Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2649/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 27 iyun 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadbeh Cavabdeh 3400 (üç min dörd yüz) manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və cavabdeh bir-birini uzun müddətdir ki, tanıyırlar. Cavabdeh onun etibarını qazandıqdan sonra bu etibardan suiistifadə etməyə başlamışdır. Belə ki, cavabdeh ona maşın alıb-satmağı, bunun üçün müəyyən bir pul lazım olduğunu bildirmiş, onun da əlavə qazancının olması vədi ilə onu aldatmışdır. İddia ərizəsinə əlavə olunan “vatsap” yazışmalarından da göründüyü kimi, 01 avqust 2022-ci il tarixdə cavabdeh iddiaçıya bank kartı şəkli göndərmiş, iddiaçı isə öz növbəsində xx.xx.2022-ci il tarixdə 5000 AZN və 50 AZN olmaqla, toplamda 5050 AZN məbləğində pul vəsaitini cavabdehin şəklini göndərdiyi bank kartına köçürmüş və bu barədə çeklərin şəkillərini cavabdehə məxsus nömrəyə “vatsap” vasitəsi ilə göndərmişdir. Bununla da, cavabdeh əsassız olaraq varlanmışdır. Daha sonradan aldandığını başa düşən iddiaçı cavabdehə dəfələrlə pulu qaytarmasını tələb etmiş, onunla heç bir iş görməyəcəyini bildirmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə 850 AZN məbləğində pulu ona məxsus kart hesabına göndərmiş və bu barədə qəbzin şəklini iddiaçıya “vatsap” vasitəsi ilə göndərmişdir. Həmçinin, cavabdeh 800 AZN məbləğində pul vəsaitini də ona qaytarmışdır. Daha sonra o, cavabdehə dəfələrlə pulu qaytarmağını tələb etsə də, cavabdeh heç bir addım atmamış, ona ümumiyyətlə cavab verməmişdir. Buna görə də, o 3400 AZN pul vəsaitinin geri qaytarılmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vərərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi şəxslə cavabdeh arasında əməkdaşlıq olmuşdur. Belə ki, onlar bir müddət birlikdə ticarətlə məşğul olmuşlar. Cavabdeh isə iddiaçı ilə aralarında yaranmış etibardan sui-istifadə edərək iddiaçıdan borc üçün pul istəmişdir. İddiaçı da öz növbəsində cavabdehin bank kartına 5000 manat (beş min manat) və 50 manat (əlli manat) olmaqla pul vəsaiti göndərmişdir. Pulun bir hissəsi qaytarılsa da, 3400 (üç min dörd yüz) manat borc cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq qaytarılmamış və bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdurlar. Cavabdehin onlardan başqa digər şəxslərlə də oxşar məhkəmə işləri var. Onu da bildirir ki, məsələ ilə bağlı polisə müraciət olunmayıb. Məhkəmənin nəzərinə çatdırır ki, tərəflərindən təqdim etdilmiş diskdəki səs yazısında cavabdeh 850 manat pulu göndərdiyini bildirir. Cavabdeh ilk öncə çeki vurmuş, daha sonra isə iddiaçıya səs atmışdır. İddiaçı cavabdeh ona 850 manat pulu atdıqdan sonra qalan borcunu da istəyir. Səsdən də göründüyü kimi cavabdeh buna etiraz etmir. Onu da bildirir ki, digər qaytarılmış 800 manat pulla bağlı cavabdehin hər hansı sübutu olmasa da, iddiaçı həmin pulun qaytarıldığını etiraf edir. Ümumilikdə cavabdeh iddiaçıya olan borcundan 1650 manat qaytarmışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə aralarında uzun müddət ticarət münasibətləri olmuşdur. O, iddiaçıya satması üçün maşın vermişdir. O, maşını satmış və ödənişdə 6 ay gecikmə yaranmışdır. O, həmin gecikdirilmiş ödənişi istəmiş və iddiaçı da həmin gecikdirilmiş ödənişi qaytarmışdır. Bundan sonra iddiaçı da öz növbəsində sata bilmədiyi bir maşın ona satmağı üçün vermişdir. O, da həmin maşını satmış, onun da ödənişdə 15 gün gecikməsi olmuş və gecikmə pulunu 500 manat olmaqla ödəmişdir. Qeyd etdiyi ödənişlərin hamısı lombardda qeydiyyata alınmışdır. Onda olan məlumata görə, həmin lombard bağlanmışdır. Bildirir ki, iddiaçı tərəf ondan 18000 manatlıq maşın da almışdır. Həmin maşının pulundan 2 dəfə 5000 manat, ümumilikdə 10000 manat olmaqla ödəniş etmişdir. Yəni göndərilən 5000 manat həmin puldur. İddiaçı hazırda ondan qalan 8000 manat pulun faizini istəyir, yəni iddiaçı ondan maşının ödənişində etdiyi gecikmiş ödənişi tələb edir. Bir halı da qeyd edir ki, iddiaçı onun kartına pul göndərməyib, iddiaçı ona pulu lombardın qarşısında əlbəəl verib. O isə 800 manat və 850 manat pulu iddiaçıya köməklik məqsədilə verib. Belə ki, maşının pulunun gecikməsi nəticəsində iddiaçının 4000 manata yaxın faiz borcu yaranmışdı. Həmin faiz borcunun yarısı məbləğində iddiaçıya köməklik etmək məqsədilə ona təxminən 2000 manat pul verib. Əlavə olaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş diskdəki səs ona məxsusdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, ****18698633 nömrəli karta 5050 (5000+50) manat pul mədaxil edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məxsus 676867******2071 nömrəli karta 850 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında işgüzar münasibətlər olmuş, İddiaçı Cavabdeh ümumilikdə 5050 manat pul göndərmiş, cavabdeh həmin puldan 1650 manat iddiaçıya geri qaytarmış, eyni zamanda cavabdeh tərəflər arasında olan danışıqlarda qısa müddət ərzində qalan pulu da qaytaracağını iddiaçıya bildirmişdir. Lakin keçən müddət ərzində cavabdeh qalan pulu qaytarmaqdan imtina etmiş, beləliklə iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş whatsapp yazışmaları və audio diskdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 5050 manat pul göndərilmişdir. Cavabdeh həmin puldan xx.xx.2022ci tarixli ödəniş qəbzinə əsasən 850 manat pul ödəmişdir. İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında cavabdeh tərəfindən əlavə olaraq 800 manat pul ödənildiyini də etiraf etmişdir. Eyni zamanda cavabdeh iddiaçıya ünvanladığı səs yazılarında qısa vaxt ərzində ona pulu qaytaracağını bildirmişdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında iddiaçıya hər hansı pul verməli olmadığını və məhkəməyə bu barədə sübutlar təqdim edəcəyini bildirsə də, həmin iclasdan sonra məhkəmə iclaslarına gəlməmiş, o cümlədən iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin 800 və 850 manat olmaqla iddiaçıya ödənişlər etməsi, iddiaçıya ünvanladığı səs yazılarında qısa müddətdə pulu qaytaracağını bildirməsi onun iddiaçıya borclu (qalan pulu ödəməli olması) olduğunu etiraf edən hərəkətlər kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh isə bunun əksinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3400 (5050-1650) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 54 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pul və ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2649/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2649/2024
27.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver