Məhkəmə qərarları › İş №e-2(060)-172/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-172/2025

13.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-172/2025 13.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya 2013-cü ildə vurulmuş ziyanın indiki dövrə uyğun indeksasiya olmuş fərqinin 200000 manatın, həmçinin 10 il üçün əldən çıxmış faydanın əvəzi olaraq 240000 manatın və dəymiş mənəvi ziyanın əvəzi olaraq 60000 manatın, cəmi 500000 manatın tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 790 manatın, vəkil ilə müqavilə üçün ödənilmiş 325 manat məbləğin, cəmi 1115 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, hazırki iş əvvəlki məhkəmə mübahisəsinin davamı olduğu üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdirlər. Məhkəmə işin aidiyyətinin düzgün olmadığını hesab edərsə, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilmişdir ki, İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Qeyd olunan qərarın 14-cü bəndində qeyd edilmişdir ki, hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin və vəkilinin izahatından müəyyən olunur ki, iddiaçı tərəfindən tələb edilən məbləğ onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Bundan başqa elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş vergi məlumatları ilə İddiaçı (VÖEN **********) fərdi sahibkar kimi vergi orqanında uçota alındığı müəyyən olunur. Cavabdehin də hüquqi şəxs olduğu nəzərə alındıqda məhkəmə, onunla İddiaçı arasındakı mübahisənin kommersiya mübahisəsi olması qənətinə gəlir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işdə subyekt tərkibi, hüquq münasibətinin xarakteri və mübahisənin predmetindən ibarət sadalanan üç qiymətləndirici meyarın bir-biri ilə qarşılıqlı bağlılığı olduğundan mübahisəyə ümumi məhkəmədə deyil kommersiya məhkəməsində baxılmalıdır. Bu səbəbdən mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar