Məhkəmə qərarları › İş №e-2(060)-2705/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2705/2025

14.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2705/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı iddia qaldıraraq Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-17124 reyestr nömrəli icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin, eyni zamanda hərrac prosesinin nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti arasında birinciyə illik 43,31 faiz hesablanmaqla 36 ay müddətinə 20000 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli 2022/3862 nömrəli kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə İddiaçı məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.055 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, 80.5 kv.m ümumi, 58.8 kv.m yaşayış, 21.7 kv.m köməkçi sahədən ibarət olan 3 otaqlı 3866A saylı bağ evində (Daşınmaz əmlakın reyestr №**********36-11301, qeydiyyat nömrəsi **********, 3.06.2022-ci il tarixli çıxarış) yerləşən əmlak "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin sonradan "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ödənilməyən borca görə ipoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.055 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3866A saylı bağ evi ünvanında yerləşən əmlaka tutma yönəldilməsini tələb etmişdir. Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-17124 reyestr nömrəli icra qeydinə əsasən, ipoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.055 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3866A saylı bağ evi ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.055 ha orpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3866A saylı bağ evi ünvanında yerləşən əmlakın qiyməti və kredit borcunun məbləği ilə bağlı mübahisələr mövcuddur. Belə ki, əmlakın qiymətinin və ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsi mümkün deyil. Ona görə də, icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin, eyni zamanda hərrac prosesinin nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, ölkə ərazisində daşınmaz əmlakın dəyəri və qiyməti sürətlə artdığı üçün ipoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.055 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3866A saylı bağ evi ünvanında yerləşən əmlakın dəyəri və qiyməti də hal-hazırda artmışdır. Mənzilin qiyməti və kredit borcunun dəqiq məbləği isə ancaq məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizası tərəfindən müəyyən edilə bilər. Bu səbəblə, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-17124 reyestr nömrəli icra qeydi və həmin icra qeydinin yaratdığı hüquqi nəticələr, eyni zamanda hərrac prosesinin nəticələri məhkəmə qaydasında mübahisələndirilir. İddiaçı Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-17124 reyestr nömrəli icra qeydini və onun yaratdığı hüquqi nəticələri, eyni zamanda hərrac prosesinin nəticələrini mübahisələndirmək hüququ var. ünvan 1 ünvanı ünvan 2əhər Məhkəməsinə müraciət edir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 17000 manat real pul götürülmüşdür. Dəbbə pulu ilə birlikdə borc 20000 təşkil edir. Borcunu mütəmadi ödəmişdir. Lakin ödənişlər faiz borcundan çıxılmışdır. Hərrac baş tutmuşdur, lakin evi satın almış bankın daşınmaz əmlaka mülkiyyət hüququnu göstərən sənədlərini əldə etməsi ilə bağlı məlumatı yoxdur.

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2024-cü ilin sonunda iddiaçı icra məmuru vasitəsilə məlumat almışdır ki, ev hərraca çıxarılmışdır. İpoteka predmetinə tutma bildirişi göndərilməmişdir. Tutma icra qeydinə əsaslanmışdır. Hərracda evin qiyməti 85000 manat olaraq müəyyən edilmişdir. Evin real bazar dəyəri 150000 manatdır. İddiaçının banka 29000 manat borcunun olması bildirilsə də, məbləğ daha azdır. İddiaçı həmin evdə qeydiyyatdadır və orada yaşayır.

5. Cavabdeh Sumqayıt Şəhər 4 saylı Notariat Ofisinin notariusu X1 ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını xahişı etmişdir.

Tədqiq olunan sübutlar:

6. "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/3862 nömrəli kredit müqaviləsindən görünür ki, borc verən bu müqavilənin 1.4-cü bəndində göstərilən məqsəd üçün borc alana 36 ay müddətinə illik 43,31 faiz ödəmək şərtilə 20000 manat məbləğində kredit verməyi, borcalan həmin müqavilə üzrə bütünn ödənişləri vaxtında həyata keçirməyi öz öhdəsinə götürmüşdür.

7. "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/3862-İP saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0,0550 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 80,50 kv.m ümumi, 58,8 kv.m yaşayış, 21,7 kv.m köməkçi sahədən ibarət olan 3 otaqlı 3866A saylı bağ evini 14 iyul 2022-ci il tarixli, 2022/3862 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

8. Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-17124 reyestr nömrəli icra qeydindən görünür ki, İddiaçı məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0,0550 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3866 saylı bağ evi ünvanında yerləşən əmlaka tutma yönəldilməli, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 29848,17 manat pul tutulmalıdır.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, ünvan 3 ünvanında yerləşən bağ evi üzərində mülkiyyət hüququ İddiaçı adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən borclu İddiaçı ünvanlanmış ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair 25 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, borclu İddiaçı 3862/2022 saylı kredit müqaviləsi üzrə öhdəlikləri 21 gün ərzində tam icra etmədiyi halda Azərbaycan Respublikası İpoteka haqqında Qanununun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır:

30. 6.1.4. notariusun icra qeydləri.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir.

“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X4 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.

13. Belə ki, iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 2022/3862 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətindən 20000 manat pul borc götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliyinin icrasının təmini üsulu kimi öz mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0,0550 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 80,50 kv.m ümumi, 58,8 kv.m yaşayış, 21,7 kv.m köməkçi sahədən ibarət olan 3 otaqlı 3866A saylı bağ evini "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı müqavilə üzrə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən üçüncü şəxs tərəfindən ipoteka predmetinə tutma yönəldiməsinə dair icra qeydinin verilməsi üçün ərizə ilə notariat ofisinə müraciət edilmiş, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-17124 reyestr nömrəli icra qeydi ilə İddiaçı məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0,0550 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3866 saylı bağ evi ünvanında yerləşən əmlaka tutma yönəldilməsi, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 29848,17 manat pul vəsaitinin tutulması qərara alınmışdır.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Sumqayıt şəhəri, Saray bağları massivi ünvanından yerləşən 3866A saylı ev və 0,0550 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam payda iddiaçıya məxsus olmuşdur və bu barədə xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılmışdır. Müqavilənin 9-cu bəndinə əsasən, ipoteka predmetinin satış üsulu açıq bazar və ya hərrac formasında olur. İpoteka predmetinin ilkin satış qiyməti tərəflərin iştirakı ilə real bazar münasibətlərinə uyğun xx.xx.2022-ci il tarixində bazar dəyərinə əsasən 40000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında həyata keçirilir.

15. Hazırda iddiaçı sözügedən icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş edir. Ləğv edilməli olmasının əsası kimi iddia ərizəsində əmlakın qiymətinin və ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsinin mümkün olmaması, ölkə ərazisində daşınmaz əmlakın dəyəri və qiyməti sürətlə artdığı üçün ipoteka predmeti olan əmlakın dəyərinin və qiymətinin hal-hazırda artması göstərilmişdir.

16. Bundan əlavə məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili icra qeydinin ləğv edilməli olmasının səbəblərindən biri kimi ipoteka predmetinə tutma bildirişinin iddiaçıya göndərilməməsini göstərmişdir.

17. Məhkəmə ilk növbədə iddiaçının ipoteka predmetinə tutma bildirişinin iddiaçıya göndərilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndi də nəzərdə tutur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır. Göründüyü kimi, tələbkar tərəfindən qeyd olunan normaların tələblərinə riayət edilmişdir. Çünki tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra,... borclu şəxsə təqdim olunmuş sayılır.

18. Bundan əlavə “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən dəlili əsassızdır.

19. Təsadüfi deyildir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin siyahısında, “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır.

20. Məhkəmə iddiaçının əmlakın qiymətinin və ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsinin mümkün olmaması, ölkə ərazisində daşınmaz əmlakın dəyəri və qiyməti sürətlə artdığı üçün ipoteka predmeti olan əmlakın dəyərinin və qiymətinin hal-hazırda artması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı, bank tərəfindən kredit borcunun ödənilməsi, əks təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı xəbərdarlıq bildirişini aldıqdan sonra, qanunda nəzərdə tutulmuş müddət ərzində borcun məbləğini məhkəmə qaydasında mübahisələndirməmişdir. Bu faktın özü icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir. Çünki qanunverici 20 gün müddəti ona görə müəyyən edib ki, icra qeydinin aparılacağına və ya borcun məbləğinə dair hər hansı etirazı olarsa, borclu həm kredit müqaviləsini, həm də borcun məbləğini ayrıca məhkəmə qaydasında mübahisələndirə bilsin. Əksinə, işdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi aldıqdan sonra göstərilən məsələləri mübahisələndirməmişdir. Bu da borcun mübahisəli olduğunu istisna edir və notarius tərəfindən icra qeydinin məhz bu əsasla verildiyini təsdiq edir.

21. Eyni zamanda tərəflər arasında bağlanmış yuxarıda adı qeyd edilən ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılaşması əsasında müəyyənləşdirilmişdir.

22. Beləliklə məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ-17124 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar