Məhkəmə qərarları › İş №e-2(060)-308/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-308/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-308/2022 04.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 555 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 585 (beş yüz səksən beş) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, "xxxx"ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 2021-ci iİ tarixdə İdarə etdiyi "Mercedes Benz C240" markalı 90FZ142 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Ü,Hacıbəyov küçəsinin kəsişməsində hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə "X4" markalı ** PX *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib olunan X2 haqqında TP ******* saylı, 30.07.2021-ci il tarixli qərara əsasən "Mercedes Benz C240" markalı 90FZ 142 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisə yerindən yayındığına görə barəsində İXM 327.6cı maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "X4" markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərə görə PME ********** saylı sığorta şəhadətnaməsinə, 25 avqust 2021-ci il tarixli, İAS 211085 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 555 (beş yüz əlli beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasiətərinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta məbləğində subroqasiya hüququ yaranır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasına əsasən "Mercedes Benz C240" markalı ** FZ *** dövlət nişanlı avtomobilin sürücüsü Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığı üçün bu iş üzrə cavabdeh qismində cəlb edilməli və "xxxx" ASC tərəfindən ödənilmiş 555 manat sığorta ödənişi cavabdehdən subroqasiya hüququ qaydasında geri tələb olunmalıdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o hadisə baş verən zaman maşını kənara çəkərək iddiaçıya yaxınlaşıb polisə və sığortaya zəng etməyi təklif etmişdir. Lakin qarşı tərəf bunu qəbul etməyib ondan 200 AZN pul istəmiş və aralarında mübahisə yaranmışdır. O, da maşına minərək hadisə yerini tərk etmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, 90FZ142 dövlət qeydiyyat nişanlı "Mercedes Benz C240" markalı avtonəqliyyat vasitəsi 30.08.2020ci il tarixdən 30.01.2021-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan 12.08.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, "X4" markalı, 99PX358 dövlət nömrə nişanlı avtomobilə 555 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı X2 Haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 25 avqust 2021-ci il tarixli, 008063 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC-nin hesabına 555 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 947-08/21 SH nömrəli, 11.08.2021-ci il tarixli məktubdan görünür ki, "Mercedes Benz C240" markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə olunarkən 05.07.2021-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş yol nəqliyyat hadisəsində X1 idarə etdiyi "X4" markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Sumqayıt DYPŞ-nin əməkdaşının tərtib etdiyi İXP ******* saylı protokolda Cavabdeh yol nəqliyyat hadisəsi törədib hadisə yerini tərk etdiyi qeyd olunub. Bu səbəbdən "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunun 63.1 maddəsinə uyğun olaraq ödəniləcək sığorta ödənişinin Cavabdeh geri alınacağı məlumat üçün bildirilmişdir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilməli və ondan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək Cavabdeh 555 manat məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 555 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar