Məhkəmə qərarları › İş №e-2(060)-1715/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1715/2025

31.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1715/2025 31.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı “iddiaçıların sahiblik və istifadəsində olan torpaq sahəsinə müdaxilənin qarşısının alınması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı “iddiaçıların sahiblik və istifadəsində olan torpaq sahəsinə müdaxilənin qarşısının alınması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən, iddiaçıların sahiblik və istifadəsində olan torpaq sahəsinə müdaxilənin qarşısının alınmasına və iddiaçılar X1 və İddiaçı2 hər birinə 2500 manat, İddiaçı3 isə 5000 manat dəyərində vurulmuş maddi ziyanın ödənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçının tələbi inzibati orqan tərəfindən müəyyən hərəkətlərin edilməsi ilə, yəni iddiaçıların sahiblik və istifadəsində olan torpaq sahəsinə cavabdeh orqan tərəfindən müdaxilənin qarşısının alınması və iddiaçılar X1 və İddiaçı2 hər birinə 2500 manat, İddiaçı3 isə 5000 manat dəyərində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı irəli sürlümüş tələblə bağlı işin ümumi və ya inzibati məhkəməyə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarına istinadən qeyd edir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçıların Sumqayıt bələdiyyəsi tərəfindən sahiliklərində və istifadələrində olduğunu iddia etdikləri torpaq sahəsinə cavabdeh orqan tərəfindən müdaxilənin qarşısının alınması ilə bağlıdır. Qeyd olunan mübahisə mülki xarakterə malik olmamaqla mülki məhkəmə icraatı qaydasında araşdırılmalı olan məsələ deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı qeyd olunan qərarının 7.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsi hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxmağa səlahiyyətli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. İddiaçıya izah olunsun ki, müvafiq tələbi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı “iddiaçıların sahiblik və istifadəsində olan torpaq sahəsinə müdaxilənin qarşısının alınması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı “iddiaçıların sahiblik və istifadəsində olan torpaq sahəsinə müdaxilənin qarşısının alınması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar