Məhkəmə qərarları › İş №e-2(060)-2821/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2821/2025

05.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2821/2025 05.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, X1 qızının katibliyii lə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18500 manat borc məbləğinin və ödənilmiş 146 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh təxminən 10 il müddət olar ki, tanıyır. Cavabdeh işləri düz getmədiyini bildirərək, iddiaçıdan ayrı-ayrı zamanlarda ümumilikdə 18500 manat pul borca almışdır. Lakin geri qaytaracağını bildirsə də həmin pul vəsaitini geri ödəməmişdir. Bir müddətdən sonra cavabdeh iddiaçıya 18500 manat pulu tam şəkildə ödəyə bilməyəcəyini, lakin iddiaçıya banka kredit üçün müraciət etməyini, həmin krediti hər ay özü ödüyəcəyini təklif edərək söz vermişdir. Bundan sonra iddiaçı cavabdehin həmin borc məbləğini qaytara bilməyəcəyini, aldadığı üçün məcburiyyət qarşısında qalaraq, xx.xx.2023-cü ildə "xxxx"ASC-yə kredit üçün müraciət edərək, 18500 manat nağd kredit götürmüşdür. Kreditin ödənilmə müddəti 59 ay olmaqla, faizi ilə birlikdə ümumi borc 26845 manat 56 qəpik təşkil etmişdir. Lakin krediti götürməyinə baxmayaraq Cavabdeh verdiyi vədi yerinə yetirməmişdir. Ona görə də iddiaçı kredit tarixçəsinin qrafiki pozulduğu üçün gecikmə yaranır və bunun nəticəsində bankdan yenidən kredit götürmə problemi ilə üzləşir. Bu vaxtadək həmin kreditin ödənişləri hər ay iddiaçı tərəfindən ödənilir. Bugünədək iddiaçı dəfələrlə cavabdehdən kredit ödənişlərini vaxtında ödəməyi tələb etsə də müxtəlif bəhanələrlə krediti ödəməkdən yayınmışdır. Cavabdeh verdiyi pulları sübut edən dəlillər “Whatsapp” mobil tətbiqi vasitəsilə aralarında olan yazışmalar, həmin mobil tətbiq vasitəsilə ona göndərilmiş səs yazıları vardır. Cavabdeh aylıq ödənişi ödəyəcəyini bildirsə də, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu günədək borcun qaytarılması ilə bağlı etdiyi müraciətlərə hər dəfə bir bəhanə gətirərək, pulu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıda olan məlumata əsasən Cavabdeh Sumqayıt şəhəri 45-ci kvartalda yerləşən xəstəxanada işləyir. İddiaçı 04 sentyabr 2025-ci il tarixdə teleqram vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini, iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. 03 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini qəbul etməməklə yanaşı, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh eyni zamanda məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, o, boşanmışdır, 4 uşaq anasıdır. 02 fevral 2021-ci il – 30 noyabr 2024-cü il tarixlərdə SOCAR “Neft daşları” nda işləmişdir. İddiaçı ilə orada tanış olmuş, aralarında qeyri-rəsmi münasibət olmuşdur. Banka gecikmələri olduğundan, öz adına kredit götürə bilməmişdir. İddiaçı 2022-ci ildə ona 2500 manat borc vermişdir. Cavabdeh həmin borcu ayda 430 manat olmaqla ödəyə-ödəyə yenidən iddiaçıdan 2000 manat borc istəmişdir. İddiaçı da cavabdehə 1700 manat borc pul vermişdir. 2024-cü ilin əvvəlində bütün borcunu iddiaçıya ödəyib qurtarmışdır. İddiaçını işdən çıxarmaq istərkən, cavabdeh ona işdən azad olunmaması üçün yardım etmişdir. İddiaçı da bu səbəbdən minnətdarlıq olaraq 2024-cü ilin mart ayının 19 və ya 20-də Bakı şəhərində görüşüb, 1500 manat pulu geri almamaq şərti ilə ona vermişdir. Həmin ilin dekabr ayında iddiaçı cavabdehə bildirmişdir ki, keysəriyyə əməliyyatı ilə nəvəsi dünyaya gələcəkdir və geri qaytarmamaq şərtilə verdiyi pulu cavabdehdən geri istəmişdir. Cavabdeh həmin məbləği 28-29 mart 2025-ci ildə qaytaracağına söz vermişdir. İddiaçı isə 30 mart 2025-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı yenidən aralarında olan münasibətləri davam etdirməyi tələb etmiş, əks halda cavabdehi şantaj edəcəyini, aralarında olanları qohumqardaş, iş yoldaşları, övladlarına bildirəcəyi ilə cavabdehi hədələmişdir. Hazırda da bu kimi əməllərini davam etdirir. Oğlunun mobil nömrəsini ələ keçirərək ona zəng edərək, “telefonu anana ver” bildirərək cavabdehə təzyiqlər edir. İddiaçının cavabdehdən 18500 manat pulu tələb etməsi şər-böhtandır. Onunla münasibətlərini kəsdiyi üçün cavabdehə qarşı təzyiq göstərməkdir. 09 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, birinci dəfə cavabdehə 7000 manat, ikinci dəfə 9000 manat pul vermişdir. Cavabdeh pulların heç birini qaytarmamış, bankda ödənişlər yığılıb qalmışdır. İddiaçı məcbur qalaraq, bankdan pul götürüb bütün borcları qaytarmışdır. Hazırda cavabdehin ümumilikdə 17500 manat borcu qalmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı ilə Cavabdeh “Whatsapp” sosial şəbəkəsindən olan çıxarışdan görünür ki, İddiaçı qarşı tərəfə 18500 manatlıq kredit üzrə ekran görüntüsü göndərmiş, dəfələrlə kredit ödənişinin vaxtı olduğunu, borcu ödəməsini bildirmiş, cavabdeh isə hər dəfəsində müxtəlif vaxtlar qeyd edərək borcu ödəyəcəyini, iddiaçıya səbrli olmasını bildirmişdir. Eyni zamanda görünür ki, iddiaçı cavabdehə **********595270 nömrəli kart hesabı göndərmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD-diskdəki səs yazmalarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh “Whatsapp” sosial şəbəkəsində səs yazıları göndərilmiş, cavabdeh iddiaçıya borcunun olmasını təsdiq etmiş, borcu ödəyəcəyini, səbrli olmasını, əmək haqqı və bonusları alan kimi borcunu ödəyəcəyini bildirmişdir. - ödəniş qəbzlərindən görünür ki, 5167********9251 nömrəli kart hesabından 4127********5270 nömrəli kart hesabına 19 yanvar 2024-cü il tarixdə 279 manat, 25 iyun 2024-cü il tarixdə 150 manat, 08 iyul 2024-cü il tarixdə 250 manat, 04 oktyabr 2024-cü il tarixdə 90 manat, digər vaxtlarda isə 250 manat, 150 manat, 210 manat olmaqla, cəmi 1379 manat pul vəsaiti köçürülmüşdür. - "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı 12 iyun 2023-cü il tarixdə 59 ay müddətinə, 18500 manat kredit verilmiş, aylıq ödəniş 454,88 manat təşkil etmişdir. - "xxxx" ASC-yə ödənilmiş qəbzlərdən görünür ki, 819507 müştəri kodu ilə 04 iyul 2025-ci il tarixdə 465 manat, 08 may 2025-ci il tarixdə 462 manat və 08 iyun 2025-ci il tarixdə 465 manat olmaqla, cəmi 1392 manat kredit ödənişi edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında tanışlıq münasibəti olmuş, aralarında bağlanmış şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə 18500 manat borc pul vermiş, cavabdeh isə həmin borcdan ümumilikdə 2771 manat (1379 manat kart hesabına köçürməklə və 1392 manat kredit ödənişi etməklə) ödəniş etmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə, cavabdehin iddiaçıya bütün borcunu qaytaracağı ilə bağlı “Whatsapp” etirafına və səs yazılarına əsaslanaraq işin mübahisəsiz halı kimi qiymətləndirir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: (maddə 1092.1.) bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (maddə 1092.2.) Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. (maddə 1092.3.) Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. (maddə 1093.2.) 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların arasında olan şifahi razılaşmadır. Odur ki, cavabdeh iddiaçıya ondan aldığı pulun borc verənə qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən iddia qismən əsaslıdır. Cavabdeh iddia tələbini qəbul etməyərək aldığı pulu qaytardığını qeyd etsədə, etiraz və mülhaizələrinin əsasını sübut edə bilməmişdir. Belə ki, iddiaçı tələbində cavabdehin ona 18500 manat borcu qaldığını bildirsə də, cavabdeh tərəfindən ümumilikdə 2771 manat ödəniş olunması nəzərə alınaraq, cavabdehin hazırda 15729 manat ödənilməmiş borcunun qalması müəyyən edilir. Beləliklə, Cavabdeh İddiaçı 15729 manat məbləğində borcunun olması iş materialları ilə təsdiq edildiyindən, həmin borc hazırki günədək geri qaytarılmadığından, məhkəmə hesab edir ki, Cavabdeh 15729 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 124 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15729 manat borc və ödənilmiş 124 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar