Məhkəmə qərarları › İş №e-2(060)-2237/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2237/2023

20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2237/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ASC Cavabdeh qarşı «su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********000) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023cü il tarixinə 595 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus evdə müvafiq olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Göstərilənlərə əsasən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 595 manat borcun və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi məqsədilə onunla İddiaçı ASC-nın Abşeron Sukanal idarəsi arasında xx.xx.2021-ci il tarixdə 44035409 nömrəli müqavilə bağlanmış, **********000 abonent kodu açılmış və su sərfiyyatının ölçülməsi mövcud qanunvericiliyin tələbinə uyğun olaraq 4 nəfər olmaqla normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən cavabdehə işlətdiyi su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə borcun ödənilməsi tələbi ilə onun ünvanına hər ay bildiriş göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 595 manat məbləğində debitor borcu yığılıb qalmışdır. Cavabdeh su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə xx.xx.2021-ci il tarixindən 2023-cü ilin 28 fevral tarixinədək üçün 595 manat sərfiyyat-hesabat verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, üç ildir ödəniş etmir, lakin ailə tərkibi üç nəfərdən ibarət olduğu halda, borc 4 nəfər üzrə hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, Cavabdeh istifadə etdiyi xidmətlərə görə İddiaçı ASC-yə 667 manat məbləğində borcu vardır. Ünvanda 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır.

7. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli ünvan 1 ünvanına 44035409 nömrəli müqaviləyə əsasən açılmış **********000 abonent kodu üzrə ətraflı abonent kartından görünür ki, Cavabdeh su borcuna 372,4 manat, çirkab borcuna görə 159,6 və qanunsuz istifadəyə görə 135 manat məbləğində borc olmaqla, ümumilikdə 667 manat məbləğində borcu vardır.

8. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı məktubdan görünür ki, su və çirkab su xidmətlərindən istifadəyə görə yaranmış 595 AZN borc barədə xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 Cavabdeh məxsusdur. İddiaçı ASC tərəfindən həmin ünvana su sərfiyyatı və çirkab suların axıdılması xidmətləri göstərilmişdir. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti hesablanmış borcun ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

12. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Bundan əlavə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

14. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.

16. Həmin Qərarın 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.

17. Həmin Qərarın 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

18. İş materiallarından göründüyü kimi 2021-2023-cü illər ərzində abonentin ünvanına 667 manat (xx.xx.2021-xx.xx.2023-cü illər üzrə) borc hesablanmışdır. Həmin borc 4 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablanmışdır. Buna baxmayaraq, hazırda iddiaçı 595 manat borcun (xx.xx.2021-xx.xx.2023-cü illər üzrə) ödənilməsini tələb edir.

19. Halbuki, iddiaçı Cavabdeh, övladı və həyat yoldaşı – 3 nəfər olmaqla ünvan 1 ünvanında yaşayırlar.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

21. Belə olan halda, məhkəmə hesab edir ki, 595 manat borc 3 nəfər ailə tərkibi nəzərə alınmaqla, 480 manat (595-135 (cərimə borcudur) =460/4(nəfər)=115*3 (nəfər)=345+135 (cərimə borcu)=480) məbləğində müəyyən edilərək cavabdehdən tutulmalıdır.

22. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında fərdi yaşayış evi üzrə yaranmış borcun 3 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablanmasını mübahisələndirmədiyini və həmin borcun onun tərəfindən ödənilməsinə etiraz etmədiyini bildirmişdir.

23. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 480 (dörd yüz səksən) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

24. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 480 (dörd yüz səksən) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar