Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2166/2024 07.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 46620 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, **-UM-*** dövlət qeydiyyat nişanlı Audi Q7 markalı minik avtomobili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin avtomobili qardaşı Təhməz Mehralıyev idarə edirdi. xx.xx.2023-cü il tarixdə qardaşı Təhməz Mehralıyev həmin avtomobili idarə edən zaman Cavabdeh idarə etdiyi **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və qardaşının idarə etdiyi **-UM-*** dövlət qeydiyyat nişanlı Audi Q7 markalı minik avtomobili ilə toqquşaraq ona maddi zərər vurmuşdur. Faktla əlaqədar olaraq cinayət işi başlanılmış və cinayət tərkibi olmadığından xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Cavabdeh inzibati məsuliyyətə cəlb olunmuş və o, İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinmiş, 800 manat cərimə olunmuşdur. Hadisə zamanı ona məxsus olan **-UM-*** dövlət qeydiyyat nişanlı Audi Q7 markalı minik avtomobilə 46620 manat məbləğində zərər dəymişdir (xx.xx.2023-cü il tarixli ekspert rəyi). Cavabdeh könüllü olaraq avtomaşına vurulan zərəri ödəmək istəmir. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, dəymiş maddi zərərə görə 46620 manat məbləğində pul cavabdehdən tutularaq ona verilməlidir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, əlavə olaraq bildirmişdir ki, adətən bu tipli işlərdə özəl ekspertiza keçirilir, qarşı tərəf razı olmadığı halda məhkəmə ekspertizası keçirilir. İş materiallarında məhkəmə ekspertizası rəyi də vardır. Məhkəmə Ekspertizası Mərkəzinin rəyidir. Həmin nəqliyyat vasitəsi yeni və bahalıdır. Ekspertin müəyyən etdiyi məbləğ realdır. Cavabdeh könüllü olaraq ödəmək istəmir. Məhkəmədən yayındığı kimi borcu ödəməkdən də yayınır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Yol qəzasında günahkardır, lakin məbləğlə razılaşmır. Qiymətləndirmədə müəyyən edilən məbləğ yüksəkdir. İddiaçı tərəfindən ilk dəfə 10-15 min manat məbləğində ziyan olduğu bildirilmişdir. Ona yalnız buferin qopduğu deyilmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. Sumqayıt şəhər Polis İdarəsinin 05 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Opel Astra markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.2 və 334.3-cü maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt ŞPİ-nin DYPŞ-ə göndərilmiş, dəymiş maddi ziyanla bağlı mübahisə yarandıqda tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, Audi Q7 markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə müvafiq ekspert rəyi daxil olduqda, həmin rəyin surəti dəymiş maddi ziyanla bağlı olaraq mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarına müraciət etmək üçün tərəflərə verilməsi qərara alınmışdır.
7. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan TP ******* saylı inzibati tənbeh vemə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 03:08-də Sumqayıt şəhəri, Niyazi-Babək küçəsi kəsişməsində Opel Astra minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarə yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 800 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
8. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/7367 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan məlumatlara əsasən nəzəri hesablama yolu ilə təmiri rentabel hesab edilməyən, qəzadan sonra təxminən avtomobilin ümumi dəyərinin 40 faizi həcmində hissələrinin salamat qalması nəzərə alınmaqla 2017-ci il buraxılışlı, “Audi Q7” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 46620 (77698 manat – 40 faiz) manat müəyyən edilmişdir.
9. AD 631868 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2017-ci il olan Audi Q7 minik markalı avtomobil Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatda olan İddiaçı mülkiyyətindədir.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
13. Belə ki, iddiaçı mülkiyyətində olan **-UM-*** dövlət qeydiyyat nişanlı Audi Q7 markalı avtomobilin Cavabdeh idarə etdiyi “Opel Astra” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən barəsində 800 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş “Audi Q7” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 46620 (77698 manat – 40 faiz) manat müəyyən edilmişdir.
14. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən avtomobilinə dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir.
15. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
16. Mülki Məcəllənin yuxarıda adı qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
17. Məhkəmə qeyd edir ki, iş materialları ilə “Audi Q7” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər ödənilməlidir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/7367 nömrəli ekspert rəyi ilə nəzəri hesablama yolu ilə təmiri rentabel hesab edilməyən, qəzadan sonra təxminən avtomobilin ümumi dəyərinin 40 faizi həcmində hissələrinin salamat qalması nəzərə alınmaqla 2017-ci il buraxılışlı, “Audi Q7” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 46620 (77698 manat – 40 faiz) manat müəyyən edilmişdir.
20. Məhkəmə hesab edir ki, “Audi Q7” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, Məhkəmə Ekpertiza Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli rəyi sübut kimi götürülməlidir. Belə ki, həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmişdir
21. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 46620 (qırx altı min altı yüz iyirmi) manat pul vəsaiti İddiaçı xeyrinə ödənilsin. Cavabdeh İddiaçı 229,86 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva