Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1701/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı hərracın etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı "xxxx" Firması cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı hərracın etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın etibarsız hesab edilməsi, cavabdehlərin üzərinə qanunvericiliyə uyğun olaraq hərracın yenidən keçirilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində "xxxx" MMC ilə yanaşı, Cavabdeh1 də cavabdeh qismində qeyd edilsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının iddia tələbi yalnız "xxxx" MMC-yə qarşı yönəlmişdir. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyriyaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini yönəltdiyi cavabdehi ərizəsində dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəqiq müəyyən edilməsi iddia ərizəsinin ərazi aidiyyatı üzrə hansı məhkəməyə aid olması məsələsinin həlli üçün də zəruridir. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı (cavabdehlərin üzərinə qanunvericiliyə uyğun olaraq hərracın yenidən keçirilməsi öhdəliyinin qoyulması) isə qeyd edir ki, “İcra haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Göründüyü kimi hərraclar ixtisaslaşdırılmış müəssisələr tərəfindən həyata keçirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ikinci hissədə də "xxxx" MMC-yə qarşı yönəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə Cavabdeh1 üçüncü şəxs qismində qoyulmaqla cavabdeh "xxxx" MMC-yə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı hərracın etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1 -ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Firması tərəfindən xx.xx.2024-cü il tarixli **********20 saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən "xxxx" Firması geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı hərracın etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı "xxxx" Firması tərəfindən xx.xx.2024-cü il tarixli **********20 saylı qəbz əsasında ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən "xxxx" Firmasına geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-1701/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1701/2024
30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver