Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2141/2025 08.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış pəncərənin və iki nəfəsliyin cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən, onun mülkiyyətində olan ünvan 2anında yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz açılmış 1 böyük pəncərənin və iki nəfəsliyin cavabdehin öz şəxsi vəsaiti hesabına sökülməsi, pəncərənin və nəfəsliyin bağlanaraq yerinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, o, torpaqlarının azadlığı uğrunda vuruşmuş və Qarabağ müharibəsi əlilidir. Cənab Prezident tərəfindən onlar qazilərə göstərilən diqqət və qayğı danılmazdır. Hazırki iddia tələbi üzrə də onun bu pozulmuş hüquqlarının bərpa edilməsində ümidi məhkəməyədir. ünvan 2anında yerləşən fərdi yaşayış evi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Uzun müddətdir ki, o və bacısının ailə üzvləri həmin evdə yaşayırlar. Sumqayıt şəhəri, 20-ci mikrorayon, Mətbuat küçəsi, 219 saylı ev mülkiyyət hüququ üzrə qonşuluqda yaşayan Cavabdeh məxsusdur. Hal-hazırda evdə onunla birlikdə oğlu Nümayəndə2 Qənbər oğlu və onun ailə üzvləri yaşayırlar. Cavabdeh bir müddət sonra qanunsuz və özbaşına olaraq onun həyəti istiqamətində bir böyük pəncərə dəliyi və 2 kiçik nəfəslik açaraq plastik pəncərələr qoymuşdur. Onun tələblərinə baxmayaraq, pəncərələri sökməkdən imtina etmişdir. Cavabdeh tərəfindən quraşdırılan pəncərələr yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikintitexniki normala ziddir. Bundan əlavə qeyd edilən pəncərədən həyətlərinə dəfələrlə siqaret kötükləri atılır. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onun və ailə üzvlərinin rahatlığı və istirahət hüququ pozulur. Qeyd edilən bu hal müəyyən narahatlığa səbəb olmaqla yanaşı şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdehin bu hərəkətləri yaşadığı evdən və həyətyanı sahədən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi aşkardır. Bundan əlavə cavabdehə aid faktiki cizgi planına əsasən həmin yerdə pəncərələr mövcud olmamışdır. Cavabdeh özü sonradan açmışdır.
İddiaya qarşı etirazın əsaslandırıldığı hallar:
3. Cavabdeh sonradan iddia tələbinə qarşı etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Onun evi iddiaçının evi ilə eyni vaxtda tikilmişdir. İddiaçı ev tikdirmiş və onların hasarı arasında 60 sm məsafə saxlamışdır. Hasardan sonra isə hasarla onun evi arasındakı məsafə 1.40 sm-dir. O vaxt iddiaçı görürdü ki, onun evində 1 pəncərə, 2 nəfəslik var, evini aralıda tikə bilərdi, yaxud onun həyəti tərəfə pəncərə qoymaya bilərdi. O da evini elə tikdirmişdir ki, onun da 2 pəncərəsi onun həyətinə baxır, həyətinin içi tam görünür. Onun pəncərələri ilə hasarının arası 3 metr təşkil edir, üstəlik pəncərələrinin ikisi də şəffaf şüşədəndir. Evi ilə evinin arasında 60 sm məsafə saxlamağı tikinti normalarına zidd olmuşdur. Cavabdehin evinin iddiaçının həyətinə baxan pəncərələrinin isə şüşəsi buzlu şüşədəndir. Yəni onun həyəti görünmür və onlar ümumiyyətlə o pəncərəni açmırlar. Nəfəsliklər isə döşəmədən 2 metr yüksəklikdə yerləşir və iddiaçıya heç bir maneçilik yoxdur. Siqaret iyi və işlənmiş qazlar barədə ərizədə göstərilənlər isə yalandır. Onun evində siqaret çəkən yoxdur.1975-ci il təvəllüdlü oğlu Abdullayev İsgəndər 2011-ci ildən birinci qrup əlildir, serebral iflicdir, zorla yeriyir. Onun özünün də 69 yaşı var, 20 ildir ki, ikinci qrup əlildir. Digər oğlu Aslan, ümumən heç bir ailə üzvü siqaret çəkən deyildir. O, evini də qanuni əsaslarla inşa etdirmişdir. Evin yerləşdiyi torpaq sahəsinin də 7 may 2014cü il tarixli, ******* saylı çıxarışı-mülkiyyət sənədi vardır. Dövlət Torpaq və XK tərəfindən torpaq sahəsinin planı və ölçü sənədləri, qonşu sərhədləri və s. müəyyən olunaraq təsdiq olunmuşdur. Ev isə AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 20 may 2019-cu il tarixli lisenziya ilə layihələşdirilmişdir. Yaşayış evinin planı tərtib olunmuş, evin sputnikdən çəkilişi həyata keçirilmiş, bütün texniki göstəricilər, evin ümumi görünüşü və s. layihədə öz əksini tapmışdır. Bundan əlavə, "xxxx" MMC Memarlıq planlaşdırma bölməsi tərəfindən EL-385/2019 11 saylı qeydiyyat nömrəsi ilə də ona məxsus fərdi yaşayış evi qanuni əsaslarla planlaşdırılmışdır. Beləliklə, iddiaçı özü ev tikintisinə dair noramaları pozaraq fərdi evlər arasında 5 m ara məsafəsi olmasını gözləməli olduğu halda evini onun hasarı arasında 60 sm məsafə saxlamış və üstəlik 2 pəncərəsini də onun həyəti istiqamətində açmışdır. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, qonşusunun qardaşı ilə nə etməli olduqları barədə söhbət etmişlər. Damdan yuxarı hissəyə nəfəslik deyilir. Bacısı müvəqqəti olaraq həmin ünvanda yaşayır. Onlar nəfəslik və görünməyən şüşə vurulmasını bildirmişdirlər. Onlar da kubik əvəzinə plastik qoyaraq gələcək üçün zəmin yaratmışdırlar. Evin sənədində qarşı tərəfin nəfəslik üçün icazəsi də yoxdur. Cavabdeh gecə hasara çıxaraq onun evinin şəkillərini çəkmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 21 iyun 2021-ci il tarixdə həmin evə köçmüşdür. 16 iyun tarixdə istirahətə getmişdir. Qarşı tərəfdə evə yoldaşı olmayan bir qadının köçdüyünü görərək bundan istifadə etmişdir. Evdə işlərin getdiyini görmüş, istirahətdən qayıtdıqdan sonra isə ümumiyyətlə yeni iki pəncərə görmüşdür. Onlar köçən zaman da pəncərənin yeri olmuşdur. Öncə də pəncərə açılmış, daha sonra təzyiqlərlə həmin pəncərələr bağlanmışdır. Onlar da bağlamağı demiş, lakin cavabdeh xanım bildirmişdir ki, yorğan, döşəyi vardır. Hava almasını və günəş düşməsini istəmişdir. O da yerli olduqlarını görərək razılamış, lakin rəngli və açılmayan şüşə qoyulmasını bildirmişdir. Qarşı tərəf də taybatay açılan və rəngli pəncərə qoydurmuşdur. Layihədə nədirsə, onu tikmişdirlər. Əgər nə isə etiraz var idisə, öncədən etiraz edə bilərdilər. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, iddiaçının iddia tələbi əsassız olmaqla yalanlardan ibarətdir. Onlar heç bir pəncərə yeri açmamışdırlar. İddiaçının tələbi onların ailəsinə qarşı əsassız iftiradır. Qarşı tərəf bildirir ki, siqaret kötükləri atılır. Lakin onlarda siqaret çəkən insan yoxdur. Ev 2021-ci ildə müvafiq icra hakimiyyətinin layihəsi əsasında 2023-cü ildə başa çatmış fərdi yaşayış evidir. Layihədə nə nəzərdə tutulmuşdursa, öz fərdi evlərini də ona uyğun tikmişlər. İddiaçının fərdi yaşayış evi Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına ziddir. Qonşu ilə arasında 60 sm məsafədə tikilmişdir. İddia da düzgün deyildir. Həmçinin onların bir pəncərəsi də onların qonşu məhləsinə baxır. Onlar evində istirahət edə bilmirlər. Tikinti gedən zaman mətbəxin pəncərəsini hörgü hörərək bağlamışlar. Pəncərənin şüşəsini də görsənməz şüşə etmişdirlər. Kiminsə darvazasına çıxmamışdır. Sadəcə məhkəməyə təqdim etmək məqsədi ilə şəkillər çəkmişdir.
Tədqiq olunan sübutlar:
7. 06.02.2025-ci il tarixli, **********52 nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2anında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam payda xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır.
Tətbiq edilən hüquq:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.0.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
11. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə görə iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 20-ci mikrorayon, ev 220 ərazisində yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İddiaçı ona məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahəsində inşa edilmiş 219 saylı evdən, onun fərdi yaşayış evinin həyətinə qanunsuz açılmış 1 böyük pəncərənin və iki nəfəsliyin cavabdehin öz şəxsi vəsaiti hesabına sökülməsi, pəncərənin və nəfəsliyin bağlanaraq yerinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəfindən quraşdırılmış pəncərə və nəfəsliklər yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir.
16. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalıdır. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla şəxsin üzərinə fərdi və həddən artıq yükün qoyulması ilə nəticələnməməlidir.
17. Mülki Qanunvericiliyin yuxarıda qeyd edilən (170, 171-ci maddələr) normalarının tələblərinə görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz
18. Hazırki halda iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən iddiaçının bağlanmasını istədiyi pəncərə nəfəslik hissəsi saxlanılmaqla plastik materialla bağlanmış, digər iki nəfəsliyin isə qalmasına iddiaçı özü də etiraz etməmişdir. Lakin pəncərənin nəfəslik hissəsinə qədər daş vasitəsilə bağlanmasını cavabdehdən tələb etmişdir.
19. Məhkəmə qeyd edir ki, pəncərənin və nəfəsliyin bağlanması barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin pəncərənin və nəfəsliklərin açılmasının iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyri-mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır.
20. Təqdim edilən foto şəkillərdən müəyyən edilir ki, cavabdehə məxsus mənzildə mövcud olan 3 (üç) ədəd nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Eyni zamanda iddiaçı tərəfindən həmin pəncərədən onun həyətyanı torpaq sahəsinə hər hansı tullantının atılması kimi istifadə edilməsini təsdiq edən hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. Belə olan halda həmin nəfəsliklərin mövcudluğu nəticəsində iddiaçının hər hansı bir hüququnu pozduğu müəyyən olunmur. Halbuki həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış fiziki və hüquqi şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər.
21. Hətta sökülməsi tələb edilən pəncərə nəfəslik hissəsinə qədər plastiklə bağlanmış olmasa belə torpaq sahələri arasında hasarın olması, tikilinin hasara bitişik olmaması, tikililər ilə hasar arasında müəyyən məsafənin olması, ən əsasda iddiaçının narahatçılıq kimi hesab etdiyi halın hasarın hündürlüyünü artımaqla aradan qaldırılmasının mümkünlüyünü nəzərə alaraq məhkəmə həmin pəncərənin və nəfəsliklərin mövcudluğunun iddiaçının hər hansı hüquq və mənafelərinə pozulmasına səbəb olmaması qənaətinə gəlir.
22. Bundan başqa məhkəmə həmin pəncərə və nəfəsliklərin tikilməsinin tikinti norma və qaydalarına uyğun olmaması ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
23. Həmin Məcəllənin 95-ci maddəsinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
24. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, iddiaçının sökülməsini istədiyi pəncərə və nəfəsliklərin mövcudluğunun iddiaçının hər hansı hüquq və mənafeyinə toxunması halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir.
25. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış pəncərənin və iki nəfəsliyin cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva