Məhkəmə qərarları › İş №e-2(060)-2667/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2667/2023

31.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2667/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri, yəni İddiaçı və Cavabdeh arasında mütənasib ½ hissədə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2000-ci il təvəllüdlü Aytən və xx.xx.2007-ci il təvəllüdlü Orxan adlı iki uşağı vardır. Ailə münasibətləri ciddi şəkildə pozulduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-374/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında Sumqayıt şəhər nikah evində xx.xx.2005-ci il tarixdə, 1029 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Cavabdehlə bir mənzildə yaşamaq mümkün olmadığına görə 2018-ci ilin yanvar ayında uşaqları ilə yaşadığı mənzildən çıxmağa məcbur olmuşdur. Həmin vaxtdan bu günə kimi kirayədə yaşayırlar. Birgə nikah dövründə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 9 saylı evin üç otaqlı 23 saylı mənzilini əldə etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5932/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən həmin mənzildə mülkiyyət hüququ üzrə 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh payı müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, həmin mənzildə mülkiyyət hüququ üzrə 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Dövlət reyestrindən çıxarışdan görünür ki, xüsusi mülkiyyətdə olan mənzilin ½ hissəsi üzərində pay hüquqları xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Mənzildə mülkiyyət hüququ üzrə paylarının məlum olmasına, 5 ilə yaxın müddət danışıqlar aparmaqlarına baxmayaraq, ümumi mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Cavabdeh bazar qiymətinə uyğun mənzilin yarı dəyərinin pulunu ona vermir. Mənzili razılıqla satıb onun satışından əldə edilən pul vəsaitini aralarında bərabər bölünməsini də istəmir. Bu səbəbdən ilk öncə mənzilin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-452/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən mənzilin naturada bölünməsi mümkün olmadığına görə iddia təmin edilməmişdir. Bundan sonra öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5082/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Cavabdeh mübahisəni öz aralarında həll etmək üçün mediasiya təşkilatına gəlmir. Hər iki tələbinə məhkəmədə baxılarkən də məhkəmə iclaslarına gəlməmişdir. Göründüyü kimi cavabdeh aralarındakı mübahisəni könüllü olaraq həll etmək istəmir. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, tərəflərin birgə nikahda olduqları dövrdə əldə olunmuş mənzilin real bazar dəyəri 80000 manatdır. Məhkəmə qətnaməsi ilə tərəflər arasında pay bölgüsü müəyyən olunmuş, lakin əmlakın naturada bölgüsü baş tutmamışdır. İddiaçı tərəfindən payının alınması cavabdehə təklif olunmuş, uzun müddət danışıqlar aparılmış, lakin sonuncu razılıq verməmiş, həmçinin mediasiyada iştirak etməkdən də yayınmışdır. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh göstərdi ki, iddia tələbini qəbul etmir. Mənzilin satılmasını istəmir. Belə ki, mənzilin övladlarına qalmasını istəyir. Bu səbəbdən də iddiaçının mənzildəki payı alması barədə ona edilən təklifi qəbul etməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 9 saylı evin 23 saylı mənzilinin mülkiyyətçisi ½ hissədə İddiaçı, ½ hissədə Cavabdehdur. İddiaçı daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-452/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “ümumi əmlakdan payın naturada ayrılması” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5082/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsinə dair iddiası rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli əmlak tərəflərin ½ nisbətində paylı mülkiyyətindədir. Əmlakın naturada bölgüsü mümkün olmamış, iddiaçının öz payının dəyərinin ödənilməsi təklifinə, cavabdeh müsbət cavab verməmişdir. Məhkəmə, həmçinin, iddiaçının cavabdehə qarşı payının dəyərinin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etməsini və mübahisə üzrə məhkəmə qətnaməsinin çıxarılmasını tərəflər arasında paya uyğun kompensasiya barədə razılığın olmamasının bir daha təsdiqi kimi qiymətləndirir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Bu Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Bu Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin adlanılmasına riayət olunduğundan əsaslıdır. Belə ki, iddia maddi hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında göstərilən hüquqi mövqenin şərtlərinə cavab verir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 9 saylı evin 23 saylı mənzili açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul mənzilin paylı mülkiyyətçiləri, yəni İddiaçı və Cavabdeh arasında ½ hissədə mütənasib bölünsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar