Məhkəmə qərarları › İş №e-2(060)-2314/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2314/2025

01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2314/2025 01.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı “X3” X5 nümayəndəsi X2 iştirakı ilə İddiaçı “X3” X6 Cavabdeh qarşı “müqavilə üzrə verilmiş əmlakın geri qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı “X3” X8 Cavabdeh qarşı “müqavilə üzrə verilmiş əmlakın geri qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli, 2022/ÖM/04707 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Кişi bərbərxanası” zərfinə daxil olan aktivlər, yəni güzgülü mebel dəsti, saç yuyan mebel dəsti, bərbər kreslosu, saç qurudan, saç kəsici, lampa ila sterilizator (xüsusiyyətləri 25 iyun 2022ci il tarixli təhvil-təslim aktında göstərilmişdir) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli aktla vətəndaş oğlunun “Кişi bərbərxanası” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və xx.xx.2024 tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Кişi bərbərxanası” zərfinə daxil olan aktivlərdən, yəni güzgülü mebel dəsti, saç yuyan mebel dəsti, bərbər kreslosu, saç qurudan, saç kəsici, lampa ila sterilizator təyinatı üzrə istifadə edilmədiyi aşkar edilmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-2/2-H-60626/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli “Кişi bərbərxanası” zərfinə daxil olan aktivlər natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, 2022/ÖM/04707 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə olunmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli aktivlərin natura şəklində cavabdehdən tutularaq Agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı “X3” X5 nümayəndəsi X4 izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək əşyaların onda olduğunu və iddiaçı tərəfindən gəlib apara biləcəklərini bildirmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan 25 iyun 2022-ci il tarixli, 2022/ÖM/04707 nömrəli “özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mühasibatlıq və Təyinat Filialı təhvil-təslim aktında göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür.

9. İş materiallarına əlavə edilmiş 25 iyun 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Cavabdeh güzgülü mebel dəsti:hündürlüyü 1,8 m, eni 1,2 m, bir tərəfdə rəf və çəkməcə, Komiforest M003-1 ədəd, saç yuyan mebel dəsti: hündürlüyü 1,8 m, eni 0,9 m, Komiforest Z003-1 ədəd, bərbər kreslosu: 360 dərəcə fırlanma funksiyası, ağır hidravlik nasos, Levao SC0002-1 ədəd, saç qurudan: peşəkar, gərginlik 220-240 V/50-60 Hz, güc 2000 Vt, hava axını- 28 İ/s (100,8 kub.m/saat), çəki 630 qr, Wahl 4340-1 ədəd, saç kəsici: dəyişdirilə bilən kliplər, saçın düzəldilməsi variantları, saç düzümü başlığının minimum uzunluğu: 1 mm, saç kəsim başlığının maksimum uzunluğu:3,5 mm, batareyanın ömrü: 70 dəqiqə, Wahl 100 Pro-1 ədəd, lampa ila sterilizator: gərginlik 220-240V- 50-60 Hz, Güc:8 W, lampanın işləmə müddəti 5000 saat, dezinfeksiya müddəti 30 dəqiqə, SKME UV-600-1 ədəd, elektrikli su qızdırıcısı: 50 litr, 1500 W, gərginlik 220-240V/50Hz, işləmə temperaturu diapazonu 25-75 dərəcə, güc 1,5 Kw, suya davamlılıq dərəcəsi İPX4, Royal 50L-1 ədəd, kreslo (iso stil, yumşaq dəst-3 ədəd), XİNLİ XL-211-1 ədəd, kondisioner 9000 BTU, soyuducu növü R410A, maksimum hava axını: 8,33 kub.m/dəq, soyutma rejimində güc 2640 Vt, istilik rejimində güc 2700 Vt, faza:bir fazalı, sürət sayı 4 Hisense AS- 09HR4SYDTU-1 ədəd verilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, özünəməşğulluğu təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixli, 04707 nömrəli müqavilə bağlanılaraq “Kişi bərbərxanası” zərfi çərçivəsində nəzərdə tutulan əmlak təqdim edilmişdir. Özünüməşğulluq proqramı çərçivəsində istifadəyə verilmiş aktivlərlə eyni növlü və keyfiyyətli əmlakın məktub təqdim olunan tarixdən 30 iş günü ərzində agentliyə geri qaytarılması tələb olunmuşdur. Əks təqdirdə sözügedən qaydanın 9.2-ci bəndinə və onunla bağlanılmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin naturada ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsi ilə tələb ediləcəyi bildirmişdir.

11. İş materiallarına əlavə edilmiş 04 mart 2024-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi barədə aktdan görünür ki, Cavabdeh agentlik tərəfindən verilmiş güzgülü mebel dəsti, saç yuyan mebel dəsti, saç qurutma feni, bərbər kreslosu, stul, saç kəsmə maşını, sterilizator, su qızdırıcı və kondisionerin təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

14. Həmin Məcəllənin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.

20. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

21. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən, öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir.

25. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.3., 24.4-cü maddələri).

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8-ci bəndinin İ, İİ, İİİ və İV yarımbəndlərinə əsasən agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

27. İşdə olan tərəflər arasından bağlanmış 25 iyun 2022-ci il tarixli, 2022/ÖM/04707 nömrəli özünəməşğulluğa kömək göstərilməsinə dair müqavilənin 2.2-ci bəndindən görünür ki, filial tərəflər arasındakı təhvil-təslim aktında (Müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözü gedən əmlakdan özünəməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.

28. Həmin müqavilənin 2.3-cü bəndindən görünür ki, filial özünəməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəailyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünəməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

29. Həmin müqavilənin 3.1.2-ci bəndindən görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən bu müqavilənin şərtlərinə 1 il müddətində əməl olunduğu halda filial əmlakı özünəməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verməlidir.

30. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 iyun 2022-ci il tarixli, 2022/ÖM/04707 nömrəli müqaviləyə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X8 tərəfindən Cavabdeh güzgülü mebel dəsti, saç yuyan mebel dəsti, saç qurutma feni, bərbər kreslosu, stul, saç kəsmə maşını, sterilizator, su qızdırıcı və kondisioneri natura şəklində verilmiş, cavabdeh həmin aktivləri təhvil almış, 1 ildən artıq müddət ərzində həmin əşyalardan təyinatı üzrə istifadə etmişdir.

31. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı Agentlik tərəfindən müqavilə şərtlərinə əsasən 1 il ərzində müvafiq qaydada monitorinq keçirilməli olduğu halda müqavilənin bu şərtinə əməl etməmiş və cavabdeh müqavilə ilə müəyyən edilmiş 1 il müddət keçdikdən sonra ona verilmiş əşyalardan üzrlü səbəbdən (yer olmadığından) istifadə etməmişdir.

32. Tərəflər arasında bağlanmış müqavilənin 3.3.4-cü bəndindən müəyyən edilir ki, özünəməşğulluğa cəlb olunmuş şəxs bu müqavilə əsasında verilmiş əmlakdan 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq filialın təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmalıdır.

33. Məhkəmə iclasında cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməməsi müəyyən edilmir.

34. Qanunvericiliyin, həmçinin tərəflər arasında imzalanmış müqavilənin yuxarıda qeyd edilən tələblərindən görünür ki, agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

35. İş materiallarından da göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin 3.2.1-ci bəndinə zidd olaraq müqavilə müddəti bitdikdən sonra monitorinqi həyata keçirərək akt tərtib etmişdir.

36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “X3” X5 Cavabdeh qarşı “müqavilə üzrə verilmiş əmlakın geri qaytarılması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilə bilməz.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı “X3” X5 Cavabdeh qarşı “müqavilə üzrə verilmiş əmlakın geri qaytarılması tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar