Məhkəmə qərarları › İş №e-2(060)-230/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-230/2024

06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-230/2024 06.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, delikt nəticəsində vurulmuş 3750 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 450 manat, həmçinin ödənilmiş 72 manat dövlət rüsumu olmaqla, cəmi 4272 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində hərəkət zamanı ona məxsus “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təqsirli xətası üzündən idarə etdiyi «Kia Ceed» markalı, **-DY- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı o və üç ailə üzvü yüngül xəsarət almış, idarə etdiyi avtomobilə ciddi ziyan dəymişdir. Cavabdehin törətdiyi əmələ görə Sumqayıt RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü tarixli (cinayət işi başlanılmasının rədd edilməsi haqqında) qərarı üzrə Cavabdeh əməlində AR CM-nin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığından cavabdehin barəsində İXM-nin 327.8-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi üçün Sumqayıt RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bununla da cavabdehin təqsiri üzündən onun idarə etdiyi avtomobilə maddi zərər dəyməsi faktı tam sübuta yetirilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının bərpa edilməsini istəyir. Texniki xidmət göstərən "xxxx" MMC tərəfindən avtomobilinə keçirilmiş baxış zamanı tərtib olunmuş xx.xx.2023-ci il tarixli qüsur aktından da göründüyü kimi idarə etdiyi “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci ilkin hesablamalara görə 8750 manat təşkil edir. 5000 manat sığorta şirkəti tərəfindən ödənilmişdir. 3750 manatla bağlı könüllü olaraq cavabdehdən dəfələrlə xahiş etsə də ödəniş etməmişdir. Yol nəqliyyat hadisəsi zamanı o, güclü ruhi həyacan keçirmişdir ki, bunun fəsadları hal-hazırda da sağlamlığında özünü göstərməkdədir. Belə ki, hadisənin necə baş verməsi anı tez-tez gözünün önündə canlanır və bu da öz növbəsində davamlı stress keçirməyinə səbəb olur. Bununla yanaşı dəfələrlə cavabdehə müraciət edərək avtomobilinə dəymiş maddi zərərin ödənilməsini tələb etmişdir. Lakin tələbinə əhəmiyyət verilməmiş, sui-istifadələr olmuşdur. Bu zaman onun mənəvi sarsıntılar nəticəsində əsəbləri pozulmuş, səhhətində problemlər yaranmışdır. Bu xoşagəlməz halın yaşanması ona mənəvi zərərin dəyməsi ilə nəticələnmişdir. Ona dəymiş mənəvi zərər əmlak xarakteri daşıyır və bu məbləği 500 manat civarında müəyyən edir. Hesab edir ki, bu məbləğ ağlabatandır və cavabdeh tərəfindən ödənilməsi mümkündür. Artıq beş aydan çox müddətdə o, avtomobilsiz qalmış və bu da onun işlərinin ləngiməsinə səbəb olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar sığorta şirkəti tərəfindən cəmi 5000 manat məbləğində sığorta ödənişi edildiyini bildirdi. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Qəza bilməyərəkdən olmuşdur. Sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir. Hadisə nəticəsində onun maşını da zərər görmüşdür. Qarşı tərəfin maşının bazar dəyəri on iki – on üç min manatdır. İddiaçının avtomobilinə onun təqsirinə görə zərər dəymişdir. Lakin, dəymiş zərərin məbləği ilə razı deyildir. Əgər iddiaçı sığorta şirkəti tərəfindən verilmiş 5000 manatı ona versə o özü iddiaçının avtomobilini təmir etdirə bilər. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələri ilə cinayət təqibinin və material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbri görülməsi üçün qərarı surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. - xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin verdiyi dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və göstərilən işlərin görülməsi və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün yekun məbləğ 8750 manat məbləğində müəyyən edilmişdir. - İş üzrə xx.xx.2023-cü il tarixli, 9/8410 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «Kia Ceed» markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar cəmi 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələri ilə cinayət təqibinin və material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbri görülməsi üçün qərarı surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Cavabdeh ziyanın məbləği ilə razı deyildir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8410 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallaında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 2008-ci il buraxılışlı “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 7950 manat müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 2950 manat həddində olması iş materialları ilə təsdiq olunur. Belə ki, iddiaçıya avtomobilinin zədələnməsi ilə əlaqədar cəmi 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8410 saylı rəyində avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7950 manat müəyyən edilmişdir. İddiaçıya avtomobilinin zədələnməsi ilə əlaqədar cəmi 5000 manat məbləğində sığorta ödənişi edildiyindən cavabdehdən 2950 manat pul tutularaq iddiaçıya verilməlidir. Odur ki, iddia qismən əsaslıdır. Mənəvi ziyanla bağlı tələblə əlaqədar isə məhkəmə hesab edir ki, iş materialları ilə, eləcə də məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı mənəvi ziyan vurması təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddia həmin hissədə əsassızdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, Cavabdeh ödənilmiş 49.50 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 35.12 manat, İddiaçı isə 14.88 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 2950 manat pul və ödənilmiş 49.50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 14.88 manat, Cavabdeh 35.12 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar