Məhkəmə qərarları › İş №e-2(060)-2757/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2757/2023

28.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2757/2023 28.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2, Cavabdeh və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin direktoru Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən əsassız olaraq əldə etdiyi İddiaçı MMCyə məxsus olan 25389 manat pulun, 2000.00 manat dəymiş zərərin və ödənilmiş 167 manat dövlət rüsumunun, ümumilikdə 27556.00 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin direktoru Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC-dən əsassız olaraq əldə etdiyi İddiaçı MMC-yə məxsus olan 25389 manat pulun, ödənilmiş 167 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödədiyi 500 manat xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (ev ünvanı Sumqayıt şəhəri, 6-cı mkr, ev 8, mənzil 7) 2021-ci ildən etibarən İddiaçı MMC-də sürücü-ekspeditor kimi fəaliyyət göstərmişdir. O, müəssisənin istehsal etdiyi məhsulları apararaq, Cənub bölgəsi üzrə dükanlara satıb pulunu isə yığaraq onlara ödəmişdir. Bu işin müqabilində də ona 5 % olmaqla zəhmət haqqı ödəyirdilər. Qeyd edir ki, onunla bağlı onda etibar qazanması üçün onu onlara təqdim edən onlarda rəhbər vəzifədə olan Şabanov Vüqar olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, onlar bir müddət öncə görmüşdürlər ki, hesabatda uyğunsuzluqlar yaranıb, pul əksikliyi var. Bu işi araşdıranda müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən yeyinti halı baş vermişdir. Bununla bağlı ondan izahat almış və o özü onlara etiraf etmişdir ki, bu günə kimi əməkdaşlıq etdiyi 19 dükandan aldığı pul vəsaitlərini - 25389 manat məbləğində pulu şəxsi məqsədləri üçün mənimsəmişdir. Onun bu hərəkətləri 3 ay ərzində davam etmişdir. Sonuncu dəfə də 03 oktyabr 2022-ci ildə etdiyi səfərdə, əldə etdiyi və şirkətə verilməli olduğu pulu eyni qaydayla ödəməyərək şəxsi məqsədləri üçün istifadə etmişdir. Həmin dükanların adları və onlardan alınan pul məbləğlərini siyahıya qeyd etmişlər və bunu özü də izahatda təsdiq edir və etiraf edir. Onlarda onun borclu olduğunu göstərən və sübut edən Cavabdeh alınan izahat var ki, onu da idddiaya əlavə etmişlər. Məhkəmədən kənar qaydada pulu geri tələb etsələr də, bu günə qədər də geri qaytarmamışdır. Bu gün məcbur qalıb pulu məhkəmə qaydasında tələb edirlər. Onu da qeyd edir ki, Cavabdeh, ondan öncə də başqa bir şirkət olan Veysəloğlu firmasında da işləmiş və həmin firmaya da eyni qaydada ziyan vurmuşdur, hətta bir-iki gün müddətində həbs də edilmişdir Qeyd etmək istəyir ki, o cavabdeh tərəfindən zərərə məruz qalmış və bunun nəticəsində də onun sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər dəymişdir. Ona görə də hesab edir ki, ona dəymiş zərər məbləği tam olaraq cavabdeh tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəf pulu mənimsədiyi barədə ərizəni hədə qorxu altında yazdığını bildirsə də, hədənin nədən ibarət olduğunu bildirmir, bununla bağlı hər hansı bir orqana müraciət etməsi barədə məhkəməyə sübut təqdim etməyib. Cavabdeh tərəfin yad insana məxsus evin əlindən çıxmaması üçün təxminən 26000 manat məbləğində borcu öz üzərinə götürməsi inandırıcı deyil. Bu baxımdan məhkəmə fərziyələrə inanıb qərar qəbul edə bilməz. Əlavə olaraq onu da bildirir ki, qarşı tərəf şirkətin qanuna uyğun şəkildə işləməməsini iddia edirsə, bununla bağlı aidiyyatı orqanlara müraciət edə bilər. Bu məsələ, hazırkı iddianın predmeti deyil. Bu iddianını predmeti cavabdehin mənimsədiyi puldur. Həmin pulun ödənilməsi üçün cavabdehə şərait də yaradılmış, lakin o, pulu ödəməkdən imtina etdiyi üçün iddiaçı məhkəməyə müraciət etməli olub. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin qeyd etdiyi qaimənin olmaması, cavabdehin əmək müqaviləsi əsasında işlməməsi də hazırkı iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. Bununla bağlı cavabdeh Əmək Müfəttişliyinə və ya Vergilər Nazirliyinə müraciət edə bilər. İddiaçı tərəf kimi, bu məsələdə onlar yalnız cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmirlər. Belə ki, cavabdehin qeyd edilən məbləğdə malı mənimsədiyinə dair izahatı var. Bundan başqa cavabdeh həmin pulu əmək haqqının əvəzi olaraq götürdüyünü bildirir. Lakin mənimsənilən məbləği aylara və günlərə böldükdə cavabdehin aldığı əmək haqqı etmir. Cavabdeh tərəf məhkəməyə ziddiyyətli ifadələr verir, ən əsası isə izahatında qeyd etdikləri ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilmir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Mənimsədiyi pulun etiraf edilməsi barədə ərizəni təzyiq göstərilməsi nəticəsində yazmışdır. Belə ki, qarşı tərəf ailəsini, uşaqlarını hədələyirdi. Onun guya mənimsədiyi məbləğ 25300 manatdır. Əslində o, iddiaçı tərəflə gətirdiyi malın 5%-ni və 1500 manat əmək haqqı alacağı barədə razılaşmışdılar. Buna baxmayaraq ona 1500 manat əmək haqqı verilmirdi, o, da gətirdiyi malın 5%-ni və əlavə vəsaitlər götürürdü. Bildirir ki, rəhbərliyin də bu barədə məlumatı var idi. Belə ki, 36000 manatdan 25000 manat məbləğində pul götürmüş və onlara da məlumat vermiş və ona 10000 manatı qaytardıqdan sonra işinə davam edə biləcəyini demişdilər. Qeyd edir ki, bu söhbətlər oktyabr ayının axırı olub. O, həmin ödənişi edə bilməmiş və özünə məxsus maşını Etibarın qardaşı oğlu Ülvinin adına keçirtmişdir. Hətta bunu etibarnamə ilə yox, birbaşa mülki qaydada müqavilə əsasında etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, əgər işlədiyi yerdə pul mənimsəyən insan olasaydı, o əldə etdiyi pulun hamısını mənimsəyərdi. Məhkəmənin nəzərinə çatdırır ki, onunla iddiaçı arasında əmək müqaviləsi bağlanmamışdır, o, qeyri-rəsmi işləyirdi, hətta ona vəd edilən əmək haqqı da verilmirdi. Qeyd edir ki, o, əldə etdiyi pulu almadığı əmək haqqının əvəzi olaraq götürmuşdür. Əlavə olaraq onu da bildirir ki, qaynatasının dostu Vüqar Şabanov zavodda icraçı direktor işləyir, əslində bu işi elə V.Şabanov ona təklif edib. Həmin vaxt ona şəxsi maşının olmalı olduğu bildirilmiş və o, qaynatasınının köməkliyi ilə özünə maşın almışdır. Bildirir ki, məhz həmin maşını Ülvinin adına keçirmişdir. Ülvi Etibarın qardaşı oğlu və onun yaxın dostudur. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, ona mənimsəmə olduğu barədə məlumat verilməmiş, sadəcə 10000 manatı qaytarmalı olduğunu bildirmişdilər. 9 oktyabrda ona mağazalarda mənimsəmə etdiyini bildiriblərsə, dekabr ayına kimi onu işdə saxlamaqları sual doğurur. Belə ki, onu həmin vaxt işdən çıxara bilərdilər. Daha sonra dekabr ayında bununla əlaqədar Polis Bölməsinə və Prokurorluğa müraciət etmişdilər, mənimsəmə məsələsini o zaman öyrənmişdir. Qeyd edir ki, o, özü ona edilən hədə-qorxu ilə bağlı heç yerə müraciət etməmişdir. Halbuki Etibar pulu ödəməyi üçün lazım gələrsə, iki qız övladını girov saxlaya biləcəyini də demişdir. Bununla bağlı şahidləri də var. Eyni zamanda ona 25000 manat mənimsədiyini qeyd etmədiyi halda V.Şabanovun evini əlindən alacaqları ilə onu hədələmişdilər. Əlavə olaraq onu da bildirir ki, bundan əvvəl özəl şirkətdə, ondan da əvvəl “Veysəloğlu” şirkətində işləmişdir. “Veysəloğlu” şirkətində işləyəndə geri qaytarma prosesində təxminən 14000 manat dəyərində problem yaranmışdı və oradan öz istəyi ilə çıxmışdı. Lakin o məsələ öz həllini tapmışdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 iddia ərizəsinə dair izahat verərək bildirdi ki, iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi hallara da məhkəməyə hər hansı bir inandırıcı və mötəbər sübut təqdim etməyib. İddiaçı ancaq cavabdeh tərəfindən verilmiş yazılı izahata istinad edir. Halbuki Cavabdeh o izahatı hədə qorxu altında yazdığını bildirir. İzahat verilən kimi Cavabdeh 8 gün inzibati qaydada həbs olunub. İddiaçı tərəf eyni zamanda xırda xuliqanlıqla bağlı qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad edir. Halbuki həmin qərarın preyudisial əhəmiyyəti yoxdur. Cavabdeh şikayəti nəticəsində həmin qərar ləğv də oluna bilər. Məhkəmənin nəzərinə çatdırır ki, Vergi Məcəlləsinin tələblərinə əsasən malın topdan satışını təsdiq edən sənəd elektron qaimədir. Eyni zamanda tərəflər arasında əmək, podrat və ya tapşırıq müqaviləsi bağlanmayıb, yol əmtəə qaiməsi yoxdur. İddiaçı tərəf iki il ərzində vergi ödənişlərindən yayınmaq üçün cavabdehi müqaviləsiz işlədib. Bu bir qanun pozuntusudur. Əslində mağazalara malın alınıb verilməsi zamanı müəyyən sənədlər hazırlanmalı və imzalanmalıdır. Verilən və alınan malların mövcudluğunu təsdiqləyən qaimələr olmalıdır. Bu məbləğ yalnız bir izahata istinad edilərək tələb edilə bilməz. Həmçinin müqavilə olmadan işləyən işçidən izahat alınması və onun məsuliyyətə cəlb olunması da sual doğurur. Vəkil qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh əməkdaşlıq etdikləri 19 mağazadan əldə etdiyi 25389 manat məbləğində pulu şəxsi məqsədləri üçün istifadə etdiyini etiraf etmişdir. Cavabdeh mənimsədiyi malların adlarını və məbləğini qeyd edərək ümumilikdə 25389 manat məbləğində pul mənimsədiyini bildirərək siyahı tərtib etmiş və imzalamışdır. İşdə olan Sumqayıt şəhər Prokurorluğunun 16 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Prokurorluğunda İddiaçı MMC-nin Cavabdeh barəsində şikayəti əsasında toplanmış material olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, HK-1/27 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh İddiaçı MMC-də işlədiyi müddət ərzində əməkdaşlıq etdikləri 19 mağazada aldığı pul vəsaitlərini - 25389 manat məbləğində pulu şəxsi məqsədləri üçün mənimsəmişdir. Bu hal Cavabdeh tərəfindən yazılmış və imzalanmış iltizamla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Məhkəmə onu da qeyd edir ki, cavabdeh 25389 manat məbləğində pul mənimsəməsinə dair izahatın onun tərəfindən yazılması, imzalanması və ya məzmununu mübahisələndirməmiş, lakin həmin izahatı hədə-qorxu altında yazdığını, həmin pulun əslində onun əmək haqqı olduğunu, borcunun əvəzində özünə məxsus avtomobili iddiaçı tərəfə verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iş materiallarında cavabdehin iddiaçıya məxsus pulu mənimsəməsini etiraf etməsi barədə özünün sərbəst iradəsinə əsaslanaraq yazılan izahat ərizəsindən ibarət sübutun mötəbərliyini şübhə altına alan hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad edən halları sübut edə bildiyindən Cavabdeh 25389 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi hüquqi xidmət göstərilməsi üçün ödənilən 500 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə bu halı təsdiq edən hər hansı sübut əlavə edilməmiş, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 167 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-6.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25389 (iyirmi beş min üç yüz səksən doqquz) manat məbləğində pul və 167 (bir yüz altmış yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar