaytarmağını tələb etmişdir. 2024cü ilin may ayında İddiaçı 1000 ABŞ dolları (l700 AZN) pul qaytarmışdır. Qalanını da torpaq sahəsini onun adına keçirtməklə qaytara bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan aralarındakı yaranmış dostluq münasibətlərindən irəli gələrək ehtiyacı olduğunu bildirərək 18.000 manat pul almış, sonra isə həmin məbləğdən 1000 ABŞ dolları (1700 manat) qaytarmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 16300 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 16300 manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 139 (bir yüz otuz doqquz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar