Məhkəmə qərarları › İş №e-2(060)-1700/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1700/2025

01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1700/2025 01.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi-Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6312 manat pulun alınaraq iddiaçıya ödənilməsinə, həmçinin tərəfindən ödənilmiş 84 manat dövlət rüsumununun əvəzinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manatın cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh arasında ** ER *** dövlət qeydiyyat nişanlı Opel Vita minik markalı avtomobilə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə Cavabdeh 24 ay müddətinə hər ay 263 manat olmaqla cəmi 6312 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini müqavilə bağlanan gündən bu günə kimi icra etməmişdir. Hazırda onun 6312 manat borcu var. Lakin borcunu ödəmir. Ona görə də iddiaçı pretenziya qaydasında cavabdehə müraciət edərək 10 (on) gün müddətində aralarında olan müqavilənin şərtlərinin icra edilməsini, əks halda pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin o, buna məhəl qoymamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İddiaçı1 nümayəndəsi-Vəkil xx.xx.2025-ci il tarixində Elektron məhkəmə informasiya sistemində yerləşən elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli avtomobilin mülkiyyətçisi olan İddiaçı2 iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə təmin edilərək İddiaçı2 mülki işə iddiaçı qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 17 mart 2023-cü il tarixli, 787 №-li icarə müqaviləsinin surətindən görünür ki, icarə verən İddiaçı1 ilə icarə alan Cavabdeh arasında bağlanmış müqavilənin ödəniş qrafikinə əsasən icarəyə verən icarə alana 24 ay müddətinə, aylıq 263 manat hesablanmaqla, 6312 manat dəyərində avtomobili icarəyə verir. - xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə 6312 manat borcun ödənilməsi barədə xəbrədarlıq edilmişdir. - Nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, ** ER *** dövlət qeydiyyat nişanlı Opel Vita minik markalı avtomobilin mülkiyyətçisi İddiaçı2dır. - 13934 saylı qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixində Sumqayıt Regional Vəkil Bürosunun hesabına iddiaçı tərəfindən 325 manat pul ödənilmişdir. - AR-İİ№ 505296 saylı, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı2 Daşınmaz Əmlak istisna olmaqla harada yerləşməsindən asılı olmayaraq özünün bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digə şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipoteka (girov) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün dövlət idarələrində kooperativ, ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı1 etibar etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ** ER *** dövlət qeydiyyat nişanlı Opel Vita minik markalı avtomobilin mülkiyyətçisi İddiaçı2 AR-İİ№ 505296 saylı, xx.xx.2021-ci il tarixli etibarnamə üzrə hüquqlarını İddiaçı1 etibar etmişdir. İddiaçı1 17 mart 2023-cü il tarixli, 787 №-li icarə müqaviləsi ilə 24 ay müddətinə, aylıq 263 manat hesablanmaqla, 6312 manat dəyərində avtomobili Cavabdeh icarəyə vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini müqavilə bağlanan gündən bu günə kimi icra etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin Məcəllənin 700.2-ci maddəsinə əsasən, İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6312 manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 325 manatın cavabdehdən iddiaçıların xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə bildirir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13934 saylı qəbzdən də göründüyü kimi xx.xx.2025-ci il tarixində Sumqayıt Regional Vəkil Bürosunun hesabına iddiaçı tərəfindən 325 manat pul ödənilmişdir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 6312 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 84 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6312 manat pul, ödənilmiş 84 manat dövlət rüsumunun və 325 manat vəkil xərcinin əvəzi tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar